Ukrayna prezidenti Rusiya ilə münaqişənin həlli istiqamətində ehtiyatlı nikbinlik ifadə edir və Kiyevin tələblərinin əksəriyyətinin nəzərə alındığını qeyd edir.
Məlumatı “Euronews” verib.
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin tələblərinin “təxminən 90 faizinin” layihə sazişində yer aldığını və “prinsip etibarilə bütün sənədlər üçün əsas çərçivənin tamamlandığını” bildirib. Layihə planına 20 bənd daxildir.
Kiyevdə jurnalistlərə danışan Ukrayna lideri sülh müqaviləsini “bu mərhələdə kifayət qədər güclü sənəd” adlandırıb, lakin kompromislərin hələ də zəruri olacağını etiraf edib: “Hazır olmadığımız şeylər var və əminəm ki, rusların hazır olmadığı şeylər də var”.
Zelenski həmçinin bildirib ki, hazırda Aİ, ABŞ və Ukrayna arasında təhlükəsizlik zəmanətləri ilə bağlı çərçivə sənədi, eləcə də Kiyevlə Vaşinqton arasında bu məsələ ilə bağlı ayrıca ikitərəfli saziş hazırlanır. Sonuncu halda bəzi müddəalar məxfiləşdiriləcək — ABŞ Konqresi bunu "qapalı əlavələrlə" nəzərdən keçirəcək.
P.ƏMİRCANOV
XQ

