Milli Gimnastika Arenasında Avropa Kubokuna start verildi

post-img

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi keçirilib.

XQ xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələrin Dövlət bayraqları arenanın mərkəzinə gətirilib.

Gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov ölkədə idmanın sürətlə inkişaf etdiyini söyləyib və Bakının 2026-cı il üçün dünyanın idman paytaxtı seçildiyini, paytaxt şəhərin artıq bir neçə dəfə beynəlxalq gimnastika yarışlarına ev sahibliyi etdiyini xatırladıb.

Sonra Avropa Kuboku açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam edib. Bədii gimnastlar tərəfindən musiqi sədaları altında rəqs şousu nümayiş olunub.

Qeyd edək ki, bu gün start götürən yarışda 31 ölkədən ümumilikdə 194 idmançı medallar uğrunda mübarizə aparır. Onlardan 137-si böyüklər, 57-si isə gənclər kateqoriyasında çıxış edir. Turnirdə Azərbaycanı 10 idmançı təmsil edir. Azadə Atakişiyeva və Ayla İsgəndərli gənclər, İlona Zeynalova, Şəms Müvəffəqi, Sofiya Məmmədova, Zəhra Cəfərova, İlahə Bahadırova, Alina Məmmədova, Fidan Qurbanlı və Kamilla Seyidzadə isə böyüklər kateqoriyasında qüvvələrini sınayırlar.

Qeyd edək ki, Avropa Kuboku mayın 3-dək davam edəcək.

İdman