Türkiyənin 9-cu Əsas Hava Bazasına məxsus F-16 qırıcı təyyarəsi 25 fevral gecəsi Balıkesir əyalətində planlaşdırılan uçuş zamanı qəzaya uğrayıb. Məlumatı “Yeni Akit” verib.
Təyyarə yerli vaxtla təxminən saat 00:50-də qəzaya uğrayıb. Pilot həlak olub. Regional hakimiyyət orqanları onun ailəsinə başsağlığı verib.
Türkiyə mediasının məlumatına görə, F-16 təyyarəsi gecə yarısından bir az əvvəl 9-cu Hava Bazasından havaya qalxıb və havaya qalxdıqdan qısa müddət sonra radarlardan yoxa çıxıb. Türkiyə Müdafiə Nazirliyi pilotla əlaqənin saat 00:56-da kəsildiyini və bundan sonra axtarış-xilasetmə əməliyyatının başladığını dəqiqləşdirib. Nazirlik təyyarənin qalıqlarının aşkarlandığını və hərbçinin öldüyünü təsdiqləyib.
T-24-ün məlumatına görə, qırıcı təyyarə İstanbul-İzmir magistral yolunun yaxınlığında, Naifli şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağıntılar geniş əraziyə səpələndiyindən magistral yolun bir hissəsi bağlanıb. Hadisə yerinə yanğınsöndürənlər, polis və tibb işçiləri göndərilib.
P.ƏMİRCANOV
XQ

