Ötən il İnzibati Xətalar Məcəlləsinin 549-cu (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsi ilə bələdiyyənin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilmiş, həmin protokollar əsasında 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 3 protokol isə hazırda məhkəmələrin icraatındadır.
XQ xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 9-da keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın (Ədliyyə Nazirliyi) illik məruzəsində öz əksini tapıb.
Qeyd edilib ki, 2025-ci ildən etibarən inzibati nəzarət qaydasında baxılması üçün ölkə bələdiyyələri üzrə bütün aktlar qanunvericiliyin tələbinə uyğun olaraq "Bələdiyyələrlə iş" informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilib. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün bələdiyyələrin də aktlarının informasiya sisteminə yerləşdirilməsi təmin olunub. Bununla da bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi halları, habelə bununla bağlı bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb.

