Türkiyəli professor Şərqşünaslıq İnstitutunda görüşlər keçirib

post-img

Türkiyəli tarixçi alim, Azərbaycan Milli Müdafiə Universitetinin rektorunun müavini professor İbrahim Ethem Atnur aprelin 8-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. O, institututn rəhbərliyi və alimləri ilə görüşlər keçirib.

Professor İbrahim Ethem Atnur ilk olaraq AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Türkiyəli alim tarix sahəsində apardığı tədqiqatlar və onu maraqlandıran sahələr barədə danışıb. Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar, xüsusən Şərq ölkələrinin tarixi barədə araşdırmalar barədə məlumat verib. O, professor İbrahim Ethem Atnura Şərqşünaslıq İnstitutunun fəaliyyətini əks etdirən kitab, eləcə də Şərq ölkələrinin tarixinə dair kitablar hədiyyə edib.

Türkiyəli tarixçı-alim Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatları çox yüksək dəyərləndirib, onların elmi əhəmiyyətini xüsusi vurğulayıb.

Daha sonra professor İbrahim Ethem Atnur Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı və Cənubi Azərbaycan şöbələrində olub. Şöbələrin əməkdaşları ilə söhbət aparan tarixçi alim onların hər birinin araşdırmaları ilə maraqlanıb. Şərqşünas tarixçi alimlər tədqiqatları barədə məlumat verməklə yanaşı, öz kitablarını da türkiyəli qonağa təqdim ediblər.





Elm