İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elizabeta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən XQ-yə bildirilib ki, görüşdə AYİB-nin Azərbaycanda fəaliyyəti və əməkdaşlığın gündəliyində olan məsələlər müzakirə olunub. Bankın investisiya strategiyasının prioritet istiqamətləri, xüsusilə su təchizatı, məişət tullantılarının idarə olunması, şəhərsalma, nəqliyyat infrastrukturu və bərpaolunan enerji layihələri üzrə qarşılıqlı fəaliyyət imkanları nəzərdən keçirilib.
Tərəflər Bankın ölkəmizdə həyata keçirdiyi layihələrin iqtisadiyyatın şaxələndirilməsinə, özəl sektorun inkişafına və dayanıqlı maliyyə axınlarının artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər. Eyni zamanda, investisiya prioritetlərinin genişləndirilməsi, layihələrin maliyyələşdirilməsi və texniki dəstəyin artırılması məsələləri diqqət mərkəzində olub.


