Azərbaycan tarının atası

post-img

Mirzə Sadıqcan–180

Milli musiqi düşüncəsini dəyişən və yeni mərhələyə daşıyan nadir sənətkarlardan biri də tarzən Mirzə Sadıq Əsəd oğlu Sadıqcandır. Sadıqcanın şöhrəti yalnız ölkəmizdə deyil, Qafqazın müxtəlif bölgələrində, o cümlədən İranda da geniş yayılıb, adı dövrün məşhur musiqiçiləri sırasında çəkilib. O, tarın konstruktiv imkanlarını genişləndirərək milli musiqimizin rəmzinə çevirib.

Sadıqcan tarın texniki imkanlarını təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırmaqla səs diapazonunu genişləndirib. Bu yenilik muğamların daha dolğun, emosional və zəngin çalarlarda ifasına şərait yaradıb. Sadıqcan ilk dəfə tarı diz üstündə deyil, sinədə çalmağa başlayıb. Bu üsul həm ifaçının səhnə davranışını dəyişib, həm də alətin səsinin daha güclü və təsirli yayılmasına imkan verib.

Şuşada fəaliyyət göstərən ədəbi musiqi məclisləri gənc Sadıqcanın formalaşmasında mühüm rol oynayıb. Xüsusilə Mir Möhsün Nəvvabın yaratdığı “Məclisi-fəramuşan” və “Məclisi-xanəndə”, eləcə də Xurşidbanu Natəvanın təşkil etdiyi məclislər dövrün tanınmış xanəndə və sazəndələrini bir araya gətirirdi. Sadıqcan da məhz bu yaradıcı mühitdə püxtələşərək, tar ifaçılığında özünəməxsus üslub formalaşdırıb.

Sənətkara verilən “can” təxəllüsü xüsusi məna daşıyır. Xalq rəssamı Lətif Kərimovun “Musiqi lüğətinin izahı” əsərində qeyd olunur ki, XVIII əsrdən etibarən Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda xalq tərəfindən sevilən və dəyər verilən xanəndə və sazəndələrə “can” kimi fəxri adlar verilirdi.

Mirzə Sadığın yaradıcılığında muğam üçlüklərinə xüsusi yer verilir. O, Hacı Hüsü və Ata Bağdagüloğlu ilə birlikdə muğam üçlüyü yaradıb, daha sonra Şuşanın məşhur xanəndəsi Məşədi İsinin üçlüyündə çıxış edib. XIX əsrin 90-cı illərində Məşədi İsi ilə Sadıqcanın Mərkəzi Asiyaya birgə səfərləri Azərbaycan muğamının geniş coğrafiyaya yayılmasında mühüm rol oynayıb. Aşqabad, Səmərqənd, Daşkənd və digər şəhərlərdə keçirilən xalq şənliklərində onların çıxışları böyük maraqla qarşılanıb.

Sadıqcan 1880-ci ildə Təbrizdə Nasirəddin şah Qacarın oğlunun toy mərasiminə dəvət olunub. Sadıqcanın xanəndə Hacı Hüsü ilə birlikdə apardığı möhtəşəm məclisdə Hacı Hüsü ən yaxşı xanəndə, Sadıqcan isə ən gözəl tarzən kimi Nasirəddin şah Qacar tərəfindən “Şiri-Xurşid” ordeni ilə təltif olunub.

Yaradıcı düşüncə sahibi olan Sadıqcan həm də bəstəkar idi. “Mahur–Hindi”, “Orta Mahur”, “Zabul Segah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segahı”, “Yetim Segah”, “Çoban Bayatı” kimi muğamların yaranması onun bəstəçiliyi və tar ifaçılığı ilə bağlıdır. Bu muğamlar təkcə melodik quruluşuna görə deyil, emosional dərinliyi və struktur zənginliyi ilə də Azərbaycan muğam irsində xüsusi yer tutur.

Sadıqcanın “Orta Segah” və “Bayatı-Şiraz” muğamlarına bir neçə rəng bəstələməsi muğamların ifa zamanı daha dolğun, daha təsirli səslənməsinə imkan yaradıb. “Kafkazskoye obozreniye” qəzetində dərc olunan fikirlər Sadıqcanın sənətinin regional miqyasını göstərir. Qəzet yazırdı ki, onun çalğısı səlis, ifasının cazibə qüvvəsi olduqca güclüdür.

1901-ci ildə Şuşada təşkil olunmuş Birinci Şərq konsertində Sadıqcan ilk dəfə tarda “Mahur” muğamını tək, solo ifa edib. Dövri mətbuatda “Qafqazın birinci tarzəni” kimi xüsusi olaraq bəhs olunan Sadıqcan Qarabağın musiqi beşiyi Şuşada yaşayıb-yaradıb. O, 1902-ci ildə 56 yaşında vəfat edib. Qısa ömür yaşasa da, Azərbaycan musiqi tarixində silinməz iz qoyub. Bu gün Sadıqcanın adı çəkiləndə tarın taleyini dəyişən, muğamın ifadə imkanlarını genişləndirən və milli musiqi yaddaşında əbədi yaşayan sənətkar yada düşür.

Ləman TƏHMƏZ
XQ

Mədəniyyət