Bəzi insanlar, sadəcə, bir dövrü yaşayır, bəziləri isə bütöv bir dövrü yaradır. Ümummilli lider Heydər Əliyev ikinci qrupa, yəni tarixin axarını dəyişən, taleləri yenidən yazan dahi şəxsiyyətlər zümrəsinə aiddir. 12 dekabr anım günü sanki qüdrətli bir palıdın kölgəsində dayanıb, onun millətin tarixində və taleyində buraxdığı əbədi izə baxmaq anıdır.
Ulu öndərin özünün dediyi kimi, onun həyatı sınaqlar labirintindən keçən, lakin mətinliklə yaşanmış bir ömür hekayəsidir. Bu ömür yolunda hər mərhələ Azərbaycan üçün bir qurtuluş, bir dirçəliş anı olub. 1969-cu ildə ölkəyə rəhbərliyə gəlişi qəflət yuxusundan oyanışın, iqtisadi gerilik bəndinin qırılıb atılmasının başlanğıcı idi. O, Azərbaycanı sadəcə xammal mənbəyi olmaqdan çıxarıb, sənaye və kənd təsərrüfatı sahəsində öz sözünü deyən, inkişaf templərinə görə önə çıxan bir məkana çevirdi. Bu, quruculuq erası idi. Mədəniyyətə, incəsənətə, milli-mənəvi dəyərlərə göstərdiyi diqqət, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya daxil edilməsi – bütün bunlar Azərbaycan ruhunun toxunulmaz qalxanını yaratdı.
Lakin tale fırtınalarla doludur. 1987-ci ildə imperiyanın mərkəzindəki siyasi xəttə etirazı, tutduğu uca postdan imtinası, onun prinsipial iradəsinin və xalqına sadiqliyinin ən parlaq təzahürü idi. 1990-cı il Qara Yanvar faciəsindən dərhal sonra Moskvada həyatını təhlükəyə ataraq verdiyi cəsarətli bəyanat isə xalqa ümid nuru bəxş edən, haqsızlığa qarşı ucalan bir səs oldu.
Daha sonra Naxçıvan – blokada şəraitində mübarizə qalasına çevrilən Vətən parçası. Ulu öndər orada sadəcə yaşamadı, milli dövlətçilik ruhunu diriltdi. Üçrəngli bayrağı Naxçıvanın rəsmi rəmzi kimi təsdiqlənməsi, 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi kimi tarixi addımlar – bunlar böyük bir ideoloji təməlin ilk kərpicləri idi. Xalqın tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyası isə onun siyasi təcrübəsi və xarizması ətrafında birləşən xilaskar qüvvəyə çevrildi.
1993-cü ildə ölkə vətəndaş müharibəsi astanasında, uçurumun kənarında ikən xalqın təkidli çağırışı ilə Bakıya gəlişi Milli Qurtuluşun başlanğıcı oldu. O, dağılmaq, paramparça olmaq təhlükəsi qarşısında qalan Vətəni suverenlik alovunda qaynaq edib birləşdirdi.
Hərbi uğursuzluqlar fonunda siyasi iradəsi ilə 1994-cü ildə atəşkəsə nail olması ölkənin iqtisadi inkişafı və ordu quruculuğu üçün qiymətli zaman qazandırdı. Elə həmin il imzalanan “Əsrin müqaviləsi” isə müstəqil Azərbaycanın gələcək iqtisadi qüdrətinin bünövrəsi, dünyaya açılan enerji qapısı oldu.
Ulu öndər təməli qoyulmuş bir evi təmir etmədi, o, tamamilə yeni bir dövlət inşa etdi. 1995-ci ildə yeni Konstitusiyanın qəbulu, azərbaycançılıq məfkurəsi ilə xalqı bir bayraq altında toplamaq, senzuranın ləğvi ilə azad mətbuatın təməlini qoymaq, gənclər və qadın siyasəti ilə cəmiyyətin bütün təbəqələrini prosesə cəlb etmək – bunlar hamısı dərin uzaqgörənliyin nəticəsi idi. O, gənc nəslin və qadınların potensialını dövlət quruculuğu prosesinə cəlb edərək Azərbaycanı gələcəyə proqramlaşdırdı.
Heydər Əliyev bir siyasətçi olmaqdan çox, milli liderliklə siyasi liderlik keyfiyyətlərini özündə birləşdirən nadir bir fenomen idi. Onun qətiyyəti, dərin biliyi, tükənməz enerjisi və mahir natiqlik qabiliyyəti auditoriyanı heyran edirdi. O, sadəcə dinləyicilərlə deyil, həm də tarixlə danışırdı.
Bu gün biz bilirik ki, Ulu öndərin 30 il əvvəl bünövrəsini qoyduğu dayanıqlı inkişaf müasir Azərbaycanın bugünkü və gələcək müstəqilliyinin sarsılmaz zəmanətidir. Qurucu Liderin vaxtilə böyük uzaqgörənliklə atdığı addımlar müasir Azərbaycanın əldə etdiyi bütün uğurların, o cümlədən ərazi bütövlüyümüzün bərpası kimi tarixi Zəfərin ideoloji təməli olaraq qalır.
Əbədi lider Heydər Əliyev hər zaman vurğulayırdı ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və güclü ordunun qurulması gələcək dövlətçiliyin təminatıdır. Bu amallar yalnız bir vəsiyyət deyil, həm də xalqın yaddaşına yazılmış böyük bir hədəf idi. Bu gün cənab Prezident İlham Əliyevin simasında biz bu irsə və amallara sədaqətli, mübariz və qurucu siyasi varislik modelinin real təzahürünü görürük.
Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə təməlini qoyduğu neft strategiyası, ordu quruculuğu siyasəti və milli birlik məfkurəsi, bir zəncirin həlqələri kimi, Zəfər naminə birləşdi. Məhz bu sağlam bünövrə üzərində cənab İlham Əliyev Azərbaycanı iqtisadi cəhətdən heç kimdən asılı olmayan, güclü və müstəqil bir dövlətə çevirdi. Prezidentin "İqtisadiyyatı güclü olan dövlət hər şeyi edə bilər" tezisi Ulu öndərin əsasını qoyduğu “Əsrin müqaviləsi” strategiyasının məntiqi nəticəsi idi.
2020-ci ilin 44 günlük Vətən müharibəsi isə bu sarsılmaz iradənin və hazırlığın ən parlaq təntənəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Heydər Əliyevin 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təməlini qoyması ilə başladığı ordu quruculuğu prosesinin pik nöqtəsini nümayiş etdirdi. Bu, tanklarla yox, ağıl, strategiya və insan amili ilə qazanılan Zəfər idi.
Şuşanın azad edilməsi müjdəsini xalqa çatdıran Müzəffər Liderin “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” – sözləri, tarixi ədalətin bərpası ilə yanaşı, siyasi varisliyə sədaqətin ən yüksək təzahürü idi. 44 günlük müharibə ilə “Qarabağ Azərbaycandır!” reallığı döyüş meydanında bərqərar edildi və 30 illik işğala son qoyuldu.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında yeni inkişaf və quruculuq mərhələsinə qədəm qoyub. Azad edilmiş ərazilərimizdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri Heydər Əliyevin xilaskar və qurucu lider obrazının müasir dövrdəki davamlılığıdır. Ölkəmiz dinamik inkişafın ən yüksək templərini nümayiş etdirir, geosiyasi və iqtisadi müstəqilliyini daha da möhkəmləndirir.
Ulu öndər Heydər Əliyevin irsi onun siyasi məktəbinin layiqli davamçısı tərəfindən Zəfər və Quruculuq salnaməsi olaraq yaşadılmaqdadır. Onun əbədiyaşar imzası, bu gün inkişaf edən, bütövləşmiş və Qalib Azərbaycanın hər uğurunun altında var və olacaq.
Ulu öndər Heydər Əliyev fiziki olaraq aramızda olmasa da, onun adı çəkiləndə gözlərimiz önündə Azərbaycanın müstəqillik qüdrəti, xilaskar iradəsi və əbədi tərəqqi yolu canlanır. O, qurucu və xilaskar dövlət xadimi kimi, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.
Əziz ƏLƏKBƏRLİ,
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri

