ABŞ Ukraynaya etdiyi yardıma görə kompensasiya tələbini 300 milyard dollardan 100 milyard dollara endirib.
AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası ötən həftə Vaşinqtonda baş tutan danışıqlardan sonra Kiyevə ayrılan yardımın həcminin qiymətləndirilməsini 300 milyard dollardan təxminən 100 milyard dollara endirib. Beləliklə, bu rəqəm Ukraynanın bəyan etdiyi 90 milyard dollar məbləğinə yaxınlaşıb. Həmçinin Ağ ev Kiyevə təzyiqi davam etdirərək Ukraynanın gələcək investisiya layihələrindən, o cümlədən minerallardan və infrastruktur sektorundan əldə olunan gəlirlərin bölüşdürülməsinə dair razılaşmaya nail olmağa çalışır. Vaşinqton bunu ABŞ-ın sabiq prezidenti Cozef Bayden dövründə verilən hərbi və digər yardımların təzminatı kimi görür.
Xatırladaq ki, Donald Tramp əvvəllər Birləşmiş Ştatların Ukraynaya 300 milyard dollardan çox yardım ayırdığını iddia edirdi.