Brüssel Trampın rüsum qərarına cavab verməyə hazırlaşır

post-img

Avropa İttifaqı (Aİ) ABŞ ilə gömrük mübahisəsində daha sərt mövqe nümayiş etdirir. İttifaq, Prezident Donald Tramp administrasiyasının planlaşdırdığı yeni gömrük rüsumlarına cavab olaraq, ABŞ-dan idxal olunan mallara qarşı 72 milyard avro dəyərində əlavə tariflərin tətbiqinə hazırlaşdığını açıqlayıb. Əgər Vaşinqtonla aparılan danışıqlar nəticə verməsə, bu tədbirlərin yaxın həftələrdə qüvvəyə minməsi mümkündür.

Bu barədə Avropa Komissiyasının ticarət üzrə komissarı Maroş Şefçoviç Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, qarşılıqlı kompromis əldə olunması üçün son aylar ərzində intensiv dialoqlar aparılsa da, Tramp administrasiyasının son açıqlamaları bu prosesə mənfi təsir göstərib:
“Biz əsas razılaşma üzərində həftələrlə çalışmışdıq və demək olar ki, məqsədə çatmışdıq. Lakin bu yeni bəyanat vəziyyəti kəskin dəyişir və Trans-Atlantik münasibətlərdə qeyri-müəyyənliyi artırır".

Rüsum siyahısı azaldılıb, lakin risk qalır

Avropa Komissiyası tərəfindən hazırlanan əlavə rüsum siyahısı sənaye və kənd təsərrüfatı məhsullarını əhatə edir. Siyahı ilkin mərhələdə 95 milyard avro dəyərində məhsulu əhatə etsə də, ictimai məsləhətləşmələrdən sonra bu göstərici 72 milyard avroya endirilib. Komissar siyahıdan çıxarılan məhsullar barədə ətraflı məlumat verməkdən imtina edib, lakin vurğulayıb ki, məqsəd təzyiq aləti olaraq balanslı və effektiv mexanizm formalaşdırmaqdır.

Brüsselin cavab tədbirləri, eyni zamanda, Transatlantik ticarətin bütövlüyünün qorunmasına yönəlib. Aİ tərəfi hesab edir ki, birtərəfli gömrük qərarları yalnız ticarət dövriyyəsinə deyil, həm də uzunmüddətli strateji tərəfdaşlığa zərər vura bilər.

Avropa şirkətləri narahatdır

Yeni qarşılıqlı tariflərin tətbiqi ehtimalı Avropa biznes dairələrində də narahatlıq doğurur. Avropa Sənayeçılar Assosiasiyası (BusinessEurope) bəyanat yayaraq bildirib ki, ticarət müharibələri iqtisadi artıma və istehlakçı rifahına mənfi təsir göstərir. Assosiasiya tərəfləri danışıqlar yolu ilə razılığa gəlməyə çağırıb.

Ekspertlərin fikrincə, Trampın 2025-ci il seçkilərinə doğru iqtisadi populizmə əsaslanan siyasətə qayıtması ehtimalı bu kimi qərarlarla daha da güclənir. ABŞ Prezidentinin “Öncə Amerika” (America First) şüarı altında bir daha proteksionist siyasətə üz tutması Aİ-də narahatlıqla izlənilir.

Ticarət qarşıdurması siyasi böhrana çevrilə bilər

Brüsselin rəsmi dairələri və üzv dövlətlər Transatlantik münasibətlərin gələcəyini risk altında görürlər. Aİ-nin ABŞ-la münasibətləri yalnız iqtisadi sahədə deyil, həm də enerji təhlükəsizliyi, müdafiə əməkdaşlığı və texnologiya sahələrində qarşılıqlı asılılıq üzərində qurulub. Belə bir kontekstdə gömrük mübahisəsinin uzunmüddətli böhrana çevrilməsi yalnız iqtisadi deyil, eyni zamanda, geosiyasi balanslara da təsir göstərə bilər.

Rəsmilər dialoqun davam etdirilməsinin vacibliyini vurğulasalar da, həm Brüssel, həm də Vaşinqtonda kompromis istəyi getdikcə zəifləyir. Gözlər indi qarşıdakı sammitlərə və liderlərin bu mübahisəni siyasi iradə ilə necə idarə edəcəyinə yönəlib.

S.ELAY

XQ

Dünya