Türkiyə Prezidenti Ankara və Berlin arasında dialoqun Avropanın təhlükəsizliyi üçün əhəmiyyətini bəyan edib

post-img

Türkiyə və Almaniya arasında əməkdaşlıq və sıx qarşılıqlı fəaliyyət Avropa və qonşu regionların təhlükəsizliyinə töhfə verən əvəzolunmaz amildir.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Mertslə Ankarada keçirilən danışıqlardan sonra baş tutan birgə mətbuat konfransında səsləndirib.

Türkiyə liderinin sözlərinə görə, regionda və dünyada baş verən proseslər Türkiyənin Avropa İttifaqına üzv ölkələrlə əlaqələrinin strateji əhəmiyyətini bir daha vurğulayır.

Ərdoğan Ankaranın Avropa İttifaqına tamhüquqlu üzvlüyü məsələsindəki mövqeyi barədə kanslerə məlumat verib. “Əgər Türkiyənin Avropa birliyinə üzvlük yolunda nümayiş etdirdiyi qətiyyət və iradə Aİ tərəfindən lazımi anlayışla qarşılanarsa, biz bu istiqamətdə qısa müddətdə ciddi irəliləyiş əldə edə bilərik”, – deyə Prezident vurğulayıb.

Dövlət başçısı xatırladıb ki, 64 il əvvəl imzalanmış saziş Türkiyədən əmək miqrantlarının Almaniyaya yolunu açıb. “Bu gün Almaniyada 3 milyon 500 min etnik türk yaşayır və bu, Avropa ölkəsinin inkişafına mühüm töhfə verir. Bu insanlar ölkələrimizin ortaq dəyəridir”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Bu kontekstdə o, Avropa ölkələrində hər hansı formada ksenofobiyanın qarşısının alınmasının zəruriliyinə diqqət çəkib.

Rəcəb Tayyib Ərdoğan, həmçinin Almaniya ilə qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, iki ölkə arasında illik ticarət dövriyyəsinin 60 milyard dollara çatdırılacağına ümid etdiyini ifadə edib.

Ukrayna ilə Rusiya arasındakı müharibə mövzusuna toxunan Türkiyə lideri “ədalətli və yekun sülhün əldə olunması istiqamətində diplomatik səylərin davam etdirilməsinin vacib olduğunu” bildirib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya