Ankarada Azərbaycan tarı və aşıq sənəti ilə bağlı seminar təşkil edilib

post-img

Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Əməkdar artist, dosent, Özbəkistanın mədəniyyət səfiri Sahib Paşazadə və AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Ankara Gözəl Sənətlər və Musiqi Universitetinin dəvəti ilə təhsil ocağının Xalq Çalğı Alətəri Fakültəsində “Azərbaycan tar ifaçılığı sənəti - Azərbaycan aşıq sənəti ənənəsi və saz ifaçılığı” mövzusunda seminar və Ustad dərsində iştirak ediblər.

XQ xəbər verir ki, seminarda Sahib Paşazadə Azərbaycan tar ifaçılığı ənənələri, tar ifaçılığı sənətinin inkişafı, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda tar alətinin təkmilləşdirilməsi , tarda muğamların və bəstəkar əsərlərinin ifaçılığı mövzusunda geniş məruzə ilə çıxış edib.

Tarzən məruzə ilə yanaşı seminar iştirakçılarına əyani şəkildə Azərbaycan muğamlarından parçalar ifa edərək mizrab və ştrixlər haqqında geniş məlumatı diqqətə çatdırıb. Uzun illərdir Türkiyədə yaşayan tanınmış tar ifaçısı, həmyerlimiz Abdulla Qurbaninin də qatıldığı, ustad dərsi formatında keçən görüşdə Sahib Paşazadə iştirakçıların tar ifaçılığının solo və müşayiət formaları, Azərbaycanda muğam məktəbləri mövzusunda suallarını cavablandırıb.

Qeyd edək ki, seminarda İlhamə Qəsəbova Azərbaycan aşıq yaradıcılığı, bu sənətin tarixi inkişaf mərhələləri, janr xüsusiyyətləri və poetik sistemi, eləcə də ustad-şagird münasibətlərinin mahiyyəti və ənənəvi ötürülmə mexanizmləri haqqında əhatəli məlumat verib. Ustad dərsi çərçivəsində aşıq sənətinin milli-mədəni yaddaşın qorunmasında rolu, onun folklorşünaslıq baxımından əhəmiyyəti və müasir dövrdə yaşadılması istiqamətində aparılan elmi və praktik fəaliyyətlər geniş şəkildə izah olunub. Xüsusilə, aşıq ifaçılığında sazın funksional rolu, dastan ənənəsi, şifahi poetik irsin struktur xüsusiyyətləri və improvizasiya bacarığının əhəmiyyəti diqqətə çatdırılıb.

Seminarın sonunda Sahib Paşazadə və İlhamə Qəsəbova universitetin rəhbərliyi tərəfindən sertifikatla təltif edilib.

Ankara Gözəl Sənətlər və Musiqi Universitetinin rektoru professor Erhan Özden Azərbaycandan gələn sənət xadimlərini ilə görüşərək ali təhsil müəssisəsi ilə Beynəlxalq Muğam Mərkəzi arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Birgə əməkdaşlığın perspektivləri mövzusunda fikir mübadiləsi aparıblar. Erhan Özden ötən ilin noyabr ayında Bakıda keçirilən elmi –konfrans zamanı BMM-də olduğundan məmnunluğunu ifadə edərək iki qardaş ölkə arasında musiqi sənəti sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

Sahib Paşazadə universitetdə tar ifaçılığı fakültəsinin fəaliyyət göstərməsini yüksək qiymətləndirib.

Vurğulanıb ki, bu kimi elmi-maarifləndirici tədbirlər Azərbaycan tar ifaçılığı və aşıq sənətinin beynəlxalq müstəvidə tanıdılması, eləcə də mədəniyyətlərarası elmi əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Mədəniyyət