Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 10–17 Noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında rəsm müsabiqəsi keçirilib.
Bu haqda “Xalq” qəzetinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
İştirakçılar rəsmlərində əsasən, vətənpərvərlik mövzusuna üstünlük veriblər. Qiymətləndirmə nəticəsində Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi İnci Rəhimli birinci yerə layiq görülüb. İnstitutun digər təmsilçisi Leyla Əhmədova ikinci, Naxçıvan Hərbi Kollecinin tələbəsi Seymur Qasımov isə üçüncü olub.
Qeyd edək ki, həftə ərzində keçirilən yarışmalarda fərqlənən gənclər Beynəlxalq Tələbə-Gənclər Həftəsinin noyabrın 17-də keçiriləcək yekun tədbirində mükafatlandırılacaqlar.
Səbuhi HƏSƏNOV
XQ



