Aprelin 15-də Milli Məclisdə TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclası keçirilib. İclas “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusuna həsr olunub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev ölkə Prezidenti İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” ifadəsinin önəmini qeyd edərək türk dövlətlərinin siyasi, iqtisadi, təhlükəsizlik baxımından təşkilatlanmasının vacibliyindən danışıb. Bildirilib ki, türk dövlətləri ilə bütün sahələrdə, o cümlədən parlament səviyyəsində əlaqələrin güclənməsi ölkəmizin prioritet məsələlərindəndir. Bu gün dünyada inkişafın, sülhün və təhlükəsizliyin təmin edilməsində türk dövlətləri birliyi əsas güc strukturlarından biridir. Komitə sədri TÜRKPA-nın mühüm platforma kimi strateji hədəflərin həyata keçirilməsində önəmli addımlar atdığını, üzv dövlətlərin parlamentləri arasında əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verdiyini söyləyib.
Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar çıxış edərək ötən il TBMM-nin ev sahibliyi ilə keçirilmiş müdafiə komitələrinin birinci iclasını xatırladıb. Tədbirin türk dövlətləri arasında birliyin gücləndirilməsi baxımından önəmini qeyd edib. O, TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik üzrə komitələrinin toplantılarının keçirilməsinin parlament diplomatiyası vasitəsilə regional əməkdaşlığın güclənməsində mühüm rol oynadığını vurğulayıb. Təşkilatın üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, bu ölkələrə aid aktual məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynadığını qeyd edib. Komitə sədri Azərbaycanın Qarabağ uğrunda haqlı mübarizəsində əldə etdiyi Zəfəri bütün Türk dünyası və dünya birliyi üçün nümunə olduğunu vurğulayıb.
Qazaxıstan Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin üzvü Amangeldi Nuqmanov ölkəsinin TÜRKPA-ya üzv dövlətlərlə dostluq münasibətlərinə malik olduğunu, əlaqələri ən yüksək formada inkişaf etdirmək və vahid türk ailəsinə daha da yaxın olmaq istiqamətində fəaliyyətini uğurla davam etdirdiyini söyləyib.
Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini Eldar Sulaymanov öz çıxışında bu gün qlobal təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olduğunu qeyd edib, bu məsələlərin həllində parlament diplomatiyasının rolu barədə söhbət açıb.
Özbəkistan Ali Məclisi Senatının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Kutbidin Burxanov dünyada gedən geosiyasi proseslər fonunda türk dövlətləri birliyinin möhkəmləndirilməsi və regional həmrəyliyin dərinləşdirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. TÜRKPA üzv dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində inteqrasiyanın gücləndirilməsi üçün strateji addımların atılmasına diqqət çəkib.
Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi məsələlər, xarici işlər və müdafiə komitəsinin sədri Yasemi Öztürk bildirib ki, türk dövlətlərinin birliyi həm regional sabitliyə, həm də qlobal miqyasda ədalətli dünya nizamının formalaşmasına yönəlib. O, türk dövlətləri arasında bütün sahələrdə olduğu kimi, təhlükəsizlik məsələlərində də əməkdaşlığın gücləndirilməsinin vacibliyi barədə də fikirlərini səsləndirib.
Sonda TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın ortaq təhdidlərə cavab verilməsi, strateji məqsədlərimiz, regional sabitlik baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Mehmet Süreyya Er bütün istiqamətlərdə olduğu kimi, bu sahədə də parlament diplomatiyasının önəmli rolundan danışıb.
Digər çıxış edənlər türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi və bu sahədə parlamentlərin rolu ilə bağlı fikirlərini bölüşüblər, qeyd və təkliflərini səsləndiriblər.
İclasda gündəliyin digər məsələlərinə də baxılıb, müvafiq qərarlar qəbul olunub.
XQ