TDT sədri ABŞ-da mühüm görüşlər keçirib

post-img

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömürəliyev ABŞ-da bir sıra rəsmi görüşlər keçirib. TDT-nin açıqlamasına görə, Ömürəliyev Vaşinqtonda təşkilata üzv dövlətlərin səfirləri və təşkilatın ABŞ-da akkreditə olunmuş müşahidəçiləri ilə görüş keçirib.

Məlumatı “Anadolu” verib. 

Görüşə TDT sədri qismində iclasa ev sahibliyi edən Azərbaycanın Vaşinqtondakı səfiri Xəzər İbrahim sədrlik edib. Təşkilatın üzv və müşahidəçi dövlətlərinin diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

Ömürəliyev qeyd edib ki, Vaşinqtonda aparıcı beyin mərkəzlərinin, ekspertlərinin və tədqiqatçıların iştirakı ilə təşkil edilən tədbirlər, eləcə də ABŞ hökumət rəsmiləri ilə əlaqələr Türk Dövlətləri Təşkilatına artan marağın göstəricisidir.

Müzakirələr zamanı TDT üzv dövlətlərinin diplomatik nümayəndəliklərinin rəhbərləri təşkilatın gündəliyinin ABŞ-da fəal şəkildə təşviq edilməsi səylərini dəstəkləməyə hazır olduqlarını təsdiqləyib, ABŞ-dakı nümayəndəliklər arasında daha sıx əlaqələndirmənin zəruriliyini vurğulayıb və türk dünyası ilə ABŞ arasında qarşılıqlı əlaqənin səviyyəsini artırmaq əzmində olduqlarını bildiriblər.

Ömürəliyev həmçinin Vaşinqtonda ABŞ Nümayəndələr Palatasının Qərbi Virciniyanı təmsil edən üzvü və Vergilər və Büdcə Komitəsinin üzvü olan konqresmen Kerol Miller ilə görüşüb.

Ömürəliyev həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı keçirilən tədbirlərdə iştirak edib. O, türk xalqları arasında həmrəyliyin regional əməkdaşlığın inkişafına töhfə verən mühüm amil olduğunu vurğulayıb.

P.ƏMİRCANOV
XQ

Sosial həyat