328 kilometrlik sərhəd Ankara–İrəvan dialoqunda Bakının maraqlarının uzlaşma müstəvisidir
Ermənistan sərhədçiləri Türkiyə ilə dövlət sərhədində yerləşən “Axurik” nəzarət-buraxılış məntəqəsində rus sərhədçilərini əvəz ediblər. Bu barədə fevralın 26-da Ermənistan Nazirlər Kabineti tərəfindən qəbul olunmuş 2021–2026-cı illər üzrə hökumət proqramının icrasına dair hesabatda bildirilib. Bu sahə əvvəllər Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd idarəsinin tabeliyində olub.
Müzakirəsiz qəbul edilən sənəddə qeyd olunur ki, 2026-cı il martın 1-dən etibarən Türkiyə ilə dövlət sərhədindəki “Marqara” nəzarət-buraxılış məntəqəsində xidməti yalnız Ermənistan milli təhlükəsizlik xidmətinin sərhəd qoşunlarının hərbçiləri həyata keçirirlər: “2026-cı ilin əvvəlindən etibarən “Axurik” nəzarət-buraxılış məntəqəsində də xidməti yalnız Ermənistan MTX-nin sərhəd qoşunlarının hərbi qulluqçuları yerinə yetirirlər”. Eyni zamanda, vurğulanıb ki, hazırda Ermənistanın dövlət sərhədində MTX-nin sərhəd qoşunlarının tam nəzarəti altında olmayan nəzarət–buraxılış məntəqəsi yoxdur. Bu isə təbii olaraq rusiyalı sərhədçilərin Ermənistan–İran dövlət sərhədindəki nəzarət-buraxılış məntəqələrindən də çıxarılması deməkdir. Baş nazir Nikol Paşinyan Ermənistan–İran dövlət sərhədində rusiyalı hərbçiləri çoxillik xidmətinə görə Rusiya rəhbərliyinə təşəkkürünü bildirib. Bu, artıq onların daxili işidir. Sərhədlərin qorunması məsələsi də həmçinin. Yeri gəlmişkən, qeyd edək ki, sərhədləri dövlətin özünün qoruması ölkənin suverenliyinin ən əsas göstəricilərindəndir. Etiraf etmək lazımdır ki, 1992-ci ildən 2024-cü il iyulun 31-dək, yəni rus sərhədçilərinin İrəvandakı “Zvartnots” hava limanını tərk etdiyi günədək Ermənistana gələn sərnişinlər, qonaqlar üçün düşdükləri yerin hara olduğunu anlamaq çətin idi: Rusiya, yoxsa Ermənistan? Axı, bilet İrəvana alınmışdı. Yəni belə qeyri-müəyyən vəziyyət hökm sürürdü və hazırda buna son qoyulub.
Bütövlükdə, uzun illər müxtəlif istiqamətlərdə Rusiya sərhəd xidmətinin iştirakı ilə həyata keçirilən nəzarət mexanizminin dəyişdirilməsi rəsmi İrəvanın məsuliyyəti birbaşa öz üzərinə götürməsi deməkdir. Bu addım ilk növbədə suverenlik baxımından simvolik və praktiki əhəmiyyət daşıyır. Nəzarətin yerli qurumlara keçməsi qərarların qəbulunda və icrasında daha çevik davranmağa imkan yarada bilər. Eyni zamanda, sərhəd xidmətinin vahid idarəetmə çərçivəsində fəaliyyət göstərməsi koordinasiyanı sadələşdirir və hesabatlılığı artırır. Digər mühüm məqam təhlükəsizlik sisteminin milliləşdirilməsi ilə bağlıdır. Ermənistan sərhəd qoşunlarının bütün nəzarət-buraxılış məntəqələrində xidmətə başlaması peşəkar kadr potensialının gücləndirilməsini və texniki imkanların artırılmasını stimullaşdıra bilər. Hadisənin siyasi tərəfi də diqqətəlayiqdir. Rəsmi İrəvan bununla göstərir ki, xarici tərəfdaşlarla əməkdaşlıq mümkün olsa da, əsas məsuliyyət milli qurumların üzərində olmalıdır. Bu yanaşma beynəlxalq aləmdə Ermənistanın müstəqil qərarvermə qabiliyyətinə dair təsəvvürü möhkəmləndirə bilər. Nəhayət, ictimai rəy baxımından da bu dəyişiklik müəyyən psixoloji təsir yaradır. Sərhəddə öz bayrağı və öz hərbçisini görmək hər bir cəmiyyət üçün dövlətçilik duyğusunu gücləndirən amillərdən biridir. Bütün bunlar birlikdə Ermənistanın təhlükəsizlik modelində yeni mərhələnin formalaşdığını göstərir.
Onu da bildirək ki, Ermənistan–Türkiyə dövlət sərhədinin ümumi uzunluğu 328 kilometrdir. Ermənistan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdiyi vaxt Türkiyə ilə sərhəddə üç nəzarət-buraxılış məntəqəsi mövcud idi. Bunlardan ikisi avtomobillərin hərəkəti, biri isə həm avtomobil, həm də dəmir yolu üçün nəzərdə tutulmuşdu. 1993-cü il aprelin 3-dən etibarən (Kəlbəcər rayonunun işğalından sonra) bu keçidlər fiziki şəxslər üçün bağlanıb. 1993-cü il iyulun 6-dan 1995-ci il yanvarın 1-dək Türkiyə hava sərhədini də bağlamışdı. Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra, 2020-ci ildən başlayaraq sərhədlərin açılması istiqamətində proses gedir. 2022-ci il fevralın 4-də İrəvan və İstanbul arasında müntəzəm aviareyslər bərpa olundu. 2023-cü il yanvarın 6-da Türkiyə tərəfi iki ölkə arasında birbaşa müntəzəm aviadaşımalarla bağlı qadağanın aradan qaldırıldığını bildirdi.
2022-ci ilin iyulunda Türkiyə Xarici İşlər Nazirliyi münasibətlərin ümumi istiləşməsi fonunda iki ölkənin sərhədi üçüncü ölkə vətəndaşları üçün ən qısa zamanda yenidən açmağı planlaşdırdığını bildirdi. 2022-ci ilin yayında “Alican” nəzarət-buraxılış məntəqəsi əsaslı təmir edildi. 2023-cü ilin fevralında isə Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələdən sonra Ermənistandan Türkiyəyə humanitar yardımın çatdırılması üçün bu buraxılış məntəqəsi açıldı.
Ermənistan–Türkiyə sərhədində son illər müşahidə olunan dinamika təkcə təhlükəsizlik və nəqliyyat məsələsi deyil, eyni zamanda, iqtisadi perspektivlər baxımından da diqqətəlayiqdir. Quru sərhədinin açılması və ticarət əlaqələrinin bərpası ilk növbədə Ermənistan iqtisadiyyatı üçün yeni imkanlar yarada bilər. Türkiyə regionun ən iri bazarlarından biridir və logistik baxımdan Ermənistan üçün ən qısa çıxış marşrutlarından sayılır. Sərhədin açılması daşınma xərclərini azalda, idxal və ixrac əməliyyatlarını sürətləndirə, xüsusilə kiçik və orta sahibkarlıq üçün yeni bazar imkanları formalaşdıra bilər. Bu proses, eyni zamanda, regionda iqtisadi inteqrasiyanın genişlənməsinə xidmət edər. Nəqliyyat və ticarət xətlərinin bərpası Cənubi Qafqazda qarşılıqlı asılılığı artıraraq uzunmüddətli sabitlik üçün əlavə zəmin yaradar. Kommunikasiyaların açılması tranzit imkanlarını genişləndirir, beynəlxalq yükdaşımaların marşrutlarını şaxələndirir və regionu daha cəlbedici iqtisadi məkana çevirər. Türkiyə ilə birbaşa quru əlaqəsinin qurulması Ermənistanın regional layihələrə qoşulmasını asanlaşdıra, investisiya mühitinə müsbət təsir göstərə bilər.
Bununla belə, məsələ yalnız ikitərəfli iqtisadi maraqlarla məhdudlaşmır. Türkiyə–Ermənistan sərhədinin açılması Cənubi Qafqazda formalaşan yeni reallıqlar kontekstində qiymətləndirilməlidir. Vətən müharibəsindən sonra yaranmış vəziyyət regionda yeni əməkdaşlıq çərçivəsinin formalaşmasını gündəmə gətirib. Bu baxımdan Ankara hər zaman Azərbaycanın maraqlarını nəzərə aldığını açıq şəkildə bəyan edib və praktiki addımlarında da bunu nümayiş etdirib. Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması prosesinin Bakının mövqeyi ilə uzlaşdırıldığı məlumdur. Ona görə də sərhədlərin açılması və ticarətin başlanması perspektivi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi ilə sıx bağlıdır. Dayanıqlı və hüquqi baxımdan rəsmiləşdirilmiş sülh olmadan regionda genişmiqyaslı iqtisadi əməkdaşlığın tam reallaşması çətin görünür. Türkiyənin atacağı addımların Azərbaycanın razılığı və maraqları çərçivəsində həyata keçiriləcəyi isə regional balansın qorunması baxımından əsas amillərdən biri olaraq qalır.
Səxavət HƏMİD
XQ

