Prezident İlham Əliyevin dilçilikdən açıq dərsləri

post-img

Dövlət başçısı xalqımızı misilsiz mənəvi sərvətimizi qoruyub zənginləşdirməyə çağırır

Hər bir dil mənsub olduğu xalqın varlığı və milli kimliyidir. Onun sadəcə ünsiyyət vasitəsi deyil, özünüdərk təməli, nəsilləri birləşdirən, düşüncəni formalaşdıran, mentaliteti ötürən və etnik qrupun təkrarsızlığını təmin edən, milli sərvətə və fərqliliyin əsasını təşkil edən mədəniyyətin simvoluna, yaşadığı tarixin daşıyıcısına çevrilməsi, ümumilikdə, milliliyin qorunub saxlanılmasında əsas vasitə olması fikri mübahisə doğurmur.

O da mübahisə doğurmur ki, dövlətçilik və onun təsisatları bir millətin dilinin formalaşmasında, onun rəsmi dil kimi təsdiqlənməsində, dil siyasətinin tənzimlənməsində (təhsil, media və qanunvericilik vasitəsilə), normaların standartlaşdırılmasında (lüğətlər və qrammatikalar vasitəsilə) və millətlərarası ünsiyyət vasitəsi, milli kimliyin və mədəniyyətin qorunmasının təşviq edilməsində əsas rol oynayır. Dövlət dil layihələrini maliyyələşdirir, ədəbiyyatı dəstəkləyir, idarəetmə və təhsildə dili standartlaşdırır, bununla da onun mövqeyini gücləndirir, ortaq milli şüurun formalaşmasında mühüm rol oynayır.

Prezident İlham Əliyevin ötən ilin noyabrında AMEA-nın 80 illik yubiley məclisində və Yeni ilin əvvəlində, yerli televiziyalara ənənə halını almış növbəti müsahibəsində ana dilmizlə bağlı söylədiyi mülahizələr bu gerçəyi bir daha sübut edir. Azərbaycan dilinin inkişafına və qorunmasına əlahiddə diqqət və qayğı XX əsrin ikinci onilliyində – 1918-ci il may ayının 28-də milli dövlətçiliyimizə qovuşduğumuz vaxtlardan diqqət çəkib, bu proses hətta nominal dövlətçilik institutlarının mövcudluğu zamanlarında yüksələn xətti ilə seçilirdi və 1970-ci illərdən başlayaraq Azərbaycan dilinə dövlət qayğısı ən yüksək müstəviyə qaldırıldı.

1950-ci illərin sonlarından İttifaq mərkəzindən idarə olunan “Azərbaycanda millətçilik tendensiyalarının qarşısının alınması” fonunda dilimizə qarşı artıq oturuşmuş siyasətin davam etdirildiyi vaxtlarda, az qala, nümayişkəranə şəkildə aparılan bu siyasət vahid məqsədə xidmət etsə də, müxtəlif aspektlərdə aparılırdı. O aspektlərdən biri küncə sıxışdırılmış Azərbaycan dilinə dövlət tədbirlərində tribunaların verilməsi idi. Bu missiyanı Sovet Azərbaycanının 46 yaşlı lideri Heydər Əliyev öz şəxsi nümunəsində gerçəkləşdirdi. “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetinin və Azərbaycan Dövlət Universitetinin 50 illik yubiley məclislərindəki çıxışları ilə dilimizin statusunun yeni müstəviyə çıxarıldığını nümayişkəranə şəkildə ortaya qoyan respublika rəhbəri sonrakı qərarları ilə bu addımı ardıcıl olaraq davam etdirdi. “Müasir Azərbaycan dili” adlı dördcildlik dərsliyi Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildə Dövlət mükafatına layiq görüldü.

1978-ci ildə Azərbaycan SSR-nin yeni qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olaraq qəbul edilməsi İttifaq məkanında ən çox müzakirə mövzularından birinə çevrildi. Bundan əlavə, uzun illər boyu dövlət müstəqilliyindən ayrı düşmüş xalqın tarixi ilə bağlı müxtəlif dövrləri əhatə edən bədii filmlərin çəkilişi milli yaddaşın qorunmasına xidmət edirdi. Azərbaycan Respublikasının Ali siyasi rəhbərliyinə qayıdışından sonra da Ümummilli lider bu istiqamətdə işləri davam etdirdi. Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı, dil siyasəti birmənalı olaraq formalaşdı.

Ulu öndər ana dili ilə bağlı dövlət strategiyasını belə təqdim edirdi: “Millətin milliliyini saxlayan onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”.

Bu strategiyaya xidmət edən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərman, Prezident Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan, Milli Məclisdə qəbul edilən “Azərbaycan Respublikasında Dövlət dili haqqında” 30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2 yanvar 2003-cü il tarixli fərmanı ilə Azərbaycan dilinin hüquqi statusu bərqərar olundu.

Yerli televiziyalara müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər bir dilin ümumxalq kontekstində vacib amillərdən biri olduğunu xatıradır. Sosial mənzərəni təşkil edən münasibətlərin formalaşması və qorunmasının dil daxilində baş verdiyini, buna görə də onun sosial fəaliyyətin əlaqələndirilməsində əsas vasitəçilərdən biri, birincisi olduğunu xatırladır. Dili sosial təcrübəni müəyyən etmək, qorumaq və ötürmək üçün əsas vasitə, həmçinin subyektiv mənaları obyektləşdirmək üçün mühüm üzvi varlıq kimi xarakterizə edir.

Dövlət başçısı dilin fərdi təcrübələrə subyektlərarası məna qatdığını, bütün sosial münasibətlərin dilin işarə sistemi daxilində formalaşdığını qeyd etməklə onun oynadığı siyasi rolu xatırladır. Dilin milli və etnik differensiasiyada mühüm rol oynadığını, onun təsirinin yalnız müəyyən bir icmanın mənəvi varlığı əhatə etmədiyini, həm də digər millətlərdən və etnik qruplardan qarşılıqlı tamamlama və fərqlənmə hissi yaratdığına diqqət çəkir.

Nəticə etibarilə, milli və etnik kimliyin dillə sıx əlaqəli şəkildə nəzərdən keçirilməli olduğunu, onun istənilən sosial icmanın mövcudluğu üçün ən vacib şərtlərdən birinə çevrildiyi vurğulanır: “Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himn ilə birlikdə. Xalqımızın taleyini hamımız yaxşı bilirik, ağır taledir. Əsrlər boyu müstəqillik eşqi ilə, əsrlər boyu müstəmləkəçilik şəraitində yaşamış xalqıq. Bunun adları fərqli ola bilər, amma mahiyyət etibarilə bu, müstəmləkəçilikdir. İstər qədim dövrlərdə, istər Rusiya imperiyası dövründə, fars imperiyası dövründə, Sovet İttifaqı dövründə bu, müstəmləkəçilikdən başqa bir şey deyildi.

Müstəqillik tariximiz də zəngin olub. Dövlətçilik əsasları olub. Fəxr edirik o dövlətlərlə. Amma başqa imperiyaların, ölkələrin tərkibində yaşadığımız üçün istər-istəməz xalqımızın psixologiyasına da müəyyən təsir buraxıb. Bu psixologiyanın fəsadları bu gün də var. Bu, dilin başlıca missiyasıdır həmin missiyanın tarixin müxtəlif zamanlarında necə uğurla yerinə yetirilməsini təsdiq edən yüzlərlə nümunələr göstərmək olar”.

Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dönəmində apardığı dil siyasətinin və bu siyasətin davamı olaraq Prezident İlham Əliyevin təsəvvüründəki dövlət konstruksiyasında onun çəkisinin artırılmasına xüsusi diqqətin missiyasının konturlarını aydın görmək mümkündür. Bununla əlaqədar olaraq dövlətimizin başçısı təkcə dilçilərin deyil, kütləvi informasiya vasitələrinin də üzərinə düşən vəzifələrə işarə edir: “Eyni zamanda, qloballaşma və milli stereotiplərin yarandığı və yayıldığı kütləvi informasiya vasitələrinin və kommunikasiyaların artan təsirinin təsiri ilə müxtəlif millətlər və etnik qruplar arasında qarşılıqlı əlaqələrin artdığının şahidi oluruq. Milli və etnik kimliyin qorunmasına yönəlmiş inteqrasiyaçı və əks meyllərin kəsişməsində, demokratiya və vətəndaş cəmiyyətinin möhkəm kök saldığı, ilk azlıq etnik qrupları üçün nisbətən yüksək həyat səviyyəsi və həyat keyfiyyətinin əldə edildiyi ölkələrdə optimal və ağlabatan həllər tapılır. Bu, münaqişələrin olmamasına zəmanət vermir, lakin bu cür ölkələrdə onların sürətli və konstruktiv həlli şansları həmişə yüksəkdir”.

Prezidentin adıçəkilən müsahibəsində dilimiz və onun perspektivləri ilə bağlı sözlərini dinlədikcə professor Muxtar Hüseynzadənin bununla bağlı fikirləri yadıma düşür. O, 50 il əvvəl yazırdı: “Dil zorakı assimilyasiyaya qarşı o zaman daha ciddi müqavimət göstərə bilir ki, onun sabit və möhkəm qrammatik quruluşu olsun və bir çox əsrlər ərzində öz həyatiliyini sübut etmiş olsun. Belə bir dil yüz illərlə davam gətirən uzun bir proses nəticəsi olan çarpazlaşma zamanı həmişə qalib gəlir və öz lüğət tərkibini məğlub dilin hesabına zənginləşdirir. Azərbaycan dili də belə dillərdəndir”.

Prezident İlham Əliyev adıçəkilən müsahibəsində bayraq, gerb, himnlə birlikdə dili dövlətçiliyin əsas atributlarından biri, bəlkə də birincisi sayır, xalqımızın yaşadığı taledən dərs almağımızı, nəticə çıxarmamızı tövsiyə edir: “Əsrlər boyu müstəmləkəçilik şəraitində müstəqillik eşqi ilə yaşamış xalqıq. Bunun adları fərqli ola bilər, amma mahiyyət etibarilə bu, müstəmləkəçilikdir. İstər qədim dövrlərdə, Rusiya imperiyası, fars imperiyası, istərsə də Sovet İttifaqı dövründə bu, müstəmləkəçilikdən başqa bir şey olmayıb. Müstəqillik tariximiz, dövlətçilik əsasları, ənənələri olub və o dövlətlərlə fəxr edirik, amma başqa imperiyaların, ölkələrin tərkibində yaşadığımız üçün istər-istəməz xalqımızın psixologiyasına da müəyyən təsir buraxıb”.

Dil psixologiyası və ya psixolinqvistika adlı bir elm var. O, nitq, düşüncə və şəxsiyyət arasındakı əlaqəni öyrənir, insanların dili necə yaratdığını və qavradığını, dilin şüuru necə formalaşdırdığını və dil xüsusiyyətlərinin danışanların mentalitetini və sosial mənsubiyyətini necə əks etdirdiyini, onları sosial qruplar, mədəniyyət və tarixlə necə əlaqələndirdiyini araşdırır. Bu sahə, dili sadəcə işarələr sistemi kimi deyil, həm fərdi, həm də qrup (sosiolektlər) nitq nümunələrinin təhlili ilə daxili zehni prosesləri, dünyagörüşünü və ünsiyyət məqsədlərini əks etdirən insan varlığının ayrılmaz hissəsi kimi görür.

Psixolinqvistika, hər bir xalqın yaşadığı psixi situasiyanın onun dilinin leksikasında ifadə olunduğunu elmi dəlillərlə təsdiq edir. Buna görədir ki, İlham Əliyev həmin gerçəkliyi nəzərə alaraq belə deyir: “Bu psixologiyanın fəsadları bu gün də var. Azalır, amma var. Nə qədər az olsa, o qədər də yaxşıdır. Yəqin ki, nəsillərin dəyişməsi ilə, başqa amillərlə bağlıdır. Ancaq dil o amildir ki, milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik. Düzdür, sovet vaxtında bizim leksikonumuza bəzi kəlmələr daxil olmuşdur. Mən beynəlxalq leksikondan gələn kəlmələri nəzərdə tutmuram. Amma prinsip etibarilə müstəqillik dövründə biz özümüzü onlardan təmizləyə bildik”.

Dövlət başçısının fikirlərindəki aktuallıq XX əsrin əvvəllərinin spesifik sosial-siyasi və sosial-mədəni reallıqlarından irəli gəlir. Qlobal ikiqütblü sistemin süqutu ideoloji böhrana, nəticə olaraq özünüdərk böhranına səbəb olduğu bu gün dünyada çoxlarının qəbul etdiyi gerçəklikdir. Müxtəlif sosial icmaların nümayəndələri dünyada öz yerlərini tapmaq və “biz” və “onlar” arasındakı korrelyasiyanı müəyyən etmək ehtiyacını hiss edirlər. Eyni zamanda, qloballaşma, media və kommunikasiyaların artan təsirinin nəticəsidir ki, müxtəlif millətlər və etnik qruplar arasında artan qarşılıqlı əlaqələrin şahidi oluruq. Bu da milli stereotiplərin yaranmasına və yayılmasına səbəb olur.

İnteqrasiya və milli, etnik kimliyin qorunması istiqamətində əks tendensiyaların kəsişməsində, birincisi, demokratiya və vətəndaş cəmiyyətinin möhkəm kök saldığı, ikincisi, azlıq etnik qrupları üçün nisbətən yüksək həyat səviyyəsi və həyat keyfiyyətinin əldə edildiyi ölkələrdə optimal və ağlabatan həllər tapılır. Bu, münaqişə vəziyyətlərinin olmamasına zəmanət vermir, lakin belə ölkələrdə onların sürətli və konstruktiv həlli şansları həmişə yüksəkdir.

Belə şansların diqqətdə saxlanılmasının dilimizi, birbaşa və ya dolayısı ilə xalq və dövlətimizin həyatında oynayacağı rolu nəzərdə tutan İlham Əliyev buna görə tövsiyələrini bu formada çatdırır: “Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də, özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir”.

Bu vəzifənin əhəmiyyətini dönə-dönə xatırladan Prezident “milli kimliyin” sadəcə, mövcudluğunu deyil, inkişafı üçün vacib elementləri həm də ona görə xatırladır ki, hər birimizin məsuliyyəti təhtəlşüurumuza əbədi həkk olunsun. Dildə sosial mənzərəni təşkil edən münasibətlərin formalaşması və qorunması dil daxilində baş verir və buna görə də dil sosial hərəkətləri əsaslı şəkildə əlaqələndirir. Dil sosial təcrübəni müəyyənləşdirmək, qorumaq və ötürmək üçün əsas vasitə, eləcə də subyektiv mənaları obyektivləşdirmək üçün körpüyə çevrilir və fərdi təcrübələrə subyektivlərarası məna qatır.

Sosial münasibətlərin dilin işarə sistemi daxilində formalaşmasında dil, milli və etnik differensiasiyada mühüm faktora çevrilir. Onun təsiri yalnız müəyyən bir icmanın mənəvi varlığını əhatə etmir, həm də digər millət və etnik qruplara qarşılıqlı tamamlayıcılıq və fərqlilik hissi verir.

Prezident, cəmiyyətin hər bir üzvünün daşıdığı məsuliyyət hissi məsələsinə ümumi formada yox, konkret ünvanlarla fərd və qruplara müraciət etməklə toxunur: “Efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər. Mən hərdənbir eşidirəm televiziya verilişlərində, sizə aid deyil. Təbii ki, bizim ziyalılarımız, şairlərimiz, yazıçılarımız onların da sözünə böyük ehtiyac var, onlar da biganə qalmasınlar bu işə. Mən akademiyadakı çıxışımda bu məsələyə qısaca toxundum. Bu gün çərçivələri daha da açıram. Bu, ayrıca bir müsahibənin mövzusu ola bilər, çünki doğrudan da çox geniş mövzudur və sadəcə olaraq, biz hamımız vətəndaşları çağırmalıyıq ki, diqqətli olsunlar. Bu, sadəcə olaraq, belə demədim, elə dedim, deyil. Bunun çox dərin, necə deyərlər, layları var və dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”.

Bu fikrində də Prezident dilin saflığının qorunması üçün ayrı-ayrı elm və peşə sahiblərinin məsuliyyətini xatırlatmaqda haqlıdır. İlk növbədə, televiziya sahəsində çalışan jurnalistlərə çağırış edən ölkəmizin lideri, daha sonra ziyalılara, o cümlədən şair və yazıçılara üz tutur, onları dilimizin saflığının qorunmasında biganəlik göstərməməyə dəvət edirdi.

Bunlarla bərabər, çap və elektron medianın dilin saflığının qorunmasında ikili rol oynadığı xatırladılır. Təbii ki, ya elektron, yaxud çap mediası jarqonları populyarlaşdırmaqla dili zəiflədə bilər, ya da nümunə mətnlərdə standartlar müəyyən etməklə xüsusilə gənclərimizin leksikasında düzəlməz fəsadlarla iz buraxa bilər. Elektron media daha auditoriyasının verdiyi imkanlar hesabına sürətli rəy yaratmaq və yaxud daha geniş əhatə dairəsinə malik olmaqla, dilimizdə əsrlərlə formalaşan fonetik və ya şifahi ədəbi dilin normaları əsasında mövcud olan orfoepik qaydalar sisteminə əsaslı zərbələr vura bilər.

Bunu nəzərdə tutan Prezident hamımızı xalqımızın varlığı ərzində yaratdığı söz xəzinəsinə həssas münasibətə çağırır. Bu, daha çox onunla bağlıdır ki, cənab İlham Əliyev qloballaşmaqda davam edərək balacalaşan dünyanın hansı hədəflərə can atdığını əvvəlcədən görən azsaylı siyasətçilərdən biridir.

Mahirə HÜSEYNOVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor



Sosial həyat