Albaniyanın Baş naziri Edi Rama Azərbaycanın Naxçıvan bölgəsində mülki infrastruktura qarşı İran tərəfindən həyata keçirilən hücumu qəti şəkildə pisləyib.
AZƏRTAC-ın məlumatına görə, Baş nazir bu barədə “X” hesabında bildirib.
Edi Rama Azərbaycan ərazisinə edilən hücumu, mülki infrastrukturun hədəfə almasını və nəticədə insanların yaralanmasını İran tərəfindən qonşu ölkələrə qarşı növbəti ağır və qəbuledilməz aqressiya aktı adlandırıb.
Paylaşımında Azərbaycanı Albaniya üçün dəyərli dost və müttəfiq hesab edən Baş nazirin sözlərinə görə, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan inkişafı, rifahı və açıq əməkdaşlıq siyasəti ilə beynəlxalq arenada böyük hörmət qazanıb.
“Azərbaycan xalqı, eləcə də son günlər əsassız şəkildə hədəfə alınan digər ölkələrin xalqları yalnız hörmətə, təhlükəsizliyə və təhdidlərdən uzaq həyata layiqdir. Tehrandakı rejimin mülki əhalini qorxutmaq və regionda sabitliyi pozmaq cəhdləri qətiyyətlə pislənməli və bu rejimin beynəlxalq səviyyədə daha da təcrid edilməsinə səbəb olmalıdır”, - deyə Edi Rama vurğulayıb.
Baş nazir əlavə edib ki, sabitliyə, beynəlxalq hüquqa və sülh şəraitində birgə yaşayışa inanan dövlətlər bu cür zorakılıq ixrac edən rejimdən açıq şəkildə uzaqlaşmalı və onu terrorçu dövlət kimi qiymətləndirməlidirlər.
Edi Rama, həmçinin Albaniyanın Azərbaycanın güclü rəhbərliyi və qürurlu xalqı ilə həmrəy olduğunu vurğulayıb.

