Ağdaş Rayon İcra Hakimiyyətinin sifarişi əsasında Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu “Ağdaş rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizminin hazırlanması” layihəsini həyata keçirir. İnstitutun bir qrup əməkdaşı layihə çərçivəsində Ağdaş rayonunda olub.
Ağdaş Rayon İcra Hakimiyyətində keçirilən görüşdə layihə üzrə görülən işlər, nəzərdə tutulan tədbirlər, sahibkarlar və mütəxəssislər arasında sorğunun keçirilməsi, habelə təşkilati məsələlər geniş müzakirə edilib. Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Əli Kərimovla görüşdə layihənin koordinatoru, İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyev layihə üzrə elmi tədqiqatların əsas istiqamətləri barədə danışıb. Müzakirələrdə layihənin tədqiqatçıları – dosent Mahir Zeynalov, dosent Tariyel Qurbanov, iqtisadiyyat üzrə fəlsəfə doktoru Vilayət Ramazanov, habelə rayon İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun məsləhətçisi Murad Cəfərli iştirak ediblər.
Sonra İqtisadiyyat İnstitutunun alimləri Ağdaş rayonunda fəaliyyət göstərən yerli istehsal və xidmət müəssisələrinin - Ağdaş Meyvə Emalı Zavodu, Ağdaş Yem Emalı Fabriki, Ağdaş Tikinti Materialları Bazarı, Biyan Sənaye Parkı, fərdi sahibkarlara məxsus tara istehsalı müəssisəsi, “Araz-İnci” market və restoranı, Hacıoğlu MMC-nin fəaliyyəti ilə yaxından tanış olublar. Yerli müəssisələrin rəhbərləri əsas fəaliyyət istiqamətləri, istehsal və xidmətlər, işçilərin sayı, xammal təminatı, müasir texnologiyalardan istifadə, yerli bazarın başlıca xüsusiyyətləri, şərait və potensial imkanlar, investisiyaları, rəqabət mühiti, satışın təşkili, biznesə dövlət dəstəyi və s. barədə məlumat veriblər, habelə qarşılaşdıqları əsas problemlər barədə danışıblar, arzu və istəklərini bildiriblər.
İqtisadiyyat İnstitutunun tədqiqatçıları Ağdaş rayonunun sosial-iqtisadi inkişafı, investisiya potensialı və investisiya cəlbediciliyinin qiymətləndirilməsi üzrə yerli sahibkarlar və mütəxəssislər arasında sorğu da keçiriblər. Bu sorğunun məqsədi sahibkarların, mütəxəssislərin rəyləri əsasında Ağdaş rayonunun sosial-iqtisadi inkişaf səviyyəsini, prioritet iqtisadi sahələrini, əsas inkişaf istiqamətlərini, investisiya potensialını və investisiya cəlbediciliyini qiymətləndirmək, eyni zamanda sahibkarlıq fəaliyyətinə təsir edən əsas maneələri, investisiya ehtiyaclarını və inkişaf imkanlarını müəyyənləşdirməkdir.
P.ƏMİRCANOV
XQ

