Bakı Slavyan Universitetində tələbə-gənclərlə maarifləndirici görüş keçirilib

post-img

Bakı Slavyan Universitetində tələbə-gənclərlə maarifləndirici görüş təşkil olunub.

XQ xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Tələbə-gənclər arasında milli kimlik və milli-mənəvi dəyərlərin innovativ və interaktiv yanaşmalarla təbliği” adlı layihə çərçivəsində baş tutub. Layihə gənclərin maarifləndirilməsi, onların milli dəyərlərə bağlılığının gücləndirilməsi və müasir çağırışlar fonunda milli kimliyin qorunması istiqamətində mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilir.

Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universiteti rektorunun müşaviri, müharibə veteranı Sadir Məmmədov qonaqlara öz təşəkkürünü bildirdikdən sonra qeyd etdi ki, Bu qəbildən olan tədbirlərin təşkili Unversitet rəhbərliyinin daim diqqət mərkəzindədir. Vətənpərvərlik mövzusunda keçirilən tədbirlər tələbələrimizin dövlətinə və vətəninə bağlılıq hissini yüksəldir, onların fəallığını artırır, cəmiyyət həyatında daha aktiv rol oynamasına şərait yaradır.

Daha sonra söz Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və layihə rəhbəri Emin Həsənliyə verilib. O, çıxışı zamanı bildirdi ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin məqsəd və vəzifələri Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan gənclər arasında milli kimlik, milli-mənəvi dəyərlər və zəngin mədəni irsin daha dərindən mənimsənilməsinə xidmət edir. Onun sözlərinə görə, layihə çərçivəsində təşkil olunan görüşlər interaktiv metodlar, açıq müzakirələr və praktiki yanaşmalar vasitəsilə həyata keçiriləcək və gənclərin mövzuya daha aktiv cəlb olunması təmin ediləcək.

Emin Həsənli vurğulayıb ki, layihənin əsas məqsədi gənc nəslin milli şüurunun gücləndirilməsi, onların tarixi köklərə bağlılığının artırılması, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsidir. Eyni zamanda gənclərimizin kənar mədəni təsirlərə qarşı effektiv mübarizə apara bilməsi üçündə bu kimi tədbirlərin təşkilinin əhəmiyyətindən danışıb. O həmçinin qeyd edib ki, təşkilatın indiyədək həyata keçirdiyi bütün tədbirlərdə gənclərin vətənə bağlılığının möhkəmləndirilməsi, cəmiyyətdə birlik və həmrəylik ruhunun təşviqi əsas prioritet olub və bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək.

Tədbirdə çıxış edən şair,“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs gənclərin formalaşmasında poeziyanın rolu və gücü barədə danışaraq qeyd etdi ki, bəzən bir əsər bir nəsli yetişdirir. Bu baxımından gəncləri ədəbiyyat oxumağa dəvət edərək bildirdi ki, milliliyimiz haqqında dah çox öyrənmək üçün öz ədiblərimizin yaradıcılığı ilə dünya görüşünüzün daha geniş formalaşması üçün isə dünya ədəbiyyatının parlaq isimlərinin yaradıcılığı ilə tanış olmağınızı sizlərə tövsiyyə edirəm. Şübhəsiz ki, siz öz sahənizdə güclü mütəxəsis olmanız üçün öz ixtisasınızıda dərindən bilməlisiniz. Amma hər tərəfli şəxsiyyət kimi yetişməniz üçün daha çox mütaliəli olmanız şərtdir. Tələbə gənclərin istəyi ilə şair Qulu Aağsəs bir neçə şeirinidə gənclər üçün səsləndirdi.

Növbəti çıxışçı, layihənin eksperti Taleh Əliyev mövzunun aktuallığına toxunaraq bildirib ki, müasir qloballaşma şəraitində gənclər müxtəlif xarici təsirlərə daha açıq olan sosial qruplardan biridir. Bu baxımdan onların milli kimliyinin qorunması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ekspert qeyd edib ki, milli ruhda formalaşmış gənclik dövlətin gücünün, sabitliyinin və davamlı inkişafının əsas dayaqlarından biridir.Hər bir gənc təhsil aldığı sahəni mükəmməl bilməklə yanaşı həm də vətənpərvər olmalıdır ki, dövlətinə və xalqına bağlı olsun.O əlavə edib ki, gənclərin düzgün istiqamətləndirilməsi və maarifləndirilməsi gələcəkdə sağlam və güclü cəmiyyətin formalaşmasına zəmin yaradır.

Görüş interaktiv formatda davam edib, tələbə-gənclər çıxışçılara onları maraqlandıran sualları ünvanlayıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edərək layihəyə maraq və dəstəklərini ifadə ediblər.

Məlumat üçün bildirək ki, üç ay müddətində icra olunacaq layihə çərçivəsində Bakı şəhərində yerləşən 7 ali və orta ixtisas təhsil müəssisəsində maarifləndirici görüşlərin təşkili, eləcə də yekun təqdimat tədbirinin keçirilməsi nəzərdə tutulur. Layihə gənclər arasında milli-mənəvi dəyərlərin təşviqi, onların ictimai fəallığının artırılması və milli kimlik şüurunun möhkəmləndirilməsi istiqamətində davamlı və sistemli fəaliyyətin gücləndirilməsinə xidmət edir.













Təhsil