Müasir dövrdə elm və təhsil sahəsində əməkdaşlığın elmi-sosioloji tədqiqatlarla müəyyən olunması türk dövlətləri arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Millətlərarası və regional ictimai fikrin öyrənilməsi, müqayisəli təhlillərin aparılması siyasi elitamız, akademik çevrələrimiz və beyin mərkəzlərimiz üçün xüsusi önəm daşıyır. Türk Akademiyasının “Türk Barometri” layihəsi tarixi bir missiyanı-Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı, bir sözlə Türk dünyası coğrafiyasını elmi baxımdan hərtərəfli araşdıraraq və strateji məqsədlər naminə dərindən öyrənərək, gələcəyin yol xəritəsini hazırlayır.
AZƏRTAC xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Türk barometri 2024 - türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: mövcud reallıqlar və gələcəyə baxış” adlı beynəlxalq konfransda çıxış edərkən deyib.
Z.Oruc qeyd edib ki, milli suverenliklərə yönələn saxta informasiya hücumlarını, dezinformasiya təbliğatını Vətən müharibəsi nümunəsində vahid media səngərində aşdığımız kimi, qərbmərkəzli elm və təhsil məkanlarında tarixi şüura, milli mədəniyyətə, dəyərlərə və ənənəvi ailə quruluşuna yönələn hücumları da birgə təhsil, gənclik, ailə siyasəti ilə dəf edə bilərik: “Təklif edirik ki, Heydər Əliyev adına təqaüd proqramı ilə Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzi yaradılsın.
“Qafqazın Konservatoriyası” hesab olunan bir məkanda Türk Dünyası Ali Musiqi Məktəbi inşa oluna bilər. Xankəndidə qədim və müasir türk dövlətlərinin bayraqları asıla bilər.
Qarabağın azadlığının 5-ci ildönümü münasibətilə Türk dünyasının ən yaxşı kitabxanası layihəsi həyata keçirilə bilər”.