Davos görüşlərində Azərbaycanın qlobal tərəfdaş imici möhkəmlənir

post-img

Azərbaycan Davos İqtisadi Forumunun ən fəal iştirakçılarından biridir. Uzun illərdir rəsmi Bakı bu nüfuzlu beynəlxalq platforma ilə sıx əməkdaşlıq edir. Əvvəlki illərdə olduğu kimi, Prezident İlham Əliyev bu dəfə də forum çərçivəsində dünyanın aparıcı və nüfuzlu şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb və bir sıra sənədlər imzalanıb. Bu fakt onu deməyə əsas verir ki, iri beynəlxalq şirkətlər Azərbaycanla əməkdaşlıqda hər zaman olduğu kimi maraqlıdırlar.

Qeyd edək ki, dövlət başçısı Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində “BTG Pactual”, “Vestas Wind Systems”, “DP World”, “Carlsberg Group”, “J.P. Morgan”, “BlackRock” və “Global Infrastructure Partners”, həmçinin “Brookfield Asset Management” şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib. Bununla yanaşı, “Dell Technologies” və enerji ticarəti sahəsində qlobal liderlərdən sayılan “Vitol”un təmsilçiləri ilə də fikir mübadiləsi aparılıb.

“BTG Pactual” Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biridir. 1983-cü ildə təsis edilmiş “BTG Pactual” təxminən yarım trilyon ABŞ dollarından çox aktivləri idarə edir. Azərbaycan Dövlət Neft Fondu ilə bu şirkət arasında son dövrlərdə mümkün əməkdaşlıq istiqamətləri və strateji prioritetlər ətrafında ilkin müzakirələr aparılır, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq davam etdirilir. Yanvarın 19-da Prezident İlham Əliyev şirkətinin sədri Andre Esteves ilə görüşü zamanı bildirib ki, dünyanın beynəlxalq reytinq agentlikləri ölkəmizin kredit reytinqini daha da artıraraq, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırıb. Söhbət zamanı qlobal iqtisadi proseslər, beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyət və institusional investorların müxtəlif regionlara yanaşması, həmçinin inkişaf etməkdə olan bazarlarda investisiya mühiti, uzunmüddətli investisiya yanaşmaları və qarşılıqlı investisiya layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.

“Vestas Wind Systems” külək enerjisi sahəsində dünyanın aparıcı şirkətlərindən biridir. Şirkət külək turbinlərinin layihələndirilməsi, istehsalı, quraşdırılması və texniki xidmətinin göstərilməsi ilə məşğul olur, həmçinin bərpa olunan enerji üzrə inteqrasiya olunmuş həllər təqdim edir. Şirkət hazırda onlarla ölkədə fəaliyyət göstərir və qlobal enerji keçidində mühüm rol oynayır. Dövlət başçısı Davosda şirkətin baş vitse-prezidenti Morten Dirholm ilə də görüşüb. Görüşdə Azərbaycanda bərpa olunan enerji, xüsusilə külək enerjisi sahəsində həyata keçirilən layihələrə toxunulub, mövcud əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu bildirilib.

“DP World” şirkətlər qrupu dünyanın ən böyük liman operatorları sırasında yer alır. Bu qrup Azərbaycanda uğurlu fəaliyyəti ilə tanınır. Hazırda şirkətin altı qitədə 75-dən çox ölkədə 300-dən çox biznes bölməsindən ibarət qlobal şəbəkəsi var. DP World şirkətinin mənfəəti 2025-ci ilin birinci yarısında təxminən 70 faiz artıb. Gəlirlər illik müqayisədə 20 faiz yüksələrək 11,2 milyard ABŞ dollarına çatıb. Avropa, Yaxın Şərq və Afrika regionlarında konteyner dövriyyəsi isə 12 faiz artım göstərib.

Ölkə başçısı Davosda “DP World”un sədri və icraçı direktoru Sultan Ahmed bin Sulayem ilə də görüşüb. Görüşdə “DP World”un Azərbaycandakı uğurlu fəaliyyəti məmnunluqla qeyd edilib, ölkəmizin mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi və müasir nəqliyyat-logistika infrastrukturunun inkişafı fonunda əməkdaşlığın genişləndirilməsi potensialı vurğulanıb.

Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi görüşlərdən biri də “Carlsberg Group”un baş icraçı direktoru Yakob Aarup-Andersen ilə olub. Söhbət zamanı Azərbaycanda yerli xammal əsasında istehsalın genişləndirilməsi, İmişlidə arpa emalı müəssisəsinin fəaliyyəti və qablaşdırma istehsalının lokallaşdırılması perspektivləri müzakirə olunub. Şirkət rəhbəri 2025-ci ildə Azərbaycanda istehsal olunan məhsulların ixracının əhəmiyyətli dərəcədə artdığını bildirib.

İdarə etdiyi aktivlərin həcmi 4 trilyon ABŞ dollarından çox olan “J.P. Morgan” şirkəti bankçılıq, investisiya və aktivlərin idarə olunması sahələrində fəaliyyət göstərir. Tarixi 200 ildən artıq dövrü əhatə edən şirkət hazırda dünyanın ən böyük və şaxələndirilmiş maliyyə institutları sırasında yer alır. Yanvarın 20-də dövlət başçısı bu şirkətin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə görüşüb. Görüşdə Dövlət Neft Fondu və SOCAR ilə “J.P. Morgan” arasında mövcud uzunmüddətli əməkdaşlıq yüksək qiymətləndirilib, beynəlxalq maliyyə bazarlarında vəziyyət, institusional investorlar üçün imkanlar və qarşılıqlı investisiya perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün aktivlərin idarə olunması üzrə qlobal lider “BlackRock”un baş icraçı direktoru Larri Fink və “Global Infrastructure Partners”in rəhbəri Adebayo Oqunlesi ilə görüş keçirilib. Görüş çərçivəsində Dövlət Neft Fondu ilə uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalanıb, Azərbaycanda infrastruktur, məlumat mərkəzləri, süni intellekt və hava limanı infrastrukturu üzrə investisiya imkanları müzakirə olunub.

Niyyət protokoluna əsasən, ARDNF-nin “GIP” tərəfindən idarə olunan infrastruktur fondlarına və birgə investisiya imkanlarına 3-4 il müddətində 1,5 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır. Əməkdaşlıq çərçivəsində Azərbaycanda regional bulud və süni intellekt tələbatına xidmət edən məlumat mərkəzləri və infrastruktur üzrə potensial investisiya imkanlarının dəyərləndirilməsi, hava limanı infrastrukturu sahəsində “Global Infrastructure Partners”in əməliyyat və idarəetmə təcrübəsi nəzərə alınmaqla tərəfdaşlığın perspektivlərinin araşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycanın uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzaladığı şirkətlərdən biri də “Brookfield Asset Management” olub. Sənəd yanvarın 21-də Davosda Prezident İlham Əliyev ilə bu şirkətin prezidenti Konnor Teskinin görüşü əsasında imzalanıb. Razılaşma mövcud strateji münasibətlərin institusional əsasda daha da dərinləşdirilməsini, Fondun qlobal miqyasda nüfuzlu investisiya platformalarına çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Bununla yanaşı, ARDNF-nin “Brookfield” tərəfindən idarə olunan fondlara və birgə investisiya layihələrinə 3-4 il müddətində ümumilikdə 1,4 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının dəyərləndirilməsi planlaşdırılır. Əməkdaşlıq çərçivəsində Azərbaycanda investisiya potensialı olan əsas sahələr, o cümlədən enerji keçidi və saxlancı, bərpaolunan enerji, rəqəmsal infrastruktur və digər sahələr üzrə imkanların araşdırılması planlaşdırılır.

ABŞ-a məxsus “Dell Technologies” şirkəti dünyanın IT texnologiyaları bazarında aparıcı mövqeyə malikdir. Davosda keçirilən görüşlər çərçivəsində Prezident İlham Əliyev həmçinin “Dell Technologies” in Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adrian Makdonald və enerji ticarəti üzrə qlobal lider “Vitol” un baş icraçı direktoru Russell Hardy ilə görüşlər keçirib. Görüşlərdə rəqəmsal infrastruktur, süni intellekt, məlumat mərkəzləri, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu və enerji əməkdaşlığının perspektivləri müzakirə olunub.

Sonda qeyd edək ki, Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində keçirdiyi bu görüşlər Azərbaycanın qlobal iqtisadi proseslərdə fəal iştirakını, etibarlı tərəfdaş imicini və uzunmüddətli strateji əməkdaşlıqlara verdiyi önəmi bir daha təsdiqləyir.

Musa BAĞIRLI
XQ

İqtisadiyyat