Almaniya XİN başçısı Kiyevdə səfərdədir

post-img

Almaniyanın xarici işlər naziri Yohan Vadeful elan olunmamış səfərlə Kiyevə gedib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xəbəri “Anadolu” verib. 

“Ukraynalılar təkcə öz ölkələrinin azadlığını və suverenliyini deyil, həm də Avropanın təhlükəsizliyini və azadlığını Putinin təcavüzündən müdafiə edirlər. Ona görə də biz bundan sonra da bütün diqqətimizi Ukraynanı dəstəkləməyə yönəldəcəyik. Ukraynanın azadlığı və gələcəyi bizim xarici və təhlükəsizlik siyasətimizin ən mühüm vəzifəsidir”, - nazir Kiyevə gələrkən deyib.

Vadeful Almaniyanın Ukraynanı müasir hava hücumundan müdafiə və digər silahlarla dəstəkləməyə davam edəcəyini bildirib. O, həmçinin Ukraynanın “özünü uğurla müdafiə edə bilməsi” üçün humanitar və iqtisadi yardım vəd edib.

Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin əlavə edib ki, Aİ və G7 tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı sanksiyalar üzərində işləməkdə davam edirlər.

Qeyd edək ki, bu, Yohan Vadefulun vəzifəyə gəldikdən sonra Kiyevə ilk səfəridir.

P.ƏMİRCANOV
XQ

Dünya