“Gözəgörünməz baltalar”ın “yaşıl soyqırımı”

post-img

Paytaxtın “ağ ciyərlər”ində qara ləkələr

Son illər Bakı şəhərinin simasının dəyişilməsi, burada müasir şəhərsalma prinsipləri əsasında tamamilə yeni yaşayış mühitinin formalaşdırılması və genişmiqyaslı yaşıllaşdırma layihələrinin həyata keçirilməsi ölkə siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Xüsusilə Prezident İlham Əliyevin təşəbbüs və göstərişləri nəticəsində paytaxtda yeni parklar salınıb, mövcud yaşıllıq zolaqları bərpa edilib, ictimai məkanlar sakinlərin istifadəsinə qaytarılıb.

Bütün bunlara baxmayaraq, ayrı-ayrı şəxslər tərəfindən qanunsuz ağac kəsilməsi, yaşıllıq sahələrinin dağıdılaraq yerində iaşə obyektlərinin, kommersiya tikililərinin və ya qeyri-qanuni parklanma zonalarının yaradılması kimi faktlar ictimai narazılığa səbəb olub. Bu hallar şəhər estetikası ilə bərabər, ekoloji təhlükəsizliyə də ciddi zərbə vurulması ilə nəticələnib.

Ötən həftə ərzində də paytaxt və regionlarda yaşıllıqlara qarşı vandalizm əməlləri davam etdirilib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin son məlumatlarına görə, bu müddətdə Bakıdan Oğuza qədər uzanan ərazilərdə ağaclar kütləvi şəkildə qanunsuz kəsilib, nəticədə təbiətə yüz minlərlə manatlıq ziyan vurulub. Xidmətin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron, Qax və Oğuz rayonlarında ciddi qanun pozuntuları aşkarlanıb.

Araşdırmalar zamanı Bakının Nizami, Səbail və Yasamal rayonlarında, Sumqayıt şəhərində, Abşeronun Masazır kəndində, eləcə də Qaxın Qazmalar və Tasmalı, Oğuzun isə Filfilli və Yaqublu yaşayış sahələri ətrafında ağacların qanunsuz kəsildiyi müəyyən edilib. Xidmətdən bildirilib ki, hər bir fakt üzrə dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquqi qiymət verilməsi üçün artıq hüquq-mühafizə orqanlarına göndərilib. Qurumun açıqlamasında təkcə son bir həftədə yaşıllıqlara vurulan ziyanın məbləğinin isə 133 min 140 manat olduğu bildirilib.

Yeri gəlmişkən, bu mövzuda yayılan başqa bir məlumatda paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsi ünvanında, təxminən, üç-dörd ay əvvəl yüksək gərginlik altındakı xeyli sayda ağac kəsilərək yerində müxtəlif təyinatlı obyektlər tikildiyi vurğulanıb. Badamdar qəsəbə icra nümayəndəsinin, eləcə də Səbail Rayon İcra Hakimiyyətinin açıqlamasında isə həmin torpağa vaxtilə mülkiyyət sənədi verildiyi üçün hər hansı qanunsuz tikinti aparılmasına dair iddiaların əsassızlığı qeyd edilib. Lakin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, həmin ünvanda araşdırma zamanı qeyri-yaşayış obyektinin inşası zamanı 15 ağac və 3 kol bitkisi kəsilərək təbiətə 22 min 740 manat ziyan vurulub və bu hal cinayət tərkibi yaratdığı üçün məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanan materiallar Baş Prokurorluğa göndərilib.

Şəhərləşmə və ekoloji tarazlıq

Ekoloq Qafar Hüseynovun sözlərinə görə, son illər Bakı şəhəri yalnız memarlıq baxımından deyil, həm də urbanistik yanaşma və şəhər mühitinin keyfiyyəti baxımından yeni inkişaf mərhələsinə qədəm qoyub. Müasir şəhərsalma prinsiplərinə əsaslanan layihələr, yeni parkların salınması, ictimai məkanların genişləndirilməsi və yaşıllaşdırma layihələrinin intensivləşdirilməsi paytaxtın simasını əhəmiyyətli dərəcədə dəyişib. Bu proseslər dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi formalaşıb və sistemli xarakter alıb. Xüsusilə Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslər nəticəsində şəhərdə ekoloji mühitin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Lakin bu gün müsbət dinamika ilə yanaşı, ciddi narahatlıq doğuran tendensiyalar da müşahidə olunur. Qanunsuz ağac kəsilməsi, yaşıllıq sahələrinin məhv edilərək kommersiya obyektlərinə çevrilməsi və ictimai istifadəyə məxsus ərazilərin özəlləşdirilməsi kimi əməllər törədilməklə şəhər ekosisteminə zərbə vurulur. Bu, estetik problem olmaqla bərabər, həm də ekoloji təhlükəsizlik, ictimai sağlamlıq və sosial ədalət məsələsi kimi diqqət çəkir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yuxarıda diqqətə çatdırdığımız son monitorinqləri də göstərir ki, yaşıllıqların məhv edilməsi ayrı-ayrı təsadüfi hallar deyil, daha geniş miqyaslı və sistemli problemlərin məntiqi nəticəsidir. Təkcə bir həftə ərzində paytaxtdan regionlara qədər müxtəlif ərazilərdə qanunsuz ağac kəsilməsi faktları qeydə alınması və təbiətə 100 min manatdan artıq ziyan dəyməsi də bunun bariz ifadəsidir. Bu faktların coğrafiyasının paytaxtın müxtəlif rayonlarını, o cümlədən Abşeron yarımadasını və regionları əhatə etməsi isə əsaslı narahatlıq doğurur.

Xüsusilə Bakının Nizami, Səbail və Yasamal rayonlarında qeydə alınan ciddi qanun pozuntuları şəhərin mərkəzi və strateji ərazilərində belə nəzarət mexanizmlərinin yetərli olmamasından xəbər verir. Badamdar qəsəbəsində baş verən hadisə isə bu problemin daha mürəkkəb tərəfini önə çəkir: bir tərəfdən torpaq mülkiyyəti sənədləri, digər tərəfdən isə ekoloji qanunvericiliyin tələbləri arasında ziddiyyət yaranır. Nəticədə isə 15 ağacın və bir neçə kol bitkisinin məhv edilməsi ilə ciddi ekoloji zərər baş verir.

Ekoloq-araşdırmaçı İslam Əfəndiyev elmi araşdırmalara əsaslanaraq bildirir ki, yaşıllıq sahələrinin dəyəri təkcə landşaft estetikası ilə məhdudlaşmır. Bir hektar yaşıllıq sahəsi ildə 4,6–6,5 ton karbon qazını udur və 3,5–5 ton oksigen istehsal edir. Orta ölçülü bir ağac gündəlik olaraq bir neçə insanın nəfəs alması üçün zəruri oksigeni gerçəkləşdirir. Bu isə hər bir ağacın şəhər ekosistemi üçün nə qədər dəyərli olduğunu göstərir. Ağaclar, eyni zamanda, havanı nəmləndirir, yay aylarında temperaturu aşağı salır və səs-küyü azaldır. Bu baxımdan hər bir ağac şəhər üçün “mikro-ekoloji stansiya” rolunu oynayır. Başqa sözlə, bu amil – yaşıllıq zolaqlarının artırılması yeni yaşayış massivlərinin salınmasında və inkişafında ən vacib addımlardan biri kimi dəyərləndirilir.

Lakin mövcud təcrübə göstərir ki, bir sıra hallarda iqtisadi maraqlar ekoloji dəyərləri üstələyir. İnzibati cərimələrin nisbətən aşağı olması bəzi sahibkarların bu cərimələri “iş xərci” kimi əvvəlcədən nəzərə almasına gətirib çıxarır. Bu isə hüquq pozuntusunu iqtisadi baxımdan “sərfəli təhlükəyə”ə çevirir. Nəticədə qanunvericiliyin preventiv (önləyici və qabaqlayıcı tədbirlər) funksiyası zəifləyir.

Abşeron yarımadasının yarı-quraq iqlim şəraiti yaşıllıqların qorunmasını daha da zəruri edir. İ.Əfəndiyevin fikrincə, bu ərazidə ağacların böyüdülməsi uzunmüddətli və resurs tələb edən prosesdir. Buna görə də artıq formalaşmış yaşıllıq fondunun məhv edilməsi yalnız cari deyil, həm də gələcək ekoloji balans üçün ciddi təhlükə yaradır. Digər tərəfdən, Bakıda nəqliyyat vasitələrinin sayının sürətlə artması atmosferin çirklənmə səviyyəsini sürətlə yüksəldir. Belə şəraitdə yaşıllıq sahələri şəhərin “təbii filtr sistemi” kimi çıxış edir. Lakin bu ərazilərin parklanma zonalarına və ya tikinti sahələrinə çevrilməsi ekoloji yükü daha da artırır.

Ekoloji cinayətə son!

Qeyd edildiyi kimi, paytaxtda avtomobillərin sayının getdikcə artması əlavə ekoloji təzyiq yaradır. Minlərlə nəqliyyat vasitəsinin yaratdığı karbon-oksid emissiyası onsuz da ağır olan şəhər mühitinə mənfi təsir edir. Monitorinqlər göstərir ki, intensiv nəqliyyat axını nəzərə çarpan ərazilərdə havada zərərli qazların miqdarı parkların içərisinə nisbətən dəfələrlə yüksək olur. Yaşıllıq sahələrinin parklanma yerlərinə çevrilməsi ilə bu problem daha da dərinləşir. Bu, bir tərəfdən qeyri-qanuni gəlir mənbəyinə çevrilir, digər tərəfdən isə şəhərin ekoloji balansını pozur.

Problemin kökündə hüquqi boşluqlarla bərabər, həm də ekoloji şüurun yetərincə formalaşmaması dayanır. Çünki təbiətə münasibət yalnız qanunla deyil, həm də əxlaqi norma ilə tənzimlənməlidir. Ona görə də ekoloji təhsil də məktəb dövründən başlayaraq davamlı şəkildə inkişaf etdirilməli, media vasitəsilə maarifləndirmə işi gücləndirilməlidir. Cəmiyyət ağacı sadəcə landşaft elementi kimi deyil, eyni zamanda, canlı ekosistemin ayrılmaz hissəsi kimi qəbul etməlidir.

Azərbaycan qanunvericiliyinə əsasən, ağacların qanunsuz kəsilməsinə görə cərimələr nəzərdə tutulur. Lakin praktiki nəticələr göstərir ki, bu mexanizmlər problemi tam həll etmir. Ekspertlərin fikrincə, irihəcmli zərər hallarında məsələ yalnız inzibati deyil, cinayət məsuliyyəti müstəvisində qiymətləndirilməlidir.

Dövlət başçısının bu istiqamətdə sərgilədiyi qəti mövqe diqqətəlayiqdir. Prezident İlham Əliyev açıq şəkildə bəyan edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmadan heç bir ağac kəsilə bilməz və bu qaydanı pozanlar ciddi məsuliyyətə cəlb olunmalıdır. Bu yanaşma göstərir ki, problem dövlət səviyyəsində strateji əhəmiyyət daşıyır.

Ekoloq Arif Əliyev bildirir ki, cəmiyyətin müəyyən hissəsi üçün ağac yalnız dekorativ element kimi qəbul olunur. Halbuki o, bütöv ekosistemin ayrılmaz hissəsidir. Bu baxımdan ekoloji təhsilin gücləndirilməsi, medianın maarifləndirici rolunun artırılması və ictimai nəzarət mexanizmlərinin genişləndirilməsi vacibdir. İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, ictimai iştirak olmadan ekoloji problemlərin həlli mümkün deyil.

Ekoloqun fikrincə, mövcud vəziyyət kompleks və çoxşaxəli yanaşma tələb edir. Bu məsələdə bir neçə əsas istiqamət – cinayət məsuliyyətinin sərtləşdirilməsi və tətbiqinin genişləndirilməsi, yaşıllıq kompensasiyası mexanizminin yaradılması, rəqəmsal monitorinq və süni intellekt əsaslı nəzarət sistemlərinin tətbiq olunması, şəffaf torpaq reyestrinin formalaşdırılması, ekoloji ekspertizanın gücləndirilməsi, nəhayət, alternativ nəqliyyat vasitələrinin təşviqi kimi məsələlər mühüm önəm daşıyır. Bu sahədə, xüsusilə, Skandinaviya ölkələrinin təcrübəsi göstərir ki, açıq məlumat bazaları və ictimai nəzarət qanunsuz müdaxilələrin qarşısını səmərəli şəkildə alır.

Bu gün Bakı artıq beynəlxalq səviyyədə tanınan şəhərlərdən biridir. Paytaxtın inkişafı iqtisadi və memarlıq göstəriciləri ilə bərabər, həm də ekoloji dayanıqlılığı ilə ölçülməlidir. Yaşıllıqların qorunması bu baxımdan milli təhlükəsizlik məsələsinə çevrilməlidir. Qanunsuz ağac kəsilməsi ilə mübarizə yalnız cərimə tətbiqi ilə məhdudlaşmamalı, kompleks hüquqi və ictimai mexanizmlərlə dəstəklənməlidir. Əks halda, qısa müddətli kommersiya maraqları uzunmüddətli ekoloji sabitliyi təhlükə altına ala bilər.

Beləliklə, şəhərimizin gözəlliyi, cəlbediciliyi təkcə yeni tikililərlə deyil, həm də qorunan təbiəti ilə ölçülür. Bu tarazlığı saxlamaq dövlətlə yanaşı, hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir. Yaşıllıqlara qarşı yönələn hər bir qanunsuz müdaxilə isə təkcə bugünün deyil, gələcək nəsillərin hüquqlarına qarşı yönələn bir addım kimi qiymətləndirilməlidir.

Bəxtiyar HÜSEYNOV,
ekoloq

Bakıda son illər yaşıllıqların qorunması ilə bağlı narahatlıq doğuran hallardan biri müxtəlif şəxslər tərəfindən ağacların qanunsuz şəkildə məhv edilməsi və həmin ərazilərdə iaşə obyektlərinin, ticarət köşklərinin, xidmət məntəqələrinin tikilməsi, eləcə də parklanma yerlərinin salınaraq qeyri-qanuni gəlir əldə edilməsidir. Bu cür hallar şəhərin ekoloji tarazlığına zərbə vurmaqla yanaşı, ictimai məkanların məhdudlaşdırılmasına və urbanistik mühitin pozulmasına səbəb olur.

Ağacların qanunsuz kəsilməsi təkcə təbiətə qarşı vandalizm deyil, eyni zamanda, şəhər sakinlərinin sağlamlığına və həyat keyfiyyətinə birbaşa təhdiddir. Çünki ağaclar havanı təmizləyir, tozu azaldır, temperaturu tənzimləyir və şəhər mühitində oksigen balansını qoruyur. Xüsusilə Bakı kimi sıx tikililərin üstünlük təşkil etdiyi, avtomobil sıxlığının yüksək olduğu bir şəhərdə yaşıllıqların azalması havanın çirklənməsini daha da artırır və isti aylarda şəhərin “istilik adası” effektini gücləndirir.

Məsələnin digər təhlükəli tərəfi ondan ibarətdir ki, bəzi hallarda ağacların məhv edilməsi məqsədli şəkildə həyata keçirilir, yəni əvvəlcə ağaclar zədələnir, qurudulur, sonra isə “qurumuş ağac” adı ilə ərazi təmizlənərək obyekt tikintisinə əlverişli şərait yaradılır. Nəticədə şəhərin ümumi yaşıllıq fondu zəifləyir, ictimai istifadəyə aid olan sahələr şəxsi qazanc mənbəyinə çevrilir.

Bu cür qanunsuz tikililər və parklanma yerləri təkcə ekoloji deyil, həm də hüquqi və sosial problem yaradır. Çünki vətəndaşların istirahət hüququ pozulur, piyada səkiləri daralır, avtomobil sıxlığı artır, şəhər infrastrukturu plansız şəkildə yüklənir. Üstəlik, qeyri-qanuni gəlir əldə edən şəxslər, faktiki olaraq, dövlətə məxsus və ya ictimai əhəmiyyətli torpaq sahələrindən istifadə edərək qanunvericiliyə laqeyd, biganə münasibət bəsləyirlər.

Bu problemin qarşısını almaq üçün nəzarət mexanizmləri gücləndirilməli, qanunsuz tikililərə qarşı sərt tədbirlər görülməli, ağacların kəsilməsinə görə cərimələr və hüquqi məsuliyyət daha ciddi şəkildə tətbiq olunmalıdır. Eyni zamanda, ictimai nəzarət artırılmalı, sakinlərin müraciətləri operativ araşdırılmalı, şəhərsalma qaydalarının pozulması hallarına göz yumulması praktikasına son qoyulmalıdır.

Ekoloji hüquqpozmalar ayrıca iqtisadi cinayət kateqoriyası kimi təsnif olunmalıdır. Xüsusilə qanunsuz ağac kəsiminə görə yalnız cərimə yox, azadlıqdan məhrumetmə sanksiyası tətbiq olunmalıdır, qanunsuz tikinti məqsədilə kəsilən ağaclara görə obyektin istismarına qadağa mexanizmi yaradılmalıdır, ekoloji zərərin məbləği bazar qiyməti ilə deyil, ekosistem xidmətlərinin dəyəri ilə hesablanmalıdır.

Kəsilən hər ağacın əvəzlənməsi mexanizmi indiki kimi formal xarakter daşımamalıdır. Bu məqsədlə mərkəzləşdirilmiş ekoloji kompensasiya fondu yaradılmalı, fond vəsaitlərinin istifadəsi ictimai auditdən keçirilməli, əvəzləyici əkilmə işləri üçün minimum 3-5 illik monitorinq öhdəliyi tətbiq edilməlidir. Bütün bunlarla bərabər, ekoloji məhkəmələrin yaradılması, tikinti icazələrinin məcburi ekoloji auditdən keçirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması, şəhərsalma planlarında minimum yaşıllıq normativlərinin sərtləşdirilməsi və ekoloji cinayətlərin ictimaiyyətə açıqlanması mexanizmi qurulmalıdır.

Beləliklə, Bakının yaşıllıqları təkcə dekorativ element deyil, şəhərin nəfəsidir. Bu nəfəsin boğulması isə gələcək nəsillərə daha çirkli hava, daha isti iqlim və daha ağır yaşam şəraiti miras qoymaq deməkdir. Yaşıllıqların qorunması həm dövlət qurumlarının, həm də cəmiyyətin ümumi məsuliyyətidir.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat