Çiçəkli kəndinə yağan yağışlar

post-img

Çiçəkli kəndinin adamları el-obanın qədrini yaxşı bilir. Doğma yerlərin dəyərini bildikləri üçün də insansevərdirlər. Bu kənd özəllikləri və bir çox əlamətləri ilə başqa kəndlərdən fərqlənir. Obanın adamları torpağa daha çox bağlıdır. Çiçəklinin cavanlarını şəhər, qocalarını isə torpaq özünə çəkir. Aşıq Veysəl gözəl deyib: “Mənim sadiq yarım qara torpaqdır”.

Doğulduğumuz yerin torpağı haqqında duyğularımızı hansı sözlə ifadə etsək, yenə azdır. Çünki o torpaqda izimiz var. Göbəyimiz o torpaqda kəsilib. Kökümüz o torpağa bağlıdır. Heç nəyi torpaqla müqayisə etmək mümkün deyil.

Çiçəkli kəndinin torpağı gül açanda insan kimi sevinir. Öz qoynunda bitirdiyi gülləri qoxlayan torpağın xoş halına! Bu torpağın təkrarsız gözəlliyi, Çiçəklinin adamlarının mənəvi zənginliyi zaman-zaman öz heyranlarını yetişdirir.

Kəndin ətəyində göz işlədikcə uzanan bərəkətli torpaq sahələrində çiçəklilər nə əkirsə, bitir. Əkdikləri ağacları və gülləri elə becərir, torpağa elə qulluq edirdilər ki, məhsulları aşıb-daşır.

Əkinçiliklə məşğul olduqlarına görə, münbit torpaqda məskən salıblar. Hər kəs öz təsərrüfatı daxilində əkdiyini əkir, biçdiyini biçir. Amma Çiçəklidə adamların min bir əziyyətlə əkib-becərdiyi torpaq sahəsinə bilərəkdən mal-qarasını ötürüb ziyan vuran kəmfürsət də varmış. O nanəcibin qeyri-insani hərəkətləri kəndin yaşlı sakinlərinin yaxşı yadındadır. Doğrudan da:

Adı üstündədir bütün bəşərin,
Adı üstündədir şeytanın, şərin.

...Çiçəkli kəndinə çatanda mülayim bir yaz günü idi. Kənddən biraz aralıda yerləşən əkin sahələrində böyük ruh yüksəkliyi hökm sürürdü. Sanki çiçəklilər əmək yarışına çıxmışdı. Onları işdən ayırmağa ürək etmədim. Ətrafı seyr etdim.

Elə bil, o yerlərdə bahar yağış kimi yağıb, çiçək kimi boy vermişdi. Buludların yağış hörüyü ana torpağın çiynindən aşağı tökülürdü. Biz uşaq olanda kəndimizdə də belə narın yağışlar yağardı. Biz o yağışa “günnü yağış” deyirdik. Bir yandan yağış yağır, bir yandan da yağışdan islanmış köynəyimizi elə bil, kimsə sıxıb qurudurdu.

Duyğularım bahar yelləri kimi Çiçəklini qarış-qarış gəzib dolaşdı. Yəqin ki, bahar gəlməsəydi, mən də bu yerlərə gəlməzdim deyə, bir anlıq düşündüm.

Yaşlı bir kişi hündür salxım söyüdün altında, torpağın üstündə oturmuşdu. Salxım söyüdün yamyaşıl budaqları ehmalca qocanın çiyinlərinə toxunurdu. Salamlaşıb görüşdük. Ağacın altındakı döşəkçələrdən birini götürüb yanına qoydu. Gəl, yaxın otur, qonaq qardaş. Qonaq Allah qonağıdır. Çiçəkli kəndinin adamları qonağı gül-çiçəklə qarşılayar və yedirib içirmədən buraxmaz, - dedi.

Qocanın nağılvari söhbətini maraqla dinləyirdim. O, kəndin tarixindən, təbiətindən və zəhmət adamlarından danışırdı:

- Çiçəklidə ilin bu çağında hər tərəfdə yaz cücərir, torpaq gül becərir. Burada buludlar qışda çiçəkləyir. Yazda isə lopa-lopa qar kimi yağır. Bir bax, ağaclarda qar kimi yağan nə qədər ağappaq çiçək var. Səmanı raketlərlə şumlamasalar, hamısı yayda şirin nübar kimi yetişəcək. Ulu göylərə də qayğı gərəkdir. Ulduzlar nə vaxtsa Tanrının hikmətilə toxum kimi səpilib, göy üzündə çiçək açıb.

Çiçəklidə diqqətçəkən cəhətlərdən biri də çiçəklər aləminin qərinələr boyu yaşamağı və davamlılığıdır. Dünyanın başqa guşələrində çoxdan məhv olub getmiş gül-çiçək növləri burada nəinki yaşayır, hətta get-gedə çoxalır.

Qonşu kənddə Allahdan qorxmayan bir məxluq yaşayırdı. İnsanlıqdan çox uzaq idi. Nə torpaqda izi, nə də süfrədə üzü vardı. Əlinə fürsət düşən kimi mal-qarasını qonşuların əkin sahəsinə, gülçülük təsərrüfatına ötürürdü. Özünün yazılmamış qanunları ilə yaşayırdı. Feodal əxlaq qaydaları onun həyatını pozdu. Ailəsi dağıldı. Özü də hansı cəhənnəmə getdi, heç bilən olmadı. İndi yurdunda bayquşlar ulayır.

Onun həyətində gərəksiz koldan başqa heç nə əmələ gəlmir. Çünki lənətlənmiş adamın əkdiyi də bitmir. Ora heç kim yaxın getmir. Sanki minalanmış bir əraziyə çevrilib.

Müdrik qoca dedi ki, həmin kolun adı kəndimizin adamlarının dilində başqa cür səslənir. Ona görə o kolun adının üstündən sükutla keçdik. Amma Türkiyənin ən böyük romançılarından biri olan Yaşar Kamal “İncə Məmməd” romanında o kolun adını “Süpürüm kolu” kimi qeyd edib. Romanda oxuyuruq: “Süpürüm kolu ən pis, ən bərəkətsiz torpaqlarda bitir. Belə torpaqda ot bitməz, ağac bitməz, hətta eşşək ənciri də bitməz. Ancaq süpürüm kolu bol-bol bitər, böyüyər, artar. O qədər sıx bitər ki, üstündən iynə atsan, yerə düşməz”.

Həmsöhbətim də qeyd edirdi ki, o kolun turş və xoş olmayan qoxusu var. Onun qoxusu o qədər ağırdır ki, heç budağına quş da qonmur. Süpürüm kolunu suya atsan batmaz, oda atsan, yanmaz. Dünyanın işi belədir. Təbiət torpaqda gül də bitirir, tikan da yetirir.

...Gözəl Çiçəkli kəndinin qoynundan çıxanda göylərin üzünü buludlar almışdı. Havadan narın-narın yağış ələnirdi. Ağac da, daş da, ot da burda gül kimi ətir saçırdı. Günəşə boylanan gözəlliyi gördükcə ürəyim tumurcuq kimi açılırdı. Evlərin navalçaları ney kimi səslənir, nəğmələnirdi. Sanki yağan yağış deyildi, göydən üstümə gül-çiçəyin ətri çilənirdi.

Birazdan şəhərə üz tutmalıydım. Özüm Çiçəklidən ayrılıb şəhərə dönsəm də, könlüm o yerlərdən dönmürdü.

Həzi HƏSƏNLİ,
şair-publisist

Sosial həyat