Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının nəticəsidir ki, ölkəmizdə tarixən qısa müddətdə müasir dövlətçiliyin mükəmməl siyasi-ideoloji, iqtisadi-sosial və mənəvi dayaqlar sistemini yaradılıb. Düzgün qurulmuş xarici siyasət isə milli dövlətimizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasını təmin edib.
Xalqının azadlığı, ölkəsinin müstəqilliyi, dövlətinin tərəqqisi naminə misilsiz xidmətləri olan Ulu öndər bu tarixi missiyasını dahiyanəliklə gerçəkləşdirdiyinə görə milli yaddaşda əbədiyaşarlıq qazanıb. Elə buna görə də xalqımız hər il öz Ümummilli liderinin əbədiyyətə qovuşduğu gündə onun xatirəsini ümummilli səviyyədə sonsuz ehtiram və qədirbilənlik duyğuları ilə yad edir. Ötən əsrin 90-cı illərində ictimai-siyasi gərginliyin, böhranın hökm sürdüyü bir zamanda öz nicatını məhz Heydər Əliyevdə tapdığına görə, Azərbaycan xalqı Heydər Əliyevə özünü borclu sayır.
Hər il dekabrın 12-də Fəxri xiyabanda yaşanan böyük izdiham Ona olan minnətdarlığın, ehtiramın təcəssümüdür. Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz işlər görmüş Heydər Əliyev tarixi yazan və yaradan nadir şəxsiyyət kimi tarixdə iz saldı. XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunduğu zamanda baş verən hadisələr Ulu öndərin hakimiyyətə qayıdışını şərtləndirmiş oldu. 1993-cü ildə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişi ilə dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas etdi.
Həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan dahi lider Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradaraq, xidmətləri ilə əbədilik qazandı. Ötən illərə diqqətlə nəzər salsaq, görərik ki, müdrik siyasətçinin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlər məhz Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir.
Heydər Əliyev 1990-cı ildə törədilmiş 20 Yanvar faciəsi zamanı Azərbaycan xalqına qarşı həyata keçirilən siyasətə etirazını bildirdi və ona qarşı siyasi təqiblər daha da artmağa başladı. Çətin və mürəkkəb dövrdə Azərbaycana qayıdıb xalqı ilə birlikdə olmaq istəyən Heydər Əliyev siyasi iradəsini ortaya qoydu və vətənə döndü.
1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşdü. Tarixin silinməz zamanına nəzər salsaq, görərik ki, ulu öndər Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında muxtar respublikanın adından “sovet sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan Parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələnin qaldırılması haqqında tarixi qərarlar qəbul edildi.
Naxçıvanda qısa bir zamanda demokratik tədbirlər həyata keçirildi. Azərbaycanın gələcək işıqlı yollarına doğru addımlar atılırdı. Çox da uzaq olmayan tariximizin salnaməsinə silinməz izlər salındı. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul edildi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.
Tariximizə həkk olunduğu kimi, 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan KP-nin fəaliyyəti dayandırıldı və onun bütün strukturları ləğv edildi. Xronoloji ardıcıllığa nəzər salsaq, görərik ki, 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu.
Muxtar respublikanın düşmən hücumundan və sosial-iqtisadi böhrandan xilası istiqamətində mühüm qərarlar qəbul edən dahi rəhbər digər tərəfdən Azərbaycanı müstəqil, xalqımızı firavan görmək istəyirdi. Ümummilli liderimiz Heydər Əliyevin Ali Məclisin Sədri olarkən dünya azərbaycanlılarını bir ideya ətrafında birləşməyə də müvəffəq oldu. 1991-ci il dekabrın 16-da Ali Məclisin "31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında" Qərar qəbul etməsi, bu mənada, xüsusi əhəmiyyətə malikdir.
Bütün bu nailiyyətlər Heydər Əliyev siyasətinin təntənəsi idi. Azərbaycanın ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə isə 1992-ci il noyabrın 21-də Naxçıvanda baş verən müstəqil Azərbaycanın ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Həmin vaxtlar YAP-ın yaranması tarixi zərurət idi. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq həmin dövr üçün güclü siyasi iradə və bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs yalnız ulu öndər Heydər Əliyev ola bilərdi.
1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransı keçirildi və qısa zaman kəsiyində, YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət gətirdi. YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantına çevrildi. Azərbaycanın gələcəyinin təhlükə qarşısında qaldığı, dövlətimizin taleyinin həll olunduğu bir dövrdə yaranan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoymuş oldu.
Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan dövlətçiliyinin formalaşması prosesinə təsirini göstərdi. YAP yaranandan, Azərbaycanın siyasi həyatında özünəməxsus rola malik olan təşkilat kimi qəbul edildi. Bunun da əsas səbəbi o idi ki, partiyanın rəhbərliyində Heydər Əliyev kimi Azərbaycan xalqının böyük hörmət və inam bəslədiyi dahi şəxsiyyət dayanırdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişi ilə tariximizin yeni dövrü başladı. Doğma xalqı üçün taleyüklü məqamda hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardı.
Dünya şöhrətli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi həyatında yeni mərhələ başladı. Müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli Ordu formalaşdı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı və bunun nəticəsində 1994-cü ilin mayında atəşkəsə nail olundu. Ölkəmiz parçalanmaq təhlükəsindən xilas edildi, müstəqilliyinin sütunları möhkəmləndi.
Ümummilli liderin zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı ilə Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsindən qurtuldu. 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirməyə başladı. Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadəsinə imkanlar açmış oldu. “Əsrin müqaviləsi”nin tərəfdaşı olan ölkələrin hər biri dünyada böyük nüfuza və gücə malik idilər. Bu ölkələrin Azərbaycanın tərəfdaşına çevrilmələri təhlükəsizliyimizin təminatında öz sözünü deyə bilən amillər sırasındadır.
1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə, dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı.
Bu gün ölkəmizdə Ümummilli liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan uğurla inkişaf edir. Prezident İlham Əliyevin milli maraqlara söykənən məqsədyönlü siyasəti Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə dəstəklənir. 2003-cü ildən sonrakı dövrdə keçirilmiş bütün seçkilərin nəticələri bu dəstəyin bariz nümunəsidir. Bu gün Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı möhtəşəm nailiyyətlər ulu öndər Heydər Əliyev ideyalarının bəhrəsidir.
Ümummilli lider Heydər Əliyevin vəfatından ötən 22 ildə Azərbaycan tanınmaz dərəcədə dəyişərək dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Otuz il işğal altında qalan torpaqlarımız siyasi-hərbi yolla azad olunub, ərazi bütövlüyümüz bərpa edilib.
Dahi siyasətçi və qüdrətli lider Heydər Əliyevin formalaşdırdığı böyük siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, dünyada nüfuzlu müstəqil dövlət və etibarlı tərəfdaş kimi tanınır.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru

