ABŞ-Rusiya-Ukrayna: Tramp diplomatik çıxış yolu axtarır...

post-img

NBC News yazır ki, Ukraynada sülhə gedən yol hələ də qeyri-müəyyəndir. ABŞ prezidenti Donald Tramp tərəfləri razılaşdırmağa çalışsa da, Rusiya addım-addım əvvəlki öhdəliklərindən yayınır.

Məsələyə bələd olan Qərb rəsmisinin sözlərinə görə, Moskvanın mövqeyi Ağ Evdə ciddi narazılıq yaradıb. “Ruslar gündən-günə öhdəliklərdən geri çəkilirlər. Bu, hər hansı bir prezidenti qıcıqlandırardı, amma xüsusilə Tramp kimi xarakterə malik siyasətçini daha da əsəbiləşdirir”, – deyə o bildirib.

Buna baxmayaraq, Vaşinqton administrasiyası hələ də diplomatik həll imkanlarını tam istisna etmir. Rəsmilərin sözlərinə görə, Tramp açıq şəkildə bildirib ki, hərbi yolla qələbə mümkün deyil və əgər diplomatik həll imkanı varsa, o, bu yoldan istifadə etmək niyyətindədir.

Son günlər Tramp–Putin, Tramp–Zelenski və Avropa liderləri arasında baş tutan diplomatik görüşlər də sülh prosesini aydınlaşdırmayıb. ABŞ prezidenti bu həftə qeyd edib ki, Ukrayna yalnız müdafiədədir və bu şərtlərdə Rusiyaya qalib gələ bilməz. Bu bəyanat Ağ Ev rəsmilərinə görə, Kiyevin razılaşmanı əsasən Moskvanın şərtləri əsasında qəbul etməli olacağına işarədir.

Eyni zamanda, ABŞ-ın dövlət katibi Marko Rubio ilə yanaşı, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Finlandiya və NATO nümayəndələri də Ukraynanın təhlükəsizlik zəmanətlərinin hazırlanması üzərində işləyirlər. Mənbələrə görə, bu zəmanətlər potensial Ukrayna–Rusiya sammitindən əvvəl razılaşdırılmalıdır.

Tramp isə avqustun 22-də bildirib ki, iki həftə ərzində həm Moskvanın, həm də Kiyevin real mövqeyi aydın olacaq və bundan sonra Vaşinqtonun hansı addım atacağına qərar veriləcək. Onun sözlərinə görə, söhbət ya kəskin sanksiyalardan, ya yüksək tariflərdən, ya da hər ikisindən gedir. Ehtimal olunan digər variant isə ABŞ-ın münaqişəyə qarışmaması ola bilər.

Bundan əvvəl Tramp, prezident Co Baydeni Ukraynaya Rusiyaya qarşı hücum əməliyyatlarına icazə vermədiyi üçün tənqid edib: “Müharibəni qalibiyyətlə bitirmək mümkün deyil, əgər işğalçı ölkəyə zərbə vurmaq qadağan edilirsə. Yalançı və bacarıqsız Bayden yalnız müdafiəyə icazə verdi. Bunun nəticəsi göz qabağındadır”, – deyə o vurğulayıb.

Beləliklə, Tramp diplomatiya ilə sülhü əldə etməyə çalışsa da, Moskvanın qeyri-müəyyən mövqeyi və Ukraynanın müdafiə imkanlarının məhdudluğu prosesin hələ uzun və çətin olacağını göstərir.

S.ELAY

XQ

Dünya