Musiqili səhnənin sevimli gülüş ustası

post-img

Nəsibə Zeynalova – 110

Teatr və kinosevərlərin daha çox Cənnət xala (“Qayınana”) kimi pərəstiş etdikləri Xalq artisti Nəsibə Zeynalova 22 ildən bəri işıqlı dünyanı tərk etsə də, ürəklərdə, yaddaşlarda silinməz xatirəsi ilə yaşamaqdadır.

Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayi Cahangir tanınmış tacir və eyni zamanda milli realist aktyor məktəbinin banisi idi. O istəyib ki, Nəsibə də teatr sənətçisi olsun. Kərbəlayi Cahangir o günü görməsə də, qızı onun arzusunu həyata keçirib və Azərbaycanın çox sevilən aktrisası kimi tanınıb.

Gənc Nəsibə Rza Təhmasibin dram dərnəyində sənətə ilk addımlarını atıb. Sonra mövsümi səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Şəmsi Bədəlbəyli onun istedadını dəyərləndirib. 1938-ci ildə isə Nəsibə yenicə yaranan Dövlət Musiqili Komediya teatrının truppasına qəbul edilib və Bakı Teatr Məktəbinə daxil olub. Aylar, illər ötdükcə, komediyalarda, operettalarda oynadığı rollarla tanınıb və sevilib.

Adı çəkilən kimi səhnənin Qızbacı (“Hicran”), Cəhri xala (“Altı qızın biri Pəri”, Nazxanım (“Nazxanım naz eləyir”), kinonun Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qayınana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) kimi parlaq obrazları yada düşür və çöhrələrə təbəssüm qonur. Çünki o, məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldə, rolların xarakterini hərəkətdə (yeriş, duruş, oturuş, replika və sair) koloritli tərzdə verə bilib və bütün improvizələri çox təbii təsir bağışlayıb. Dövlət mükafatı, fəxri adı, orden və medalları Nəsibə Zeynalovanın bənzərsiz sənətinə verilən yüksək qiymətdir.

Azərbaycanın Lütfəli Abdullayev, Hacıbaba Bağırov, Səyavuş Aslan kimi sənət ulduzları onunla bir səhnədə və ya kino epizodunda olarkən özlərini, necə deyərlər, suda balıq kimi hiss edir, daha böyük həvəslə oynayırdılar. Tanınmış aktyor, mərhum Əməkdar artist Novruz Qartal (Əliyev) onunla bağlı xatirələrini danışanda deyirdi ki, Nəsibə xanımın evində boya-başa çatıb, onun çörəyini yeyib: “O mənə “oğlum” deyərdi, mən ona “ana”. Oğlu Cahangirlə həmişə bir yerdə olmuşuq. Nəsibə xanım ulduz aktrisa olmaqla yanaşı, nəcib ana idi. O, çox sadə, mehriban, müdrik insan olub. Nəsibə xanım heç zaman özünü yuxarıdan aparmayıb. Sənəti isə göz qabağındadır, bütün millət ona vurğundur. Biz Nəsibə xanımla bir çox qastrol səfərlərində olmuşuq, “Hicran”, “Məhəbbət oyunu” , “Gözün aydın”, “Durna” və bir çox tamaşalarda onunla tərəf müqabili idik”.

Bu da maraqlıdır ki, milli gülüş zirvəsi sayılan aktrisa ciddi xarakterli obrazlar yaratmaq potensialının lazımınca dəyərləndirilmədiyindən narazı qalaraq, rejissorların onu həmişə komik planda görməsindən gileylənib. Sonuncu dəfə Cahangir Novruzovla “Əmanət” tamaşası üzərində işləyib. Məşqlər başlansa da, aktrisanın səhhəti pisləşdiyi üçün bu səhnə işi yarımçıq qalıb. 10 Mart – Milli Teatr Günündə dünyaya əlvida deyib.

Düz 65 il teatrda çalışan aktrisa ömrünün son günlərində teatr üçün çox darıxaraq deyirmiş: “Heyif, Allah mənə möhlət versəydi, sağlamlığım yerində olsaydı, yenə də oynayardım”.

Bu günlərdə hansısa telekanalda növbəti dəfə “Qayınana” film-komediyası göstərilirdi. Yenə də həvəslə baxdıq. Böyük sənətkarın Fuad Poladov (Ayaz), Səfurə İbrahimova (Sədaqət), İlqar Namiq Kamal (İlqar), Tələt Rəhmanov (qardaşoğlu Əli), İnarə Quliyeva (Afət) və Tanilə Əhmərova (Sevda) ilə kadrlarda çıxardığı “pəstah”lara doyunca güldük. Bu ovqatda, ilk növbədə, Nəsibə Zeynalovanın əsərə bəxş etdiyi təbii kolorit dururdu.

Tamaşaçıların hər ifasını səbirsizliklə gözlədikləri və böyük rəğbətlə qarşıladıqları Nəsibə Zeynalova insanlara mənalı gülüş və bol sevinc bəxş edərək, sənəti ilə yumorun böyük tərbiyəvi əhəmiyyətə malik olduğunu yaradıcılığı boyu sübuta yetirib.

...Bakıdakı Birinci Fəxri xiyabana kiminsə ziyarətinə gedənlər orada unudulmaz Nəsibə Zeynalovanın məzarı üstündəki abidəsini görən kimi bir anlıq ayaq saxlayır, ruhuna ehtiramlarını ifadə edirlər. Bu, sənətkara əsl xalq sevgisinin təzahürüdür.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət