Prezidentlə görüşən şəhid atası Əli Sarıyev ilə səmimi söhbət
Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb və onlara mənzillərin açarlarını təqdim edib. Artıq keçmiş məcburi köçkünlər müvafiq dövlət qurumlarının köməkliyi ilə əzəli yurd yerlərinə qayıdıb.
“Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq azad edilən bütün torpaqlarımız kimi Zəngilan rayonu da minalardan təmizləndikdən sonra Ağalı kəndi “ağıllı kənd” konsepsiyası əsasında layihələndirilib və nəzərdə tutulan bütün işlər uğurla icra olunub. 200 fərdi yaşayış evi tikilib,175 ailə, ümumilikdə 871 nəfər kənddə məskunlaşıb. Burada bütün sosial infrastruktur obyektləri mövcuddur. Kənddə “15 dəqiqəlik əlçatanlıq” prinsipi tətbiq olunub, yəni əsas xidmətlərə piyada olaraq qısa müddətdə çatmaq mümkündür. Evlər günəş panelləri ilə təchiz edilib, Həkəri çayı üzərində quraşdırılan 3 hidro-turbin vasitəsilə alternativ enerji əldə olunur.
Rayon mərkəzində yerləşən birinci yaşayış kompleksi 1,96 hektar ərazini əhatə edir, 12 binadan və 104 mənzildən ibarətdir. Mənzillərin daxili bəzək işləri tamamlanıb, mətbəxlər mebellə təmin olunub, ərazidə yerüstü və yeraltı dayanacaqlar yaradılıb. Uşaqlar onlar üçün quraşdırılan əyləncə yerlərində sevinclə oynayırlar. Yaşlı insanların səhbətgahlarda şirin söhbətləri saatlarla davam edir. Şagirdlər yeni məktəblərinə qayıdırlar. Məşğulluq mərkəzinin əməkdaşları sakinlərlə yeni iş yerləri ilə bağlı görüşlər keçirirlər.
Rayon mərkəzinə sakinlərin qayıtdığı ilk gündən burada “Xalq” qəzetinin müxbiri fəaliyyət göstərir. Qayıdış prosesini canlı izlədikdən sonra rayonda ilk həmsöhbətim Vətən Müharibəsinin şəhid əsgəri Samir Sarıyevin atası Əli kişidir. Prezident İlham Əliyev tərəfindən şəhərdə mənzillə təmin olunan Əli Sarıyev açarların təqdimolunma mərasiminin son dərəcə səmimi anlarına toxunaraq: “Dövlət başçısının sadəliyi, qayğıkeşliyi və insanlara yüksək diqqəti məni valeh edir. Zəngilan şəhərində oğlumun adını daşıyan küçədə mənzillə təmin edildiyimi eşidəndə özümü nə qədər toparlamağa çalışsam da bacarmadım. Bunu incəliyinə qədər hiss edən dövlət başçısı qısa söhbətdən sonra mənə а fiziki köməklik göstərilməsini tapşırdı. Prezidentimizə şəhid ailələri başda olmaqla xalqımızın hər bir sakininə göstərdiyi qayğıya və diqqətə görə dərin təşəkkürümü bildirirəm.”
Əli kişi ilə müasir şəraitdə bərpa olunan rayon mərkəzində əvvəlcə Samir Sarıyev, sonra isə 28 may küçələrində gəzərək xeyli söhbətləşdik. İgid oğlunun qəhrəmanlığı, döyüş rəşadəti və Prezidentin Sərəncamları ilə təltif olunan çoxsaylı medallarından qürur hissi ilə danışdıqdan sonra söhbətimiz çay süfrəsi ətrafında davam edib. Deyir ki, düşmən tərəfindən tamamilə dağıdılaraq talan edilən ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini görəndə ölkəmizin durmadan artan iqtisadi gücünü bir daha reallığı ilə hiss edirsən.
Şəhid atası yeni mənzilləri göstərərək fikrini davam etdirir: ““Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq burada tikilən evlər, məktəblər, sosial binalar, yeraltı və yerüstü qarajlar, mağazalar, konqres mərkəzi və məscid və digər yaşayış və inzibati binalar inkişafımızı əyani surətdə təsdiqləyir”.
Söhbətimizin şirin yerində yeni mənzillərinin şəraiti barədə danışararaq: “Köçkünlük ömrü çox ağır və məşəqqətli olur. Şükür bu günümüzə, şəhidlər versək də, igidlərimiz yaralansa da xalqımızın qürurunu yüksəltdik, düşməni torpaqlarımızdan birdəfəlik qova bildik. Uzun illər boyu Rusiyanın müxtəlif şəhərlərində işləmişəm və yaşamışam. Köçkün olduğumu deyəndə daxilən üzülür və mənəvi əzab çəkirdim. İndi isə həmin yoldaşlarla danışanda şəhid atası olduğumu və bir vaxtlar işğal altında olan və dağıdılan yurdumuzda tam müasir mənzillərdə yaşadığımızı fəxrlə deyirəm”.
Şəhid atası Əli kişinin ev şəraiti ilə tanış oldum. Burada olan 3 otaqlı mənzillərin xeyli hissəsi kimi onun da evi iki mərtəbədən bir balkondan ibarətdir. Müasir mətbəği zövqlə quraşdırılan mebeldən, elektrik peçindən və hava təmizləyicidən ibarətdir.
... Zəngilan şəhərinə qayıdan bütün sakinlərin arzu və istəkləri yerindəcə öyrənilir, yeni iş yerləri barədə müvafiq qurumlar tərəfindən ətraflı məlumatlar verilir və onların hər biri Prezidentin Şərqi Zəngəzur üzrə xüsusi nümayəndəliyinin əməkdaşlarının fəal köməkliyi ilə operaiv surətdə həll olunur. Beləliklə də bu gün Zəngilan qayğısız və təhlükəsiz yaşam yerinə çevrilib.
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri



