18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
Mədəni tariximizin canlı şahidləri ümummilli sərvətdir
Hansı ölkənin mədəni irsinə nəzər salsaq, insanı qeyri-ixtiyari bir sual düşündürür: hündür divarlar, zərif minarələr, qoca qalalar nədən xəbər verir? Həqiqətən, tarixin özüdür onların müəllifi. Bəzən hökmü kəsərli, tişəsi sərtdir, ağır şərtləri diktə edir. Bəzən də pərgarı genişdir, xoş xatirələri naxışlarla canlandırır.
Zamanın reallığı hansı səmtə meyil etsə, sənətkarın çəkici də o tərəfə vurur. Müharibənin soyuq nəfəsi duyulan diyarlarda daşlar zireh geyinir. Alınmaz qalalar insanların pənah yeri olur. Sənətkar naxış vurmur, sipər yaradır. Uca hasarlar, düşmən gözündən gizlənən dar pəncərələr, sarsılmaz qala divarları şirin canı qorumaq təlaşının, nigaranlığın rəmzi olur.
Ancaq sülhün və ədalətin bərqərar olduğu məmləkətlərdə daş soyuqluğunu hərarət və gözəllik eşqi ilə ovudur. Ədalət yerini tapdıqda gizlənməyə ehtiyac qalmır, odur ki, binalar da qonağını qarşılamaq üçün təbəssüm edən ev sahibi kimi nur çöhrəsi ilə bayram libasına bürünür. İncə işlənmiş, zərif və ahəngdar ornamentlərdən ibarət abidələr, geniş, bəzənən meydanlar, hündür və işıqlı eyvanlar, insanların asudə vaxtında gəzişdiyi parklar da könül oxşayır.
Bəşər övladının keçmişinə, ulu babalarından qalan yadigarlara miras kimi baxıb, onları qorumaq təlaşına düşməsi heç də qədim dövrə təsadüf etmir. İnanmaq çətin olsa da, ötən əsrin ortalarına qədər abidələrin məhvi çox da təəssüf doğurmurdu. Yalnız 1950-ci illərdən etibarən dünya xalqları anladılar ki, bir abidəni itirmək, əslində tarixin ən qiymətli səhifəsini bağlamaq deməkdir. Bu məqsədlə, 1983-cü ildə 18 aprel tarixi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü elan edildi.
Vətənimizin hər qarış torpağı keçmişimizin daşlaşmış yaddaşı olan qədim mədəniyyət abidələri ilə zəngindir. Elə bir rayon, elə bir şəhər yoxdur ki, orada tarixin sınağından üzüağ çıxan, əcdadlarımızın hünərini simvolizə edən memarlıq incisinə rast gəlinməsin. Bu abidələr əzəli-əbədi torpaqlarımıza necə dərindən kök saldığımızın şahidləridir.
XII əsrə aid divarlarla əhatələnən, Şərq memarlığı üslubunda tikilmiş abidələrlə zəngin olan İçərişəhərdə tufanlara sinə gərən, əsrlərin yorğunluğunu sarsılmaz vüqarla daşıyan, Bakının rəmzinə çevrilən, 100 metrlik qayanın üstündə tikilən abidə ucalır. Onun adı “Qız qalası”dır. Xəzərin sahilində qoca qartal kimi sükuta dalıb. Nə xəzri, nə gilavar, nə də tarixin amansız çaxnaşmaları bu məğrur duruşu əyə bilməyib. Bəs nəyə görə məhz “Qız qalası”?
Bu sualın cavabı tarixin dərin qatlarında, hələ tam aşkar olunmamış sirlərdə gizlənir. Tarixi mənbələr deyir ki, qalanın bu gün dilimizdə əzbər olan adı əslində o qədər də qədim deyil. Arxiv sənədlərinin tozlu səhifələrinə nəzər salsaq, XIX əsrə qədər bu əzəmətli tikilinin adı “Xunsar” olub. Ehtimal edilir ki, bu adın kökləri yunanların “Asaru”, romalıların isə “Osiris” adlandırdığı qədim tanrılardan götürülüb.
Digər bir maraqlı mülahizə isə abidənin “Güzə qalası” adlandırılması ilə bağlıdır. Deyilənə görə, qala bir zamanlar qədim türk tayfalarının böyük ehtiramla sitayiş etdiyi işıq və od tanrısının müqəddəs məbədi olub. Daşların sükutunda sanki hələ də o qədim ayinlərin, oda və nura olan inamın izləri görünür. Bakının tacı sayılan bu tikili saysız-hesabsız hücumlara və mühasirələrə mərdliklə sinə gərib. Zamanın bütün təbəddülatlarına baxmayaraq, bu məğrur qala heç vaxt yağı tapdağına düşməyib, heç bir düşmən onun zirvəsini görməyib. Məhz bu fətholunmazlıq, bu yenilməzlik onu xalqın gözündə paklıq və məğrurluq rəmzinə çevirib.
Hərçənd bu uca divarlar ətrafında dolaşan çoxsaylı əfsanələr qalanın adını tarixin sərt üzündən daha çox romantik və həzin hekayətlərlə bağlayır. “Qız qalası”nın yaranması barədə xalq arasında gəzən rəvayətlərin əksəriyyəti məhz “qız” sözünün sirrinə işıq salır. Deyilənə görə, şah qızını sevmədiyi birinə ərə vermək istəyir. Çarəsiz qalan qız atasını öz qərarından daşındırmaq üçün ondan qüllə tikdirməyi və tikinti bitənədək gözləməyi xahiş edir. Lakin qala ucalıb başa çatsa da, şah inadından dönmür. Bu aqibətlə barışmayan qız isə qalanın zirvəsinə qalxaraq özünü dənizin coşqun dalğalarına atır. O vaxtdan xalq qızın dəyib parçalandığı qayaya “Qız daşı” adını verib və bu yer nişanlı qızların ümid yeri, ziyarətgahı olub.
Lakin xalq bu kədərlə barışmayıb, hekayəyə daha nikbin sonluq əlavə edib. Başqa versiyaya görə, qız özünü dənizə atdıqdan sonra sevgilisi şahdan intiqamını alıb, su pəriləri isə fədakar qızı ölümün pəncəsindən qurtarıblar. Nəhayət, iki sevgili qovuşaraq muradlarına çatıblar.
Qalanın daş yaddaşında təkcə yerli əfsanələr deyil, həm də bəşəri tarixin izləri həkk olunub. Rəvayətə görə, İsa Məsihin on iki həvarisindən biri olan müqəddəs Varfolomey məhz bu qalanın yaxınlığında edam edilib. I əsrdə Bakıya gələrək xristianlığı təbliğ edən həvarinin bu fəaliyyəti yerli bütpərəst tayfalar tərəfindən rədd edilib və o, qala divarları önündə canından keçib. Arxeoloji qazıntılar zamanı həvarinin şəhid olduğu yerdə ucaldılan məbədin qalıqlarının aşkar edilməsi qədim inancın tarixi köklərini daha da dərinləşdirir.
Qız qalasının sirri həm də onun “yaşındadır”. Bu abidənin neçə əsr əvvəl ucaldıldığı ilə bağlı elmi mübahisələr o qədər dərindir ki, irəli sürülən tarixlər arasında böyük fərq var. Qalanın yaşının Şumer dövründən başladığını iddia edənlərlə yanaşı, onun XII yüzillikdə inşa edildiyini deyənlər də var. Diqqət yetirsək, görərik ki, burada zaman fərqi bir neçə il və ya bir neçə əsr deyil, 3000 ildən artıqdır.
XII əsrə aid olduğunu deyən alimlər əsasən divarın üzərindəki mənbəyə söykənirlər. Ərəb əlifbası ilə həkk olunmuş həmin yazıda “Davudun oğlu Məsudun qülləsi” sözləri qeyd olunub. Yazının xətti və üslubu məhz XII əsrə yaxın olduğu üçün bir çox tədqiqatçılar qalanın elə həmin dövrdə inşa edildiyini düşünürlər.
Lakin məsələ bununla bitmir. Bir qrup alim isə qalanın tikintisində istifadə olunan materialları və memarlıq texnikasını önə çəkirlər. Onlar bu materialların Qəbələdə aşkar edilmiş və eramızın ilk əsrlərinə aid olan abidələrin materialları ilə eyni olduğunu bildirirlər. Belə çıxır ki, XII əsrdə qalanın üzərinə vurulan o kitabə tikintinin deyil, bəlkə də təmirin və ya bərpanın nişanəsidir. Bu ziddiyyətli faktlar və 2000-ci ildə abidənin UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsi Qız qalasını Bakının qədimliyini və strateji əhəmiyyətini dünyaya təsdiq edən sübuta çevirib.
Bu gün qalada addımlayarkən hər mərtəbədə tarixin bir dövrü ilə qarşılaşmaq mümkündür. Quraşdırılan elektron lövhələr vasitəsilə “Sərkərdə və rəqqasə”, “Su üzərində addımlayan gənc” və ya “Şahzadə qız və çoban” kimi məşhur əfsanələrin sehrli dünyasına səyahət edərək, bu qədim abidənin ruhunu daha yaxından hiss edə bilirik.
2001-ci ildə ölkəmizdə daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı tərtib olunub. Onlardan 6 min 308-i dövlət mühafizəsindədir. Bu ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi isə milli memarlıq ənənələrinin qorunub saxlanılaraq yeni layihələrdə tətbiqinə geniş imkanlar yaradır.
“Qız qalası” kimi taleyi “üzünə gülən”, dövlətin nəvazişi və dünyanın diqqəti ilə əhatə olunan “bəxtiyar” abidələrimizlə yanaşı, hələ də öz xilaskarını gözləyən, zamanın amansızlığına tab gətirməyə çalışan “talesiz” yadigarlarımız da az deyil.
Məsələn, Quba rayonunun Möhüc kəndində yerləşən Cümə məscidi, ya da Salyanın qədim yaşayış massivi olan Babazanlı qəsəbəsində bir-birinə bağlı silsilə tikililər... Hər ikisi sanki tarixin tozlu səhifələrində itib-batırlar.
Orta əsrlərin şahidi olan, sovet dövründə bərpa edilsə də, hazırda taleyin ümidinə buraxılan Səngəçal karvansarası indi o köhnə ehtişamından uzaq, baxımsız vəziyyətdədir.
Cənubi Qafqazın qədim məskənlərindən sayılan Göytəpə arxeoloji abidəsi də təhlükə altındadır. Təbii aşınma və illərin diqqətsizliyi minilliklərin yadigarı olan abidənin ilkin quruluşunu məhvə doğru aparır. Hətta yaxın günlərin – 12 aprel tarixinin acı xəbəri hələ də qulaqlarda cingildəyir: intensiv yağışlar nəticəsində Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmələrində ciddi çökmələr qeydə alınıb.
Laqeydliyin qurbanına çevrilən bu yadigarların taleyi bizim tariximizə olan münasibətin güzgüsüdür. Bütün bunlar göstərir ki, tarix həm də ağır bir məsuliyyətdir. Xalq isə öz keçmişinə sahib çıxdıqda yenilməz olur.
Fidan ƏLİYEVA
XQ

