Rumıniyaya səfəri çərçivəsində Azərbaycanın nümayəndə heyəti noyabrın 4-də bu ölkənin parlamentinin Deputatlar Palatasında mədəniyyət, incəsənət və media orqanları üzrə komissiyanın sədri Corc Mihail Neamtsu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında mədəni, humanitar və media sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də ictimai diplomatiya, ailə dəyərlərinin qorunması və informasiya təhlükəsizliyi istiqamətlərində birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Komissiyanın sədri Corc Mihail Neamtsu çıxışında Rumıniya ilə Azərbaycan arasında mədəniyyət və informasiya sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bildirib ki, Rumıniya parlamenti, o cümlədən mədəniyyət, incəsənət və media orqanları üzrə komissiya ailə dəyərlərinin qorunmasına, milli kimliyin və mədəni irsin gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət yetirir. O, Azərbaycanla bu istiqamətdə təcrübə və fikir mübadiləsinin hər iki xalqın mədəni əlaqələrinin inkişafına töhfə verəcəyini qeyd edib.
Audiovizual Şuranın sədri İsmət Səttarov deyib ki, audiovizual sahədə əməkdaşlıq xalqlar arasında mədəni, mənəvi və ailə dəyərlərinin təbliği üçün mühüm vasitədir. O vurğulayıb ki, Azərbaycan və Rumıniya bu istiqamətdə televiziya və radio layihələri, sənədli filmlər və maarifləndirici proqramlar vasitəsilə qarşılıqlı əlaqələri daha da dərinləşdirə bilər.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov media və kommunikasiya sahəsində innovativ inkişaf, yaradıcı sənayelərin gücləndirilməsi və ailə dəyərlərinin cəmiyyətdə təşviqi istiqamətlərində həyata keçirilən islahatlardan danışıb. O qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində kibertəhlükəsizlik və informasiya mühitinin qorunması baxımından Rumıniya təcrübəsindən yararlanmaq Azərbaycan üçün faydalı olar. Ə.İsmayılov vurğulayıb ki, rəqəmsal media dövründə informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə həm milli, həm də beynəlxalq səviyyədə prioritet istiqamətlərdəndir.
Görüşdə iştirak edən Rumıniya parlamentinin Deputatlar Palatasının Sui-istifadələrin, korrupsiyanın və müraciətlərin araşdırılması üzrə komitəsinin sədri Laura Gerasim rəqəmsal mühitdə qanunsuz fəaliyyətlərin, fırıldaqların, kibercinayətlərin və etik pozuntuların qarşısını almaq istiqamətində ölkəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. O qeyd edib ki, bu sahədə hüquqi mexanizmlərin təkmilləşdirilməsi və media savadlılığının artırılması Rumıniya cəmiyyətində mühüm prioritetlərdəndir.
Daha sonra çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Azərbaycan mediasının beynəlxalq müstəvidə artan nüfuzundan danışıb. Deyib ki, Azərbaycanın zəngin mədəni irsinin, xüsusilə də Şuşa, Bakı və Naxçıvan kimi mədəni mərkəzlərin Avropada daha geniş tanıdılması istiqamətində birgə layihələr əhəmiyyətli rol oynaya bilər.
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov görüşün strateji tərəfdaşlıq ruhunda keçdiyini vurğulayaraq, ölkələrimiz arasında əməkdaşlığın yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-humanitar və mənəvi müstəvidə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.
Görüşün sonunda Corc Mihail Neamtsu müəllifi olduğu “The Trump Phenomenon” kitabını imzalayaraq Azərbaycan nümayəndə heyətinin üzvlərinə təqdim edib.
Tərəflər iki ölkənin media və mədəniyyət qurumları arasında birgə mədəni layihələrin, televiziya proqramlarının və ailə dəyərlərinin təbliği istiqamətində sənədli filmlərin hazırlanması, həmçinin Azərbaycan mədəniyyətinin və ailə dəyərlərinin Rumıniyada tanıdılması barədə razılığa gəliblər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest



