Çanaqqala – türk ruhunun vulkanı

post-img

1915-ci ilin yanvarı idi. Britaniya strateqləri, Admirallığın birinci lordu Uinston Çörçillin başçılığı altında Şərq cəbhəsində növbəti hücum əməliyyatı planı hazırlayarkən, rusiyalı müttəfiqlərinə yardım göstərmək və onları silah-sursatla təchiz etmək zərurəti qarşısında qalmışdılar. Çünki Qafqaz və Cənub–Qərb cəbhəsində hərbi əməliyyatlar aparan rus ordusunda yaranmış problem onların bu cəbhələrdə hərəkətini əhəmiyyətli dərəcədə məhdudlaşdırırdı. Üstəlik, rus ordusu ilin sonunda Ərzuruma hücum etməyi planlaşdırdığı bir zamanda yaranmış bu çətinlik kəskin şəkildə hiss olunurdu və əməliyyatdan imtina edilməsinə səbəb ola bilərdi.

Antanta müttəfiqlərinin ümumi vəziyyəti həm də onunla ağırlaşdı ki, Rusiyanın Avropadakı quru sərhədlərinin böyük hissəsini Almaniya və Avstriya-Macarıstan bağlamışdı, Baltik dənizinə çıxışı isə alman donanması tutmuşdu.

Qafqaz və Cənub–Qərb cəbhələrində əməliyyatların tarazlığını qorumaq üçün car Rusiyası təcili olaraq Aralıq dənizinə çıxış əldə etməli idi, lakin bu yolu Osmanlı ordusu bağlamışdı. Buna görə də ingilislər hərbi-dəniz qüvvələrinin köməyi ilə Dardanel (Çanaqqala) müdafiəsini yarmaq, rus ordusunun təminatı məqsədi ilə donmayan təchizat yolu açmaq və osmanlıları müharibədən çıxarmaq üçün hərbi əməliyyat keçirməyə qərar verdilər. Bu mövqeyə əsaslanaraq, ingilis hərbi strategiyası ingilis donanması vasitəsilə Çanaqqalanın hərbi-dəniz müdafiə sistemini dağıdan hücum əməliyyatı keçirmək, rus ordusunu donmayan, buzsuz təchizat yoluyla təmin etmək, həmçinin Osmanlı imperiyasının silahlı qüvvələrini qəti təslimiyyətə məcbur etmək istəyirdi.

İlk baxışdan plan nəzəri cəhətdən qüsursuz görünürdü. Plan yüz ilin təcrübəsinə əsaslanırdı, 1807-ci ildə ingilis hərbi-dəniz eskadrası vitse-admiral ser Con Tomas Dakvortun komandanlığı altında Dardaneli aşmağa müvəffəq olmuşdu və Osmanlı imperiyasının paytaxtına çatmışdı. Buna baxmayaraq, Dakvort proqnozlaşdırmışdı ki, “quru qoşunlarının köməyi olmadan boğazı yarıb keçməyə çalışmaq eskadranın mənasız yerə güdaza verilməsi olardı...”

Bütövlükdə, 1807-ci ilin Dardanel əməliyyatı 1807–1809-cu ilin türk-ingilis savaşı gedişatında Kral donanmasının Osmanlı donanmasını neytrallaşdırmaq cəhdi tamamən uğursuzluğa uğradı. Buna baxmayaraq, hərbi-dəniz kampaniyasından dərs çıxaran Osmanlı imperiyası boğazların müdafiəsinə çox ciddi yanaşırdı. Amma britaniyalılar da bu əməliyyata, demək olar ki, on il hazırlaşmışdılar, 1906-cı ildə isə İstanbul və London arasındakı növbəti böhranın qaynar çağında “Əlahəzrətin ən az dəyərli gəmiləri” eskadrilyası “Boğazları yarıb keçərək Konstantinopola (İstanbula) çata biləcəyinə” ciddi şəkildə inanırdılar.

Qeyd etmək gərəkdir ki, bir neçə Osmanlı sultanının hakimiyyəti dövründə Gelibolu yarımadasında sonrakı onilliklər ərzində daha da möhkəmlənib, yenidən qurulan çoxlu istehkam və qalalar tikilmişdi.

24 mart 1915-ci ildə 5-ci ordunun döyüş əməliyyatları üçün əlverişli olan rayona girdiyi anadək, Çanaqqalanın müdafiəsinin məsuliyyəti Osmanlı artilleriya (topçu) korpusunun komandanlığının üzərinə düşürdü. Demək olar ki, hər bir artilleriya zabiti 1914-cü ilə qədər Çanaqqalada ən azı bir il xidmət müddəti keçmişdi. Onlar ərazini yaxşı tanıyırdılar, Balkan müharibələri zamanı isə bütün yarımada mümkün desant əməliyyatlarından qorunurdu.

Savaşın uğurunun alman hərbi ekspertlərinin fəaliyyəti ilə şərtləndiyi barədə hadisələr silsiləsinin hər cür mif və saxta rəvayətlərinin təsiri altına düşməmək üçün qeyd etmək vacibdir ki, Osmanlı ordusunun qərərgah və artilleriya zabitləri bütün mümkün hücumlardan müdafiə planlarını təhlil edərək, işləyib hazırlamışdılar. Alman artilleriya və hərbi-dəniz mütəxəssislərinin töhfəsi olsa da, 18 mart 1915-ci ildə Çanaqqala dəniz zəfərinin qazanılmasında əsas rol qəti şəkildə bu ərazidə baş verən tarixi dəniz savaşındakı qeyd-şətsiz qələbəni təmin edən müdafiə qurğularının vaxtında tikilib-qurulmasına rəhbərlik edən türk komandanlığına mənsubdur.

Şübhəsiz, Dardanel uğrunda döyüşlər altı əsrlik Osmanlı imperiyası üçün türk xalqının milli dövlət maraqlarının müdafiəsində çox vacib, həyati mərhələ idi və bunda heç bir barışıq ola bilməzdi. Osmanlı imperiyasını yıxmaq və türk dövlətçiliyini nüfuzdan salaraq, onu regional avtarkist qapalı Anadolu knyazlığına çevirmək məqsədi daşıyan Britaniya ekspansiyası faktoru (imperialist dövlətlərin yeni torpaq, müstəmləkə və bazarlar əldə etmək məqsədilə öz siyasi və iqtisadi nüfuzunu başqa ölkələrə yaymaq üçün yeritdikləri təcavüzkar siyasət) Osmanlı dövləti üzərində basqı idi.

İngiltərə baş naziri Herbert Askrıtin Osmanlı imperiyası idarəçiliyini təkcə Avropadan deyil, Asiyadan da silməklə bağlı qətiyyyətini simvollaşdıran vəhyi gerçəyə çevrilməklə təhdid edirdi. Buna müvafiq olaraq Osmanlı dövləti ən pis ehtimala hazırlaşmağa başladı. Xüsusi qatarlar xəzinəni və qiymətli əşyaları paytaxtdan Anadoluya daşımağa, hökuməti və sultan ailəsini Konyaya köçürməyə hazırlaşdılar. Hər kəs başa düşürdu ki, İstanbulun işğalı imperiyanın sonu deməkdir.

Osmanlı ordusunun Baş Qərargahı Qafqaz cəbhəsindən artilleriya toplarının daşınması üçün çox böyük səylər göstərirdi və sərəncamında olan bütün ordunu həlledici döyüş üçün Çanaqqalaya göndərdi.

1915-ci il 18 mart bombardman seriyasından sonra Dardanel boğazının girişində müttəfiqlərin vahiməli armadası göründü. İngilis və fransız gəmilərindən ibarət dəstə İstanbulu zəbt etməyə və bununla Osmanlı imperiyasını yıxmağa hazırlaşırdılar. Lakin Osmanlı döyüşçülərinin qəhrəmanlığı, keçmişin minlərlə hərbi savaşının qalibi–əcdadların sarsılmaz ruhu, Çanaqqalanın mahiranə qurulmuş müdafiə sistemi ingilis-fransız hərbi-dəniz ekspedisiyasını tam və sarsıdıcı müvəffəqiyyətsizliyə məhkum etdi. Müttəfiqlərin gəmiləri Osmanlı sahil batareyalarının atəşi və bilavasitə döyüşqabağı çox da böyük olmayan “Nüsrət” mina düzən gəmi tərəfindən yerləşdirilmiş minalarla qarşılaşdılar.

Birgünlük döyüşdə üç böyük linkorun (xətt gəmisinin) batırılmasından və üç gəmiyə ciddi xəsarət yetirilməsindən sonra Antanta müttəfiqləri həmin hərbi-dəniz əməliyyatının əsas məqsədindən imtina etməyə məcbur oldular. Olduqca diqqətəşayandır ki, Britaniyanın Kral donanması bir gündə yalnız 1805-ci ilin məşhur Trafalqar döyüşündəki itkilərlə müqayisə oluna biləcək böyük itkilərə məruz qaldı. Bununla belə, ittifaq komandanlığı Dardanel müdafiəsini aşmaqla uğur qazanmağa inanırdı. O, Birinci Dünya müharibəsi tarixində ən böyük hərbi-dəniz desant qüvvələri birliyini reallaşdırmağa çalışaraq, Avstraliya və Yeni Zelandiya bölmələri ilə birlikdə əsasən Britaniya diviziyasından ibarət əlavə qruplar yaratdı.

Aprel ayında Antanta qüvvələri yeni yaradılmış Aralıq dənizi ekspedisiya korpusunun beş diviziyasını Gelibolu yarımadasınının sahillərinə çıxardı. Əməliyyatlarda ingilis diviziyalarından, həmçinin Britaniya dominion və müstəmləkələrinin (Avstraliya, Yeni Zelandiya, Hindistan və s.) birliklərindən əlavə, ümumilikdə təxminən yarım milyon adam –79 mindən az olmayan fransız əsgərləri, o cümlədən müstəmləkə qoşunları iştirak edirdi. Belə bir təəssürat yaranmışdı ki, Osmanlı imperiyası hərbi qüvvələrinə qarşı hətta yeddi millət nümayəndəliyi birlikdə savaşır: ingilislər, fransızlar, irlandlar, avstraliyalılar, yeni zelandiyalılar, hindular, qurxalar, seneqallılar, misirlilər və başqaları.

...Lakin həmin ərəfədə Çanaqqala savaşı Vətən sevdası ilə qazanılacaqdı. Bir an belə tərəddüd etmədən canını Vətənə sipər edənlər Çanaqqala zəfərini dünya tarixinə qızıl qanları ilə yazacaqdılar:

Çanaqqala məhşəri,
Durdurdu böyük şəri.
Düşündürür bəşəri...
Qeyri-adi bu zəfər,
Çanaqqala müzəffər!

...Müharibənin gedişatındakı vəziyyət Osmanlı komandanlığının bu hərbi-dəniz əməliyyatının miqyası ilə bağlı desantdan əvvəl irəli sürdüyü bütün fərziyyələri üstələyirdi.

Hücumun ilk günündə, döyüşün böhranlı anlarının birində zabit Mustafa Kamal işləri öz əlinə aldı. Osmanlı hissələri nizamsız halda geri çəkilməyə başladıqda şəxsən özü, səlahiyyəti xaricində olan mövqeni tutdu. Təşvişə düşəcək əsgərləri yenidən qruplaşdırdı, onlara ehtiyat qüvvələri gələnə kimi müttəfiq əsgərlərinə qarşı cəsarətlə süngü savaşına girməyi, müdafiə xətti yaratmağı əmr etdi. Sonra onun komandanlığı altında bir sıra uğurlu əks-hücumlar həyata keçirildi.

Sanki, görünməz bir qüvvə türklərə yardım edirdi.

Bu qüvvə bu millətin içində cəngavərə dönən Vətən sevgisi idi.

Bu sevgi sonralar bu torpaqlarda qızıl-qızıl lalələrə dönəcəkdi...

Topraq oldu qızıl qan,
Silah vicdan, həm əzan...
Misilsiz tarix yazan
Yenə yazdı bu səfər,
Çanaqqala müzəffər!

25 aprel 1915-ci ildə Arıburnunda göstərdiyi qəhrəmanlığa görə Türkiyə Cümhuriyyətinin gələcək banisi polkovnik rütbəsi aldı. Nəticədə, müttəfiqlərin hücumu, amansız əlbəyaxa vuruşu bəzən uzun sürən səngər döyüşü mərhələsinə keçərək, düşmən səngərlərinin 8 metrdən az olmayan dərinliyində gedən savaşlarda cəsur, dəqiq zərbələrlə Osmanlı hərbi hissələri tərəfindən dəf edildi.

Antantanın müttəfiq komandanlığı hələ də Osmanlı müdafiəsini alt-üst edə biləcək böyük bir hücum əməliyyatı keçirməyə cəhd etdi. Lakin bu cəhdlər də boşa çıxdı. Nəticədə, pozisiya döyüş əməliyyatları 1915-ci ilin dekabrından 1916-cı ilin yanvarına qədər, Antanta qüvvələri geri çəkilənədək davam etdi.

İngilislər, növbəti biabırçılığın səbəb ola biləcəyi, imperiyanın nüfuzunun daha da sarsılmasından, müstəmləkələrində – Misir və Hindistanda daxili siyasi vəziyyətin qeyri-sabit hala düşməsindən, ardınca isə bütün ingilis-fransız imperiya müstəmləkə sisteminin iflasa uğramasından ehtiyat edərək bir neçə ay ərzində tamamilə geri çəkilməyə qərar verə bilmirdilər. Bununla belə, mütəffiq qoşunlarının təxliyəsi bütün hərbi əməliyyatlar boyunca Antantanın yeganə uğurlu addımı idi.

İstanbulun fəth olunmaması, bu xəzinənin açarına sahib ola bilməmələri Antanta dövlətləri və Rusiya üçün ölümə bərabər olsa da, sonda etiraf etməyə məcbur qaldılar. Bu savaş zorun, silahın gücü ilə deyil, ağlın, zəkanın, Vətən sevgisinin gücü ilə qazanıldı.

Türkün ruhu sarsılmaz,
Şəhidlər unudulmaz,
Haqqa haqsız varılmaz,
Son sipərdən xoş xəbər...
Çanaqqala müzəffər!

Gelibolu qələbəsində Çanaqqalanın çox böyük tarixi əhəmiyyəti var. Birincisi, hərbi əməliyyatlar Osmanlı ordusunun şəxsi heyətinin peşəkar səviyyəsinin kəskin yüksəlməsinə səbəb oldu. Döyüşlərdə iştirak edən zabitlər sayının böyük hissəsi, müasir pozisiya müharibəsində hərbi əməliyyatların aparılmasında gərəkli vərdişlərə yiyələndilər.

Hərbi hazırlığın mükəmməl nəzəri və tədris bazası, praktik hərbi təcrübə zabitlərin yüksək ixtisas keyfiyyətləri qazanmasına kömək etmişdi. Onlar müasir müharibənin taktika və üsullarını incəliklə öyrənərək Böyük Britaniya və Fransanın müasir, qüdrətli silahlı qüvvələrinə qarşı uğurla mübarizə apara bildilər.

İkincisi, Osmanlı ordusunun şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində vacib amil, sıravi heyətin də birləşməsi faktoru idi. Səngərlərdə hər gün təhlükə və çətinliklərlə üzləşdikcə, onların ümumi təcrübəsi əsgər və zabitlər arasında xüsusi qardaşlıq duyğuları yaratmışdı. Çanaqqala qazisi, yaxud veteranı olmaq xüsusi hörmət, ehtiram, nüfuza sahib olmaq demək idi. Təəccüblü deyil ki, gələcək Türkiyə müstəqilliyi uğrunda müharibədə və yeni Türkiyə Cümhuriyyət ordusunda komandirlərin əhəmiyyətli bir hissəsini (alay səviyyəsindən yuxarı olan 91 komanda heyətindən 27-sini) Çanaqqala veteranları təşkil edirdi.

Üçüncüsü, Gelibolu əməliyyatı bütün Osmanlı türk millətinə mühüm təsir göstərdi. Çanaqqala zəfəri xalqın üzərindən məğlubiyyət ləkəsini sildi, millətin mənəvi-psixoloji vəziyyətini yüksəltdi, ordu sıralarını birləşdirdi, işğalçılara qarşı Osmanlı əzmi və şücaətinin simvoluna çevrildi. Bu, həm də xalqda millətin xilaskarı və müdafiəçisi obrazı yaradaraq cəmiyyətdə zabitlərin nüfuzunu, etibarını inanılmaz dərəcədə yüksəltdi.

Beləliklə, Balkan müharibələrində məğlubiyyətə uğrayan millət Çanaqqala savaşındakı tarixi zəfərdən sonra sözün tam mənası ilə yenidən doğuldu, canlandı. Bu kontekstdə 1916-cı ildə Osmanlı sultanı V Mehmedin sözləri diqqətəlayiqdir: “Müsəlmanların iki güclü düşməni birləşərək həm qurudan, həm də dənizdən Çanaqqalaya hücum etdilər. Lakin Allah zamanında ordumuza kömək etdi və əsgərlərimizin hər biri bir dəmir qalaya çevrildi”. Sultan bu sözləri deyərək ordunun Çanaqqala (Gelibolu) döyüşündəki qələbəsindən sonra Osmanlı millətinin hisslərini ifadə etdi.

Çanaqqala savaşı... Üstündən illər keçəcək, bu qəhrəmanlıq salnaməsi hər dəfə yeni hekayələr danışacaq. Tarixin bu qanlı səhifəsində hər əsgərin bir qəhrəmanlıq hekayəsi var. Hər biri alınmaz qalaya dönən əsgərlərin bu qanlı savaşda torpağa qarışan təkcə qanı, cəsədi idi.

Lakin... kim bilir, Vətən uğrunda ölüm-dirim savaşına girən bu qəhrəman insanların bədəndən ayrılan ruhları bir anda yenidən doğulub, yenidən savaşa girir, mərmilərə qoşulub, düşmənləri param-parça edirdilər.

...Çanaqqala, torpağın insan sevgisinə bələndiyi yerdir...

...Çanaqqala, Tanrı mərhəmətinin göylərdən ələndiyi yerdir...

...Çanaqqala, şəhidlərin qızılı lalələrə döndüyü yerdir...

...Çanaqqala, düşmənlərin iblisdən imdad diləndiyi yerdir...

Bu qeyrətlə, bu hünər,
Ürəklərdə döyünər.
Mazisiylə öyünər,
Kökə bağlı hər nəfər...
Çanaqqala müzəffər!
Çanaqqala müzəffər!

Çanaqqala – simvoldur!!! Çanaqqala – türk xalqının hərbi ənənələrinin oyanış mənbəyidir.

Lətifə MƏMMƏDOVA,
tarix üzrə fəlsəfə doktoru,
AJB-nin üzvü



Sosial həyat