Teatr fədaisi – Hüseyn Rafi

post-img

Elə aktyorlar var ki, zamanın burulğanlarında görünməz olurlar. Amma onlar heç vəchlə unudulmağa layiq deyillər, çünki milli teatrın yaşaması, inkişafı yolunda ömürlərini sənətə fəda ediblər. Belə sənətkarlardan biri də uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmış, saysız-hesabsız rollar oynamış aktyor Hüseyn Rafidir. Sənədlərdə Əlizadə Hüseyn Gülbala oğlu qeyd edilir, sənət aləmində isə Hüseyn Rafi kimi tanınır.

Rafi sözünün mənası “ucaldan”, “yüksəldən” deməkdir. Hüseyn Rafi yaratdığı obrazlarla sənəti də, adını da ucaldıb. Realist aktyor məktəbinin nümayəndələrindən hesab olunan Hüseyn Rafi 1908-ci ildə Bakının Buzovna qəsəbəsində dünyaya göz açıb. İlk təhsilini o dövrün bütün uşaqları kimi mollaxanada alıb. İlk müəllimi “Məcməüş-şüəra” ədəbi məktəbinin tanınmış şairlərindən olan Məhəmmədismayıl Asi olub. 9 yaşında ikən Alekseyev adına Ali İbtidai Məktəbə daxil olub və burada dörd il təhsil alıb. 2 il Şura məktəbində müxtəlif işlərdə çalışıb.

Aktyorluğa həvəs onu Mərkəzi Fəhlə Klubunun dram dərnəyinə gətirib çıxarıb. O, burada B.Talıblının “Kef içində”, Cəfər Cabbarlının “Aydın”, “Oqtay Eloğlu”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, S.S.Axundovun “Laçın yuvası”, Nəriman Nərimanovun “Şamdan bəy” tamaşalarında müxtəlif rollar oynayıb. Bu klubda Milli Dram Teatrının qüdrətli aktyorları Abbasmirzə Şərifzadə, Sidqi Ruhulla, Mirzağa Əliyev, Möhsün Sənani və digərləri mütəmadi olaraq iştirak edirdilər. Onlar Hüseynin istedadını görüb ona M.F.Axundzadə adına Teatr Məktəbinə (Texnikumuna) daxil olmağı tövsiyə edirlər. Yeniyetmə Hüseyn bu tövsiyəyə əməl edir və texnikuma daxil olur. Daha sonra Bakıda İşçi teatrlarının yardımçı aktyor heyətinin tərkibində çıxışlar edir.

1929-cu ildə texnikumu bitirən Hüseyn təyinatla Naxçıvan Dövlət Dram Teatrına göndərilir. Orada dörd il fəaliyyət göstərir və aktyor kimi püxtələşir. 1933-cü ildə Bakıya qayıdır və həmin il dekabrın 27-də Milli Dram Teatrına aktyor kimi qəbul olunur. Teatrşünas, professor İlham Rəhimli “Səhnəyə qovuşan cığırlar” kitabında yazır ki, zəhmətkeş və teatrdaxili intizamı həssaslıqla gözləyən Hüseyn Rafi teatrın baş rejissoru ilə məşqdə mübahisə etdiyinə görə 29 sentyabr 1952-ci ildə işdən çıxarılıb. 29 iyul 1953-cü ildə məhkəmənin qərarı ilə o, yenidən teatrda özünün aktyor ştatına qəbul edilib.

O vaxtdan ömrünün sonuna kimi Akademik Milli Dram Teatrında çalışan Hüseyn Rafi 70-dən artıq obrazı canlandırıb. Onun obrazlar qalereyası rəngarəngdir: C.Cabbarlının “1905-ci ildə” əsərində Ağayar, “Almaz”da Balarza, “Od gəlini”ndə Rəbi və Altay, “Aydın”da Qurban, “Yaşar”da Nüsrət, Mirzə Cəlilin “Ölülər”ində Şeyx Əhməd, Hüseyn Cavidin “Şeyx Sənan”ında Şeyx Kəbir, Səməd Vurğunun “Vaqif” dramında İlyas, Rəsul Rzanın “Vəfa” pyesində Cəfərqulu, Süleyman Rüstəmin “Qaçaq Nəbi”sində Cümşüd bəy, Sabit Rəhmanın “Toy” tamaşasında Salmanov, Mir Cəlalın “Mirzə Xəyal” tamaşasında İbad, Ənvər Məmmədxanlının “Od içində” tamaşasında Baftayi...

Rafi dünya dramaturqlarının əsərlərində də unudulmaz obrazlar yaradıb. Şekspirin “Qış nağılı”nda Hakim, “Otello”da Senator, “On ikinci gecə”də Fabian, “Kral Lir”də Osvald, “Romeo və Cülyetta”da Samson, “Maqbet”də Sivard, Lope de Veqanın “Sevilya ulduzu”nda Farfon, Pyer Bomarşenin “Fiqaronun toyu” tamaşasında Bartolo, Çexovun “Vanya dayı”sında xidmətçi, Şillerin “Qaçaqlar”ında Şüfferli və sair.

Hüseyn Rafi bütün həyatı boyu bir gün də olsun, teatrdan ayrı yaşamayıb. 1963-cü ildə rejissor Əşrəf Quliyev Sabit Rəhmanın “Toy” tamaşasına quruluş verir. O, bu tamaşada İbrahim obrazını canlandırır. Premyera 14 oktyabr 1963-cü ildə baş tutur. 1964-cü ilin əvvəllərində Hüseyn Rafi Şekspirin “Antonio və Kleopatra” tamaşasında Efroni rolunun məşqlərini edirdi. Lakin xəstəlik ona məşqləri başa çatdırmağa imkan vermir. “Antonio və Kleopatra”nın ilk tamaşası 23 aprel 1964-cü ildə nümayiş etdirilir. 10 gündən sonra isə Rafi gözlərini əbədi yumur.

Hüseyn Rafi cəmi 56 il ömür sürdü. Tanrının yazdığı ömrü Azərbaycan teatrına sərf etdi.

Bizim kənddə (Buzovnada) qocaman bir müəllim yaşayırdı – Abbasqulu Abdullayev. O, vaxtilə Bakıda “İttihad” məktəbində Almas Yıldırımla birlikdə oxumuş, Abdulla Şaiqdən, Seyid Hüseyndən dərs almışdı. Hüseyn Rafinin adını ilk dəfə ondan eşitmişdim. Danışırdı ki, Hüseyn Rafi son dərəcə ciddi, eyni zamanda dərin biliyə malik idi. Ağayana yerişi vardı, insanlar ona yaxınlaşmağa bəzən cürət etmirdilər. Kənardan öz rəğbətlərini, hörmət və ehtiramlarını ifadə edirdilər. Abbasqulu müəllimin xatirələri Ədəbiyyat Fondunda qorunub saxlanılır. Çox güman ki, o xatirələrdə Hüseyn Rafinin də adı keçir. İstərdim ki, həmin xatirələr geniş oxucu kütləsinə çatdırılsın.

Azərbaycan teatr tarixinə Hüseyn Rafinin də adı silinməz izlərlə yazılıb. Bu yazı da ötən əsrdə yaşamış, iz qoymuş daha bir sənətkarımızı gənc nəslə tanıtmaq niyyəti daşıyır.

Kənan HACI,
yazıçı-dramaturq

Mədəniyyət