2025-ci ilin 3 noyabr tarixi Azərbaycan elmi ictimaiyyətinin yaddaşına xüsusi əlamətdar bir tarix kimi həkk olundu. Həmin gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə dövlət başçısı сənab İlham Əliyevin iştirakı və çıxışı ölkənin elmi-mədəni həyatında mühüm hadisə kimi dəyərləndirildi. Bu tədbir təkcə elm ocağının yubileyi deyil, həm də müstəqil Azərbaycanın elminə, ziyalısına və milli intellektual potensialına verilən ali qiymətin təzahürü idi.
Prezident İlham Əliyev çıxışının əvvəlində AMEA-nın 80 illik fəaliyyətini yüksək qiymətləndirərək, onun ölkəmizin elmi və intellektual həyatında oynadığı aparıcı rolu xüsusi vurğulayıb. Dövlət başçısı qeyd edib ki, AMEA müxtəlif ictimai-siyasi dövrlərdə, fərqli şəraitlərdə fəaliyyət göstərsə də, Azərbaycan hər zaman elmin inkişafına böyük diqqət ayırmış, elmi potensialını qoruyub saxlamışdır. Akademiyanın elmi nailiyyətləri və formalaşdırdığı elmi məktəblər ölkənin mədəni, iqtisadi və texnoloji inkişafına mühüm töhfə vermişdir.
Prezident İlham Əliyev alimlər qarşısında çıxışı zamanı xüsusilə ulu öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafında göstərdiyi misilsiz xidmətləri xatırlayıb. Bildirib ki, 1970-ci illərdə məhz Heydər Əliyevin rəhbərliyi ilə AMEA-nın fəaliyyətinin genişləndirilməsi, yeni elmi-tədqiqat institutlarının yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi kadrların hazırlanması sahəsində böyük addımlar atılmışdı. Ulu öndərin bu strategiyası müstəqillik illərində də davam etdirilərək Azərbaycanın yüksəkixtisaslı kadrların beynəlxalq səviyyədə yetişdirilməsinə, elmi irsin davamlı inkişafına zəmin yaratmışdır.
Prezident İlham Əliyev çıxışında 10 il əvvəl – AMEA-nın 70 illik yubileyi münasibətilə keçirilən tədbirdə söylədiyi fikirlərə istinad edərək, ötən illərdə həm ölkə, həm də dünya miqyasında baş verən köklü dəyişikliklərə diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, bu dövr ərzində Azərbaycan mühüm tarixi nailiyyətlər əldə edib, ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə milli dövlətçiliyini tam şəkildə möhkəmləndirib. Qazanılan Qələbə və onun nəticəsində yaranan yeni reallıqlar ölkənin elmi siyasətinin də yeni mərhələyə qədəm qoymasına səbəb olub.
Dövlət başçısı yubiley tədbirindəki çıxışında çağdaş dövrün əsas prioriteti olan texnoloji inkişafın əhəmiyyətinə də toxunub. Prezidentin sözlərinə görə, bu gün hər bir ölkənin iqtisadi qüdrəti, təhlükəsizliyi və beynəlxalq nüfuzu birbaşa texnoloji imkanlardan asılıdır: “Bu gün biz bunu iqtisadi inkişafda, yeni texnologiyaların tətbiqində, o cümlədən yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür”. Prezident İlham Əliyev “dövlət bu istiqamətdə elm adamlarına hərtərəfli dəstək göstərəcək, elmi-texnoloji inkişaf milli strategiyanın aparıcı xəttinə çevriləcək” sözləri ilə Azərbaycan elminə, alim və ziyalılarımıza diqqət və qayğısını nümayiş etdirib.
Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı ilə bağlı danışarkən Azərbaycan tarixinin elmi tədqiqinin və təbliğinin vacibliyini də önə çəkib. Dövlət başçısı bildirib ki, ölkəmizin zəngin tarixi uzun illər ərzində Ermənistan və erməni diasporu tərəfindən saxtalaşdırılmış, bu istiqamətdə aparılan təbliğat bu gün də davam edir. Ölkə rəhbəri alimləri Azərbaycan tarixini, xüsusilə Qarabağ və Zəngəzura dair tarixi həqiqətləri obyektiv şəkildə araşdırmağa, dünya ictimaiyyətinə elmi əsaslarla çatdırmağa və gənc nəsillərə təqdim etməyə çağırıb.
Son illərin ən mühüm tendensiyası kimi süni intellekt və rəqəmsallaşma, o cümlədən kibertəhlükəsizlik məsələsinin əhəmiyyətini xüsusi qeyd edən cənab Prezident, Azərbaycanda süni intellekt texnologiyalarının inkişafı və tətbiqi üçün zəruri addımların atıldığını, bu prosesdə alimlərin və tədqiqatçıların fəal iştirakının vacibliyini vurğulayıb: “Bu istiqamətdə aparılan digər islahatlar nəticəsində əldə edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır. Biz rəqəmsallaşmanı ölkəmizdə geniş miqyasda tətbiq edirik və bunun faydasını görürük. Biz görürük ki, rəqəmsallaşma olan sahələrdə artıq işin keyfiyyətinin əmsalı da artır, səmərə də artır və nəticə etibarilə daha gözəl nəticələr hasil edilir. Azərbaycan alimlərini burada yenə də fəal olmağa dəvət edirəm”.
Prezident İlham Əliyev çıxışında Azərbaycan dilinin qorunması məsələsini milli kimliyin və dövlət müstəqilliyinin əsas dayaqlarından biri kimi dəyərləndirib. 10 il əvvəl AMEA-nın 70 illik yubileyində səsləndirdiyi təklifləri xatırladaraq bildirib ki, bu istiqamətdə mühüm addımlar atılsa da, problem tam aradan qalxmayıb. “50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur” – deyən dövlət başçısı əlavə edib ki, dilimizin ədəbi normalarının qorunması yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin mənəvi borcudur. Dilin milli mənsubiyyətin ayrılmaz hissəsi olduğunu qeyd edən Prezident, hər bir ziyalını, alimi bu sahədə birgə fəaliyyətə səsləyib.
Nitqinin sonunda Prezident İlham Əliyev 2020-ci il Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyi münasibətilə keçiriləcək hərbi paradın böyük mənəvi və siyasi əhəmiyyət daşıdığını bildirib. Dövlət başçısı tarixi nitqini bu sözlərlə tamamlayıb: “Mən sizi, bütün Azərbaycan xalqını həm Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə, həm də qarşıdan gələn Zəfər Günü və Bayraq Günü münasibətilə təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram”.
Prezidentin AMEA-nın 80 illik yubileyində çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycan elminin gələcək inkişafının strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı hər bir Azərbaycan aliminin, ziyalısının qarşısına yeni vəzifələr qoyaraq onları elmin inkişafına, texnoloji tərəqqiyə və milli-mənəvi dəyərlərin qorunmasına səsləyib.
İnanırıq ki, ölkə rəhbərinin çıxışı Azərbaycan elminin yeni mərhələyə yüksəlməsi, beynəlxalq elmi məkanla inteqrasiyası və milli intellektual potensialın daha da gücləndirilməsi üçün stimul olacaq, bu istiqamətdə yeni imkanlar açacaq.
Nərgiz QƏHRƏMANOVA,
Azərbaycan Milli Elmlər Akademiyası
Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr,
mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

