Professor Mahirə Hüseynovanın 65 illik yubileyi: elm, poeziya və pedaqogikanın vəhdəti

post-img

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli alim, filologiya elmləri doktoru, professor, tanınmış şairə Mahirə Hüseynovanın 65 illik yubileyinə həsr olunmuş ədəbi-bədii mərasim keçirilib. 

Yubiley mərasimində AMEA-nın, Elm və Təhsil Nazirliyinin, Qərbi Azərbaycan İcmasının nümayəndələri, Milli Məclisin deputatları, eləcə də ADPU-nun professor-müəllim heyəti, elm və mədəniyyət xadimləri iştirak ediblər. 

Mərasimi giriş sözü ilə açan ADPU-nun rektoru  Cəfər Cəfərov Mahirə Hüseynovanın pedaqoji, elmi və ictimai fəaliyyətindən danışmış, onun həyat və yaradıcılıq yolunun Pedaqoji Universitetlə sıx bağlı olduğunu vurğulayıb. Rektor qeyd edib ki, Mahirə xanım təhsil aldığı bu universitetdə müəllimlik fəaliyyətindən başlayaraq kafedra müdiri, fakültə dekanı və hazırda beynəlxalq əlaqələr üzrə prorektor kimi uğurlu fəaliyyəti ilə ADPU-nun inkişafına mühüm töhfələr verib və bu yorulmaz fəaliyyətinə bu gün də davam edir. Bu illər ərzində o, Azərbaycan təhsilinin inkişafına, elmin və mədəniyyətin təbliğinə, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişlənməsinə böyük töhfələr vermiş, ADPU-nun nüfuzunun artmasında və universitetin beynəlxalq layihələrdə fəal iştirakında mühüm rol oynamışdır.

Professorun Azərbaycan təhsil sisteminin modernləşməsinə, elmi əməkdaşlıqların genişlənməsinə və milli mədəniyyətin təbliğinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndən  rektor Mahirə xanımı universitetin fəxri fərmanını təqdim edib.

Mərasimdə Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli, ADPU Filologiya fakültəsi Ədəbiyyat kafedrasının professoru Təyyar Salamoğlu çıxış edərək professor Mahirə Hüseynovanın elmi-pedaqoji fəaliyyətindən, onun zəngin yaradıcılıq irsindən və elmə, ədəbiyyata, təhsilə göstərdiyi xidmətlərdən danışmış, professorun elmi tədqiqatlarının Azərbaycan filologiyası və təhsili üçün önəmini vurğulamış, onun tələbə və gənc tədqiqatçılara göstərdiyi qayğı və diqqəti xüsusi qeyd etmişlər.

Mərasim ədəbi-bədii hissə ilə davam etdirilib. Tanınmış mədəniyyət xadimləri professorun poetik yaradıcılığından nümunələr səsləndirərək onun söz dünyasının mənəvi dərinliyini və emosional gücünü tamaşaçılara çatdırıblar.

Sonda professor Mahirə Hüseynova göstərilən diqqət və səmimi münasibətə görə mərasim iştirakçılarına təşəkkür edib, elmə və yaradıcılığa bağlılığın onun üçün bir ömür missiyası olduğunu vurğulayıb.

Namiq Qədimoğlu

XQ

 

 

 

 

 

 

 







Sosial həyat