Şuşa savaşının şəhidi

post-img

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Surxay Noçuyev sanki hərb işi üçün doğulmuşdu. Bəlkə də əslən Zəngilandan olması, uşaq vaxtlarından erməni qəddarlığını görməsi və ailəsinin məcburi köçkünlük əzabları yaşaması onu Vətənə məhəbbət, düşmənə nifrət hissi ilə yaşatmışdı.

Surxayın arzusuna doğru yolda açdığı ilk qapı Cəmşid Naxçıvanski adına Hərbi Lisey olub. Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Quru Qoşunları fakültəsini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. 2010-cu ildən “leytenant” rütbəsində hərbi qulluğa başlayıb. Motoatıcı taqım, bölük komandiri, qərargah rəisi, tabor komandiri vəzifələrini layiqincə yerinə yetirib. “Kapitan” hərbi rütbəsinədək yüksəlib.

Vətən müharibəsində kapitan Noçuyev xüsusilə fərqlənən zabitlərdən olub. Komandirlik etdiyi mexanikləşdirilmiş taborun şəxsi heyəti ilə birlikdə döyüşlərdə şücaət nümunələri göstərib. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa istiqamətlərində, necə deyərlər, iz qoya-qoya irəliləyib: düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib.

Silahdaşları deyirlər ki, Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə həyata keçirilən döyüş taktikası Surxayın adı ilə bağlıdır. Məhz həmin kənddə tətbiq olunan taktikaya “Surxay Noçuyev taktikası” adı verilmişdi. O taktika özünü təsdiq etdiyi üçün sonrakı döyüşlərdə də uğurla tətbiq olunmuşdu. “Surxay Noçuyev taktikası”ndan hansı döyüşdə istifadə edilirdisə, orada minimum itki və yüksək qələbə olurdu.

Qismətə baxın ki, şanlı Qələbənin qazanıldığı, “Qarabağ Azərbaycandır!” şüarının bayraq olub zirvələrdə dalğalandığı 9 noyabr günündə qəhrəmancasına şəhid olub. Çoxdan qoynuna can atdığı Şuşa şəhəri ərazisində hərbi əməliyyatlarla onun ömür kitabının son səhifəsi yazılıb. Bundan 3 gün sonra Bakıda 2-ci Fəxri xiyabanda torpağa tapşırılıb. Bir ay sonra isə “Vətən müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

...Ötən ilin yayında Şuşada idik. Bir gün şair dostlarım Avdı Qoşqar və Nəcməddin Mürvətovla taksiyə minib İsa bulağına yollandıq ki, can dərmanı olan suyundan içək. Orada şəklimizi çəkən gənc dedi ki, bilirsinizmi, şəhidlərdən biri məhz İsa bulağının yanında ağır yaralanıb, alışıb-yanan ürəyini soyutmaq istəsə də, bulağın suyuna əli yetməyib. Bura həm təbiətin gözəl guşəsidir, həm də bax, belə bir müqəddəs yerdir. Doğrusu, su dolu bardaq tutan əlim həyəcandan əsməyə başladı, 1 qurtum da içə bilmədim. Çünki qulaqlarımda son nəfəsində (özü də İsa bulağında) “Su, su...” deyən şəhidin pıçıltısı səslənirdi.

Bədahətən bu misraları söylədim:

O, canından keçsə də,
Anddan keçə bilmədi.
Şır-şır axan bulaqdan
Su da içə bilmədi.

Nəcməddin Mürvətov ardını gətirdi:

Vətən deyib torpağı
Qucaqlayan şəhidim.
Şöhrətiylə, şanıyla
Hey çağlayan şəhidim!..

Avdı Qoşqar da “borclu” qalmadı:

Ciyəri yana-yana
Son nəfəsdə dedi: “Su...”
Aydınlığa qovuşdu
Əbədiyyət yolçusu.

O zaman həmin şəhidin kim olduğunu öyrənə bilmədik. Amma mən indi düşünürəm ki, bəlkə də o, elə Surxay Noçuyev olub. Döyüş yolu Şuşayadək uzanan və Qələbə çalınan gün – noyabrın 9-da orada həlak olan Surxay Noçuyev. Hər bir halda, Şuşa səfərimiz zamanı belə kövrək anlar yaşamışıq.

Adını qızıl qanı ilə Zəfər salnaməmizə yazan Surxay Noçuyev ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Onu da qeyd edək ki, 2021-ci ilin oktyabrında Zəngilana onun doğma sakinləri ilə birlikdə səfər edən Prezident İlham Əliyev qəhrəmanın atası Əbdül Noçuyevlə çox səmimi görüşüb və həmin kadrlar televiziya ilə göstərilib. Dövlətimizin başçısı şəhid atasını qucaqlayaraq kövrəlib, ona ürək-dirək verib. Vətən uğrunda canını qurban verən Surxayın timsalında bütün şəhidlərimizin ruhuna ehtiramını ifadə edib.

Ə.DOSTƏLİ
XQ

Sosial həyat