Almaniya kansleri Fridrix Merts rifah sisteminin gələcəyi ilə bağlı ciddi xəbərdarlıq edib. Onun sözlərinə görə, ölkə artıq mövcud sosial təminat modelini maliyyələşdirəcək iqtisadi resurslara malik deyil. Bu barədə The Telegraph məlumat yayıb.
Avqustun 23-də Aşağı Saksoniyada CDU partiyasının qurultayında çıxış edən kansler bildirib: “Bu gün mövcud olan sosial dövlət artıq bizim iqtisadi imkanlarımız hesabına maliyyələşdirilə bilməz.” Merz sosial ödənişlər sisteminin “əsaslı şəkildə yenidən qiymətləndirilməsini” tələb edib.
Məlumatlara görə, Almaniya iqtisadiyyatı son illər zəifləyib. 2017-ci ildən bəri ÜDM artımı cəmi 1,6% təşkil edib. Halbuki avrozonanın digər ölkələrində bu göstərici 9,5%-ə çatıb. Daha da narahatedici məqam odur ki, Almaniyanın ÜDM-i 2023-cü ildə 0,3%, 2024-cü ildə isə 0,2% azalıb. Bu, ölkə iqtisadiyyatının daralma mərhələsinə daxil olduğuna işarə edir.
Eyni zamanda, əhalinin qocalması, əmək bazarındakı struktur problemlər və yüksək işsizlik sosial təminat xərclərini artırır. The Telegraph qeyd edir ki, bu tendensiya 2025-ci ildə də davam edəcək.
Ortaya çıxan ziddiyyət aydındır: sosial xərclər demoqrafik və sosial amillər səbəbindən artır, amma bu xərcləri qarşılamalı olan iqtisadi baza zəifləyir. Bu, büdcə kəsirinin böyüməsinə və rifah dövlətinin maliyyə dayanıqlığının sual altına düşməsinə gətirib çıxarır.
Mertsin vurğuladığı “yenidən qiymətləndirmə” konsepsiyası sosial ödənişlərin azaldılması və ya daha səmərəli idarə olunması üçün sistemin islahatını nəzərdə tutur. Bu, inkişaf etmiş sosial təminat modellərinə malik ölkələrin iqtisadi böhranlar zamanı müraciət etdiyi tipik yanaşmadır.
Almaniyanın rifah sisteminin gələcəyi ilə bağlı bir neçə ssenari irəli sürülür:
- Sosial ödənişlərin məhdudlaşdırılması. Ən real addımlardan biri dövlət müavinətlərinin azaldılması, yalnız ən həssas təbəqələrə yönəldilməsi ola bilər. Bu, siyasi mübahisələr yaratsa da, büdcə kəsirini qismən azalda bilər.
- Vergi yükünün artırılması. Dövlət əlavə maliyyə vəsaiti toplamaq üçün yüksək gəlirlərə və iri şirkətlərə əlavə vergilər qoya bilər. Ancaq bu, biznes mühitini zəiflədərək investisiyaları azalda bilər.
- Əmək bazarının canlandırılması. Əhalinin məşğulluğunu artırmaq, gəncləri əmək bazarına cəlb etmək və immiqrasiya siyasətini yumşaltmaq sosial sistemin dayanıqlığını gücləndirə bilər.
- Sosial dövlət modelinin transformasiyası. Uzunmüddətli perspektivdə Almaniya klassik rifah dövləti modelindən daha çevik, sığorta əsaslı və özəl sektorun daha çox iştirak etdiyi sistemə keçə bilər.
Beləliklə, Almaniya nümunəsi göstərir ki, hətta Avropanın ən güclü iqtisadiyyatlarından biri belə demoqrafik dəyişikliklər və iqtisadi durğunluq fonunda rifah dövlətinin yükü altında zəifləyə bilər. Bu, təkcə Almaniya üçün deyil, bütün Avropa rifah dövlətləri üçün xəbərdarlıq siqnalıdır. Əgər struktur islahatlar vaxtında həyata keçirilməsə, sosial təminat sistemlərinin dağılması yalnız Almaniyada deyil, "qoca qitə"nin bir çox ölkəsində qaçılmaz ola bilər.
S.ELAY
XQ