Təmizlik yoluxmalara sipərdir

post-img

Gigiyena insan sağlamlığının təməl sütunlarından biridir. Xüsusilə mətbəx kimi qida ilə birbaşa təmasda olan məkanlarda təmizliyə diqqət yalnız səliqə-sahman deyil, həm də sağlam həyat tərzinin əsas şərtidir. Lakin paradoks ondadır ki, təmizliyin simvolu sayılan bəzi məişət əşyaları, düzgün istifadə olunmadıqda, əksinə, mikrob və bakteriyaların məskəninə çevrilə bilir. Bu baxımdan mətbəx süngəri ən riskli vasitələrdən biri hesab olunur.

Əksər ev təsərrüfatlarında süngər həftələrlə, bəzən aylarla dəyişdirilmədən istifadə olunur. Halbuki süngərin məsaməli quruluşu onun tam təmizlənməsini çətinləşdirir. Üzəri nə qədər yuyulsa da, daxili qatlarda mikroblar yaşamaqda davam edir. Üstəlik, süngərin tez-tez nəm halda saxlanması bu prosesi daha da sürətləndirir. Beləliklə, qab yuyarkən təmizlik yaratdığımızı zənn etdiyimiz halda, əslində, çirklənməni artırmış oluruq.

Mütəxəssislərin fikrincə, mətbəx süngəri gündəlik istifadə zamanı rütubət, qida qalıqları və isti mühitin birləşməsi nəticəsində bakteriyalar üçün ideal şərait yaradır. Araşdırmalar zamanı alimlər mətbəx süngərlərində bağırsaq qrupu bakteriyaları, kif və maya göbələkləri aşkar ediblər. Onların bir hissəsi qida zəhərlənmələri və infeksiyalarla əlaqələndirilir. Daha narahatedici məqam isə bəzi bakteriyaların bir neçə antibiotikə davamlı olmasıdır. Bu isə o deməkdir ki, adi bir mətbəx əşyası potensial olaraq ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Gigiyenik baxımdan problem təkcə bakteriyaların sayı ilə məhdudlaşmır. Köhnə süngərlər xoşagəlməz qoxu yayır, səthləri effektiv təmizləmir və mətbəx mühitində ümumi sanitar vəziyyətin pisləşməsinə gətirib çıxarır. Bu isə xüsusilə uşaqların, yaşlıların və immun sistemi zəif olan şəxslərin sağlamlığı üçün əlavə risk deməkdir.

Süngərdən istifadə etdikcə onun materialı tədricən aşınır və gözlə görünməyən mikroplastik hissəciklər ayrılır. Qab yuma zamanı bu hissəciklər su ilə birlikdə kanalizasiyaya axır, oradan isə çaylara, dənizlərə və ümumilikdə ekosistemə qarışır. Mütəxəssislərin hesablamalarına görə, bəzi süngər növləri hər qram material üzrə milyonlarla mikoplastik lif buraxa bilər. Dünyada milyardlarla insanın gündəlik olaraq süngərdən istifadə etdiyini nəzərə alsaq, problemin miqyası daha aydın görünür. Eyni zamanda, sintetik süngərlərin ucuz olması və hər yerdə satılması onların kütləvi şəkildə istifadəsini təşviq edir. Lakin bu rahatlıq ekoloji baxımdan baha başa gəlir. İstifadə müddəti bitdikdən sonra süngərlər zibilxanalara atılır və orada da parçalanaraq mikoplastik yaymaqda davam edir. Beləliklə, bir süngər ətraf mühiti iki dəfə çirkləndirir: əvvəl mətbəxdə, sonra isə zibilxanada.

Məsələnin həlli isə olduqca sadə, lakin intizam tələb edən vərdişlərdən keçir. Mütəxəssislər xəbərdarlıq edir ki, sintetik süngərləri 15–20 gündən artıq istifadə etmək düzgün deyil. Buna baxmayaraq, əksər insanlar süngərin xarici görünüşünə aldanır və onu aylarla dəyişmir. Bu isə həm sağlamlıq, həm də gigiyena baxımından ciddi təhlükə yaradır.

Bu baxımdan alternativ olaraq, birdəfəlik salfetlərdən, fırçalardan və ya tez quruyan silikon yuyucu vasitələrdən istifadə etmək daha gigiyenik hesab olunur. Ən əsası isə mətbəx təmizliyinə yanaşmada şüurlu və məsuliyyətli olmaqdır. Kiçik görünən bir süngərin böyük sağlamlıq problemlərinə yol aça biləcəyini unutmaq olmaz. Çünki bəzən ən səssiz təhlükələr məhz gündəlik vərdişlərimizin içində gizlənir.

Gigiyenik təmizlik isə yalnız görünən çirki aradan qaldırmaq deyil, həm də görünməyən təhlükələrdən qorunmaq deməkdir. Unutmayaq: təmizlik vərdişlərimiz nə qədər düzgün olarsa, sağlamlığımız da bir o qədər güvənli olar.

Nurəngiz ADİLQIZI
XQ

Sosial həyat