Azərbaycanda sığorta agentləri və vasitəçilərinə həsr olunmuş forum təşkil olunub.
Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində “Sığorta Agentləri və Vasitəçiləri Forumu” keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sığorta və bank sektorunun təmsilçiləri, habelə sığorta agentləri və broker şirkətlərinin nümayəndələri iştirak ediblər.
XQ xəbər verir ki, forumda ASA-nın icraçı direktoru Elmar Mirsalayev və Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov açılış nitqi ilə çıxış ediblər. Forumun spikerləri sırasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, millət vəkili Azər Badamov, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova, İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev və Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov da olub.
Forum çərçivəsində Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin direktoru Pənah Bənnayev tərəfindən “Sığorta vasitəçilərinin fəaliyyətinə dair tənzimləyici əsaslar və nəzərdə tutulan addımlar” mövzusunda məlumatlandırıcı sessiya keçirilib.
Daha sonra sığorta şirkətlərinin rəhbərləri, sığorta agentləri və vasitəçilərinin iştirakı ilə “Sığorta şirkətlərinin agent və vasitəçilərlə iş siyasəti və yeni çağırışlar” və “Sığorta agentləri və vasitəçiləri: mövcud vəziyyət, təkliflər və gözləntilər” mövzularında panel müzakirələri təşkil edilib.
Forum çərçivəsində beynəlxalq təcrübəyə də yer ayrılıb. Türkiyə Sığorta Birliyinin İdarə Heyətinin sədr müavini Ahmet Yaşarın “Sığorta agentlərinin və vasitəçilərinin fəaliyyətinin tənzimlənməsində Türkiyə təcrübəsi” və Qazaxıstan Sığortaçılar Assosiasiyasının İdarə Heyətinin sədri Vitaliy Veryovkinin “Qazaxıstan təcrübəsində sığorta agentləri və vasitəçiləri ilə iş” mövzularında videotəqdimatları nümayiş olunub.
Forumun keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən sığorta vasitəçilərinin fəaliyyətinin stimullaşdırılması, bu sahədə mövcud çətinliklərin müzakirəsi və onların aradan qaldırılması üçün mümkün həll yollarının müəyyənləşdirilməsi olub.












