Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Bakı Dövlət Universitetinin tələbələri ilə növbəti elmi seminar məşğələsi keçirilib.
Tədbirdə XX əsr Güney-Quzey Azərbaycanının şair övladı, ədəbiyyatşünas alim, tərcüməçi, Xalq şairi Hökumə Billurinin həyatı və zəngin bədii irsi haqqında geniş məlumat verilib.
Muzeyin “Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi” şöbəsinin elmi işçisi Aysel Məhərrəmova təcrübə keçən tələbələrə Hökumə Billurinin poeziyası, milli azadlıq mübarizəsi və Bakıda keçən təhsil, elmi yaradıcılıq dövrü haqqında məruzə edib.
Aysel Məhərrəmova bildirib ki, 1926-cı ildə Zəncanda dünyaya göz açmış Hökumə Billuri Güneyin 1941-1945 ci illər milli azadlıq hərəkatının fəal iştirakçılarından olub, bu tarixi dövrü yaradıcılığında şövqlə tərənnüm edib.
Qeyd olunub ki, poetik yaradıcılığa hələ orta məktəb illərində başlamış Billurinin ilk şeir və məqalələri 1945-ci ildə “Azər” və “Vətən yolunda” qəzetlərində, “Azərbaycan” jurnalında dərc olunub. Ədib "Mənim arzum" (1949), "Mübarizə illərində" (1951), "Şairin yadigarı" (1957), "Səndən uzaqlarda" (1961), "Səhər günəşi" (1964), "İstərəm" (1969), "Çinar gözləyir məni (1980), "Bir də bahar gəlsə" (1984) kitabları, "Səriyyə" ("Ölməz qəhrəman"), "Sənin həyatın", "Məhin", "O göylərin altında" adlı poemaların müəllifidir.
Məruzəçi Hökumə Billurinin tərcüməçilik fəaliyyətindən də bəhs edərək, onun Məhəmmədhüseyn Şəhriyarın farsca şerlərini dilimizə, eləcə də Səməd Vurğunun "Zəncinin arzuları" poemasını, Cəfər Cabbarlının, Mirvarid Dilbazinin, Nəbi Xəzri və digər şairlərin əsərlərini fars dilinə tərcümə etdiyini bildirib.
Diqqətə çatdırıb ki, Hökumə Billuri milli hökumətin acınacaqlı süqutundan sonra Bakıya üz tutub, burada ali təhsil alıb. Onun "Şairin yadigarı", "Məndən uzaqlarda" adlı şeir topluları işıq üzü görüb.
Aysel Məhərrəmova qeyd edib ki, 1963-cü il Hökumə Billuri fəaliyyətində elmi axtarışların yüksəliş dövrü kimi yadda qalır. Həmin ildə şairə "İran Azərbaycanının realist-demokratik ədəbiyyatı" mövzusunda dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb.
Daha sonra məruzəçi Hökumə Billurinin Bakıdakı məhsuldar bədii və elmi yaradıcılıq əsərlərindən danışıb, onun “Başına dolanım”, “Mən sizinləyəm”, ”Ayrılıq”, ” Vətən həsrəti” və digər poeziya nümunələrini təhlil edib.
Elmi seminar tələbələrin sual və çıxışları ilə davam edib.
Qabil YUSİFOĞLU
XQ


