Sizin diqqətinizə təqdim olunan yazı bir aqil insan, bütün ömrünü balası və nəvələrinə, ailəsinə, yetirmələrinə, xalqına, Vətəninə və dövlətinə xidmətə həsr etmiş azman bir şəxsiyyətin həyat hekayətidir.
Azərbaycan MEA-nın müxbir üzvü, Yazıçılar İttifaqının üzvü, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Mahmud Ələbbas oğlu İsmayılov Güney və Quzey Azərbaycanda, habelə onun hüdudlarından da çox-çox uzaqlarda yaxşı tanılan, mənsub olduğu xalqın tarixi taleyinin tədqiqini öz şəxsi həyatının ayrılmaz tərkib hissəsinə çevirən, bu xalqın ağrı-acısını çəkmək üçün qələmindən əsirgəməyən görkəmli pedaqoq və istedadlı yazıçı olmuşdur. Bu müdrik ağsaqqal müasir Azərbaycan tarix elminin beşiyi başında duranlardan biri olmaqla yanaşı, bu ellə birlikdə boy atıb yüksəlmiş, xalqımızın haqlı olaraq fəxr etdiyi alim, yazıçı və şəxsiyyət səviyyəsinə ucalmışdır.
Onun həyatı, elmi, pedaqoji və ictimai fəaliyyəti müasir Azərbaycan ziyalılığının keçdiyi keşməkeşli, ağır, rəngarəng inkişaf yolunun bütün çalarlarını əks etdirən seçilmiş bir nümunədir.
Mahmud Ələbbas oğlu İsmayılov 1920-ci il sentyabrın 1-də Azərbaycanın ən qədim guşələrindən biri olan Şəkinin Gəncəlilər məhəlləsində anadan olmuşdur. Həyata göz açdığı və ömrünün ilk 14 ilini keçirdiyi, hər şeydən əvvəl duzlu lətifələri ilə məşhur olan bu tarixi şəhərin qədim əfsanələr hopmuş əsrarəngiz ruhu elə bil ki, onun bütün gələcək fəaliyyətini və düşüncələrini müəyyənləşdirən bir başlanğıc, bir maya rolunu oynamışdır.
1934-cü ildən onun həyatı və fəaliyyəti Bakı şəhəri ilə bağlı olmuşdur. 1937-ci il iyulun 14 – də indiki 132 saylı Bakı şəhər orta məktəbini əla qiymətlərlə və xüsusi mükafatla başa vuran M. Ə. İsmayılov elə həmin il Azərbaycan dövlət Universitetin (indiki Bakı Dövlət Universitetinin) tarix fakültəsinə daxil olmuşdur. Hələ tələbə ikən “Azərnəşr” və “Uşaqgəncnəşr”də oxucu, korrektəçi və orfoqrafiyaçı vəzifələrində çalışmış, Azərbaycan Komsomolunun ştatdan kənar mühazirəçisi olmuşdur. 1941-ci ildə universitet təhsilini başa vuraraq qısa müddət ərzində Qusar rayonunun Ənik və Hil kəndlərindəki orta məktəblərdə tarix müəllimi və tədris hissə müdiri vəzifələrində çalışmışdır. Bu vaxtdan etibarən necə deyərlər müəllimlik M. Ə. İsmayılovun əsas peşələrindən biri olmuşdur. O, istər orta, istərsə də müxtəlif ali ixtisas məktəblərində biliyini, təcrübəsini və bacarığını şagirdlərinə və tələbələrinə, dissertantlarına və aspirantlarına yorulmadan öyrədtmişdir.
1942-ci ildə ordu sıralarına səfərbər edilən Mahmud müəllim müharibə ərzində sıravi əsgərdən rota komandiri vəzifəsinədək yüksəlmiş, döyüşən orduda olmuş, "Böyük Vətən müharibəsində iştirakına görə" medalı ilə təltifedilmişdir.
1946-cı ildə ordu sıralarından tərxis edildikdən sonra M. Ə. İsmayılov Azərbaycan SSR EA Tarix İnstitutuna laborant vəzifəsinə qəbul edilmiş və ömrünü birdəfəlik olaraq bu elm məbədi ilə bağlamışdır. Elə həmin il o, aspiranturaya daxil olmuş, burada oxuya-oxuya 1947–1948-ci illərdə eyni zamanda "Azərbaycan gəncləri" qəzetində ədəbi işçi və təbliğat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Onun ilk elmi axtarışlarının bəhrələri də məhz bu qəzetin səhifələrində işıq üzü görmüşdür. 1946-cı ildə bu qəzetdə bir-birinin ardınca onun “Bakıda 1903-cü il iyul tətili”, “Əlağa Şıxlinski”, “Lado Ketsxhoveli”, “Azərbaycanın böyük dövlət xadimi Şirvanşah İbrahim” adlı məqalələri nəşr edilmişdir.
1949-cu ildə, aspirantura müddətinin qurtarmasına hələ yarım il qalmış M. Ə. İsmayılov “Azərbaycan neft sənayesində iltizam sisteminin ləğv edilməsi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsini almışdır. Bu dissertasiya müasir tarixşünaslığımızda Azərbaycanın iqtisadiyyatının ən mühüm sahələrindən biri olan neft sənayesinin inkişafı tarixində dönüş mərhələsi rolunu oynamış bir hadisənin yerinə və oynadığı rola həsr edilmiş ilk sanballı əsər idi.
Həmin dissertasiya neft sənayesində keyfiyyətcə yeni inkişaf mərhələsinə sıçrayış üçün bir növ trampolin rolu oynamış prosesinin elmi cəhətdən araşdırılmasına həsr olunmuşdur.
XX əsrin 40-cı illərinin sonu - 50-ci illərinin əvvəllərində mətbuatdakı işi və pedaqoji fəaliyyətini (1949–1951-ci illərdə o, həmçinin Azərbaycan Qiyabi Pedaqoji İnstitutunun baş müəllimi olmuşdur) Tarix İnstitutundakı baş elmi işçi və yerli komitənin sədri vəzifələrini bacarıqla əlaqələndirən Mahmud müəllimin elmi axtarışları da mövzu əhatəliliyi ilə seçilirdi. Azərbaycan ərazisində qədim saklar dövründən tutmuş Şirvanşah İbrahim dövrünə qədər, oradan da Oktyabr çevrilişi mövzusuna qədər çox müxtəlif problemlərə həsr olunmuş əsərləri deyilənlərə sübutdur.
Artıq 50-ci illərin əvvəllərindən M. Ə. İsmayılovun alim marağının həm başlıca dövrü – XIX–XX əsrin əvvəlləri, həm də başlıca sahəsi – kənd təsərrüfatının tarixi müəyyənləşmişdir. 1952-ci ildə Tarix İnstitutunun “Azərbaycanın yeni tarixi” şöbəsinə başçılıq etməyə başlayan Mahmud müəllim ömrünün sonunadək öz həyatını bu dərəcə, bu şöbə ilə bağlamış, öz müəllimi və elmi rəhbəri akademik Əlisöhbət Sumbatzadə ilə birlikdə Azərbaycanın XIX–XX əsrin əvvəlləri iqtisadiyyatını öyrənən elmi məktəbin yaradıcılarından biri olmuşdur.
Onun elmi maraq dairəsi öz genişliyi və rəngarəngliyini saxlasa da, bu dövrdən etibarən uzun müddət ərzində başlıca diqqət XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan kəndinin müxtəlif problemlərinin tədqiqinə yönəldilir. Artıq 1955-ci ildə “Birinci rus inqilabı illərində Azərbaycanda kəndli hərəkatı” adlı kitabı çapdan çıxmışdır.
“XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda üzümçülük və şərab istehsalı sahələrində kapitalizmin inkişafına dair” (Azərbaycan EA-nın Xəbərləri, 1956, №4), “XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda torpaq mülkiyyəti və torpaqdan istifadə” (Azərb. EA Tarix İnstitutunun Əsərləri, 13-cü c., B., 1958), “XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan kənd təsərrüfatının texniki təchizatı” (Azərb. EA-nın Xəbərləri, 1958, №4), “XIX əsrin əvvəllərində Azərbaycan kənd təsərrüfatında muzdlu əmək” məqalələri də məhz bu problemə həsr olunmuşdur.
M. Ə. İsmayılovun digər müəlliflərlə birlikdə “Azərbaycanın Rusiyaya birləşdirilməsi və onun iqtisadiyyat, sosial və mədəniyyət sahələrində nəticələri” (B., 1957) adlı kitab üzərindəki işi də başlıca olaraq həmin dövrün iqtisadi problemlərindən bəhs edir. Qeyd etmək lazımdır ki, bu problemlərin tədqiqində özündən əvvəlki müxtəlif müəlliflərin əməyinə də layiqli qiymət verən, öz elmi sələflərindən alınmış dərsləri nəzərə alan Mahmud müəllim eyni zamanda tədqiqat problemlərinə bir qayda olaraq yeniləşən mövqedən yanaşmış, çox vaxt da müxtəlif maraqlı məsələlərin araşdırılması sahəsində məhz ilk addımları ataraq tədqiqatçıların diqqətini məhz belə mövzulara yönəltmişdir. Məsələn, onun 1957-ci ildə nəşr olunmuş iri həcmli (4 ç.v.) “Azərbaycanın dövlət kəndliləri XIX əsrin sonunda” (Azərb. EA Tarix İnstitutunun əsərləri, XI c.) məqaləsini misal gətirmək kifayətdir. Məqalədə ilk dəfə olaraq oktyabraqədərki dövrdə Azərbaycanın kənd istehsalçılarının böyük əksəriyyətini təşkil edən xəzinə kəndlilərinin sosial-iqtisadi və siyasi həyatının müxtəlif problemləri qaldırılaraq tədqiq olunmuşdur. Məqalənin nəşrindən keçən müddət ərzində Azərbaycanın dövlət kəndinin XIX əsrin sonu – XX əsrin əvvəlləri dövrü tarixi sahəsində müxtəlif doktorluq, namizədlik dissertasiyaları müdafiə olunsa da, müxtəlif əsərlər yazılsa da, Mahmud müəllimin həmin sanballı məqaləsində qaldırılmış problemlərin tədqiqatının tam kamil başa çatdığını söyləmək, dövlət kəndinin öyrənilməsi işinə nöqtə qoymaq, fikrimizcə, hələ çox tezdir. Onun Özünün də bu qəbildən olan əsərləri vardır.
M. Ə. İsmayılovun 1960-cı ildə çapdan çıxan “XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatı” adlı monoqrafiyası isə onun bu sahədə uzun illər boyu apardığı tədqiqatların bir növ məntiqi elmi yekunu olmuşdur. Artıq bu dövrdə oxucu kütləsi akademik Ə. S. Sumbatzadənin “XIX əsrdə Azərbaycanın kənd təsərrüfatı” adlı əsaslı və çoxsahəli monoqrafiyası ilə tanış idi. Mahmud müəllimin yeni kitabı isə, onun özünün dediyi kimi, xronologiya və mövzu etibarı ilə Ə. S. Sumbatzadənin yuxarıda adı çəkilən monoqrafiyasının davamı idi. Müəllif, əsərinin girişində özünün göstərdiyi kimi, XX əsrin əvvəllərində kənd təsərrüfatının bütün sahələrinin inkişaf dinamikasını əhatə etmiş, kənd təsərrüfatının inkişafına bütün tarixi prosesin gedişi ilə əlaqəli şəkildə nəzər salmış, yerli qaldığı xüsusi tədqiqat tələb edən bir sıra məsələlərə ümumi şəkildə toxunmuşdur.
Artıq 1961-ci ildə M. Ə. İsmayılov Azərbaycanın kənd təsərrüfatında kapitalizmin inkişafı mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi almış, az sonra (1963-cü ildə) isə professor adına layiq görülmüşdür.
O, bundan sonra da bu sahədə elmi axtarışlarını dayandırmamış, bir qədər sonra daha bir sanballı əsərini elmi ictimaiyyət və geniş oxucu kütləsinin mühakiməsinə təqdim etmişdir. “XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatında kapitalizm” (B., 1964) adlandırılmış bu monoqrafiyada öz qarşısına haqqında danışılan dövrdə kənd təsərrüfatının vəziyyəti və burada kapitalist istehsal münasibətlərinin inkişafını göstərmək məqsədini qoyan müəllif, hər şeydən əvvəl diqqətini məhsuldar qüvvələrin inkişafına yönəltmiş, istehsal münasibətlərini və Azərbaycanın kəndinin aqrar quruluşunu, habelə torpaq sahibliyi və torpaqdan istifadə, feodal münasibətlərinin dağılması, köhnə istehsal münasibətləri içərisindən yeni kapitalist münasibətlərinin inkişafı, kəndlilərin təbəqələşməsi, yeni siniflərin formalaşması kimi mühüm məsələləri tədqiq edərək göstərmişdir ki, bu dövrdə Azərbaycanın kənd təsərrüfatının başlıca inkişaf istiqaməti, əsasən, bazarla əlaqələrinin güclənməsi, onun rayonlar və sahələr üzrə ixtisaslaşması və əmtəə istehsalının güclü yüksəlişindən ibarət idi. Bütün bunlar da ilk növbədə burada istehsal olunan kənd təsərrüfatı məhsullarına dünya və Rusiya imperiyası bazarlarında tələbatın artımı ilə şərtlənirdi. Haqqında danışılan əsərin başlıca mövzusu ondan ibarətdir ki, burada ilk dəfə olaraq, Bakı çıxılmaq şərti ilə Azərbaycanın, xüsusilə də Azərbaycan kəndinin başdan-başa feodal-patriarxal ölkə olması barəsində çoxdan bəri tarixşünaslıqda (həm İttifaq, həm də Azərbaycan tarixşünaslığında) öz köklərini elmdən çox uzaq olan, lakin möhkəm siyasi mövcud olan, konjunkturaya söykənən və bir çox müəlliflərin dörd əllə yapışdıqları mənbəyə əsaslanan qeyri-elmi konsepsiya əsaslı surətdə darmadağın edilir və sübut olunur ki, Azərbaycanın kənd təsərrüfatı iqtisadiyyatı bütün dünya sivilizasiyasının getdiyi yolla həmahəng addımlamışdır.
M.Ə. İsmayılov bundan sonra da aqrar münasibətlər tarixinin tədqiqi sahəsində işini davam etdirərək “XIX–XX əsrin əvvəllərində Azərbaycan kənd təsərrüfatında əmtəə istehsalı və kapitalizm”, “İmperializm dövründə Azərbaycan kənd təsərrüfatında çoxukladlılıq”, “Cənubi Qafqazda kənd proletariatının formalaşması” və s. mövzularda Zaqafqaziya və Ümumittifaq sessiyalarında çıxışlar etmişdir. Bu dövrdə onun qəzetlərdə çıxmış, respublika və ümumittifaq elmi mətbuatında nəşr olunmuş iki məqaləsi xüsusilə qeyd edilməlidir. Biz oktyabradək olan dövrdə Azərbaycan maldarlığının xarakterinə həsr edilmiş məqalələri nəzərdə tuturuq. Məlumdur ki, həm rus, həm də sovet (o cümlədən bəzi Azərbaycan) tarixçiləri iddia edirdilər ki, Azərbaycan maldarlığı köçəri xarakterdə olmuşdur. Mahmud müəllim təkzibolunmaz dəlillərlə, anlaşıqlı dildə sübut etdi ki, daimi yaşayış məskənlərinə malik, maldarlıqla yanaşı əkinçiliklə məşğul olan əhalini köçəri adlandırmaq tarixi gerçəkliyi təhrif etməkdir. O, göstərdi ki, Azərbaycanda heç vaxt klassik mənada köçəri əhali olmamışdır, maldarlıqla məşğul olan tərəkəmə əhalisinin təsərrüfatı isə köçəri yox, köçmə xarakteri daşımışdır.
M. Ə. İsmayılov kənd təsərrüfatının tarixi ilə yaxından məşğul olmaqla yanaşı, vaxtilə böyük elm yolunda ilk addımlarını basdığı zaman tədqiq etdiyi sahəni də unutmurdu. Onun 1976-cı ildə “Elm” nəşriyyatı tərəfindən buraxılmış “XX əsrin əvvəllərində Bakı sənayesi” adlı monoqrafiyasında Bakı rayonunun, neft sənayesi çıxılmaq şərtilə, demək olar ki, bütün istehsal sahələri – mexaniki istehsal, maşınqayırma, tikinti, yunçuluq, yeyinti və b. sənaye sahələrinin tarixi öyrənilmişdir. Bütün bunların tədqiqi imperializm dövründə Azərbaycanın burjuaziyasının tarixi, milli kapitalın Bakı iqtisadi həyatında rolu və s. məsələlərin araşdırılması üçün çox mühüm əhəmiyyətə malikdir.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın iqtisadiyyatının müxtəlif sahələrinin tarixi üzrə Mahmud müəllim tərəfindən uzun illər boyu aparılmış tədqiqatlar özünün bir növ məntiqi yekununu onun 1982-ci ildə nəşr olunmuş “İmperializm dövründə Azərbaycanın sosial-iqtisadi strukturu” adlı monoqrafiyasında tapmışdır. Kitabda həm müəllifin özünün əsərlərinə, həm də son dövrdə meydana çıxmış digər tədqiqatlara əsaslanmaqla Şimali Azərbaycanın imperializm dövründəki sosial-iqtisadi inkişafının səviyyəsi barəsində hələ 60-cı illərdə tarixşünaslığımızda özünə möhkəm yer tutan qeyri-obyektiv təsəvvürlər alt-üst edilməklə yanaşı, XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın sosial-iqtisadi strukturunun ilk, dolğun və bitkin mənzərəsi ustalıqla yaradılmışdır. Bu əsər Azərbaycanın yeni tarixini öyrənən elmi məktəbə – o məktəbə ki, Mahmud müəllim özü bu məktəbin yaradıcısı və başlıca aparıcı tədqiqatçılarından biridir – aiddir.
Mənsub olduğu xalqın vətənpərvər oğullarından biri kimi M. Ə. İsmayılov Azərbaycan tarixi üzrə müxtəlif ümumiləşdirici əsərlərin, elmi və populyar vəsaitlərin, dərsliklərin və s.-nin çatışmazlıqlarının aradan qaldırılması uğrunda yorulmadan çalışan müəlliflərdən biridir. Bu baxımdan ilk növbədə, əlbəttə ki, onun üçcildlik “Azərbaycan tarixi”nin hazırlanması sahəsindəki təşkilatçılıq işini qeyd etmək lazımdır. Azərbaycan tarixi üzrə müasir dövrdə hazırlanmış ilk belə sanballı, ümumiləşdirici əsərin ikinci cildinin meydana çıxmasında Mahmud müəllimin xidmətləri xüsusilə böyükdür. O, 1979-cu ildə Azərbaycan EA Tarix İnstitutu tərəfindən çap etdirilmiş bircildlik “Azərbaycan tarixi”nin də əsas müəlliflərindən biri olmuşdur. Həmin institutda hazırlanan olan yeddi cildlik “Azərbaycan tarixi” üzrə də M. Ə. İsmayılov xeyli iş görmüşdür. O, çoxcildliyin Baş redaksiya şurasının üzvü, IV və V cildlərin baş redaktoru olmaqla yanaşı bu cildlərin əsas müəlliflərindən biri kimi və başqa müəlliflərlə birlikdə ümumi həcmi təxminən 20 çap vərəqi olan mətni yazmış, cildlərin başdan-başa yenidən işlənilməsini yerinə yetirmişdir. M. Ə. İsmayılovun 1992-ci ildə “Azərbaycan tarixi” adlı ümumiləşdirici əsəri çapdan çıxmışdır. Bundan əlavə, Mahmud müəllim XIX–XX əsrin əvvəlləri tarixi üzrə müxtəlif xəritələrin hazırlanmasında da yaxından iştirak etmişdir.
O, “Azərbaycan Sovet Ensiklopediyası”nın müxtəlif cildləri üçün onlarla məqalə yazmış, “Böyük Sovet Ensiklopediyası” və “Sovet Tarix Ensiklopediyası” üçün Azərbaycan tarixi və tarixşünaslığı üzrə məqalələr hazırlamışdır.
M. Ə. İsmayılovun başlıca tədqiqat sahəsi XIX–XX əsrin əvvəlləri olumuşdur o, başlıca olaraq Şimali Azərbaycanın bu dövrdəki sosial-iqtisadi və siyasi tarixi üzrə ixtisaslaşmış və püxtələşmiş mükəmməl alimə çevrilmişdir. Lakin heç vaxt Azərbaycan tarixinin istənilən dövrü, istənilən başlıca prinsipial məsələsi onun diqqətindən kənarda qalmamışdır. Tədqiq etdiyi dövrlər və problemlər üzrə hər bir tədqiqatçının tutduğu mövqeyin təkamülü və mükəmməlləşməsi qanunauyğun haldır. Lakin bir məsələ var ki, Mahmud müəllimin onda tutduğu mövqe, müdafiə etdiyi prinsiplər nə dəyişmiş, nə də öz dəyərini itirmişdir. Bu da Azərbaycan xalqının etnogenezisi məsələsidir. Bu məsələdə heç nə və heç bir şey onu tutduğu mövqedən azacıq da olsa kənara çəkilməyə məcbur edə bilməmişdir. Respublika elmi və dövri mətbuatındakı çıxışlarında da, müxtəlif səviyyəli elmi məclislərdə də, ölkənin müxtəlif elmi məktəblərinin yüksək nüfuzlu mütəxəssis alimləri ilə elmi çarpışmalarda da o, Azərbaycanın türkdilli əhalisinin avtoxtonluğunu, Azərbaycan türk dilinin qədimliyi və yerliliyini müdafiə və sübut etmişdir.
Mahmud müəllimin bir sıra sanballı ümumittifaq nəşrlərində əsas müəlliflərdən biri kimi yaxından iştirakı onun ölkə tarixşünaslığında qazandığı yüksək elmi nüfuza dəlalət edir. O, “SSRİ-də tarix elmi – xalq tarixi” (1955), SSRİ EA Etnoqrafiya İnstitutu tərəfindən hazırlanmış “Dünya xalqları” seriyasından olan “Qafqaz xalqları” (M., 1962), “İmperializm dövründə Rusiyanın aqrar quruluşunun xüsusiyyətləri” (M., 1962) və s. əsərlərin yazılışında və tərtibatında yaxından iştirak etmiş, xalqımızın tarixi barədə ümumittifaq oxucusuna və elmi ictimaiyyətə obyektiv informasiya çatdırılması sahəsində xeyli rəngarəng işlər görmüşdür.
M.Ə. İsmayılov çox geniş spektrdə görmə qabiliyyəti, müxtəlif problemlərin qiymətləndirilməsində özünəməxsus mövqeyi və güclü elmi təfəkkürü olan redaktordur. O, bu işə elmi yaradıcılığının lap ilk dövrlərindən başlamışdır və ötən müddət ərzində Şimali Azərbaycanın yeni tarixi üzrə çıxmış sanballı əsərlərin əksəriyyətinin redaktəsində yaxından iştirak etmişdir. Elə təkcə akademik Ə. S. Sumbatzadənin “1837-ci il Quba üsyanı” (B., 1961), “XIX əsr Azərbaycan sənayesi” (B., 1964), “XIX–XX əsrin əvvəllərində Azərbaycan tarixşünaslığı” (B., 1987) əsərlərini xatırlamaq kifayətdir. Kitablarının redaktəsini ona etibar etmiş müəlliflər sırasında Z. İ. İbrahimov, Ə. N. Quliyev, F. M. Əliyev, İ. A. Talıbzadə, M. Ç. İbrahimov və s. kimi ustad tarixçilərimizin olması da onun redaktorluq məharətinin nə qədər yüksək qiymətləndirildiyinə sübutdur.
M. Ə. İsmayılov əsərlərlə yanaşı müxtəlif mənbələrin (məsələn, Ə. b Cavanşir. Qarabağ xanlığının siyasi tarixinə dair, B., 1961 və s.), tarixi-etnoqrafik əsərlərin (A. N. Mustafayev. XIX əsrin sonu–XX əsrin əvvəllərində Şirvanın maddi mədəniyyəti, B., 1977; Azərbaycan etnoqrafiyası, B., 1981 və s.) redaktəsində də yaxından iştirak etmişdir.
M. Ə. İsmayılov beynəlxalq aləmdə Azərbaycan tarixinin təbliği sahəsində böyük iş aparmış, müxtəlif beynəlxalq ali elmi məclislərdə tarix elmimizi ləyaqətlə təmsil etmişdir. Onun vətəndaş və tarixçi səsi Roma, Ankara, Leninqrad (Sankt – Peterburq), Moskva, Tbilisi, Sverdlovsk şəhərlərində keçirilmiş elmi məclislərin uca kürsülərindən dəfələrlə səslənmişdir.
1966-cı ildə sovet və İtaliya tarixçilərinin Romada keçirilmiş beynəlxalq qurultayında “XIX əsrin sonu – XX əsrin əvvəllərində Zaqafqaziyanın aqrar quruluşu” mövzusunda çıxış etmiş, 1970-ci ildə iqtisadçıların Leninqradda keçirilən V və tarixçilərin Moskvada keçirilən XIII beynəlxalq konqreslərinin iştirakçısı olmuşdur. O, 1990-cı ildə Türkiyədə keçirilmiş I Beynəlxalq Azərbaycan konqresində iştirak etmiş və “Azərbaycan XIX–XX əsrin əvvəllərində” adlı məruzə ilə çıxış etmişdir. 1960–1980-ci illərdə onun müxtəlif əsərləri ingilis, fars, kürd və s. dillərdə nəşr olunaraq Azərbaycan tarixinin beynəlxalq və ümumittifaq səviyyəsində təbliği sahəsində az rol oynamamışdır.
Artıq yuxarıda qeyd olunduğu kimi, M. Ə. İsmayılov əmək fəaliyyətinin ilk vaxtlarından respublikanın müəllim, tarixçi kadrlarının hazırlanması işində yaxından iştirak etməyə başlamışdır. Müxtəlif vaxtlarda o, ADU-da Azərbaycan tarixi üzrə mühazirələr oxumuş, ixtisas kursları aparmışdır. Lakin onun bu sahədəki fəaliyyəti ilk növbədə respublikanın tarixçi kadrlarının hazırlanması işi ilə bağlıdır. Həm Azərbaycan EA Tarix İnstitutunda “Azərbaycanın yeni tarixi” şöbəsinin rəhbəri (1952–1954-cü və 1967-ci ildən ömrünün sonunadək) kimi, həm də həmin institutun elmi işlər üzrə direktor müavini (1952–1967-ci illərdə və 1983-cü ildən ömrünün sonunadək) kimi respublikanın tarixçi kadrlarının yetişdirilməsi işində böyük xidmətə malikdir. Bu dövrdə bu elmi müəssisədə və bilavasitə onun şəxsi rəhbərliyi və fəal iştirakı ilə onlarla elmlər namizədi və doktorları yetişdirilmiş, neçə-neçə əsərlər hazırlanmışdır. Hal-hazırda respublikanın, demək olar ki, bütün ali tədris və elmi-tədqiqat müəssisələrində, ölkənin bir sıra şəhərlərində onun rəhbərliyi altında yetişib püxtələşmiş mütəxəssislər çalışırlar.
Onun elmi rəhbərliyi altında 30-dan çox dissertasiya müdafiə olunmuşdur. O, ölkənin Bakı, Moskva, Tbilisi və s. şəhərlərində müdafiə olunmuş qırx beşdən artıq namizədlik və doktorluq dissertasiyalarına rəsmi opponentlik etmişdir.
Elə bu xidmətlərinə görə M. Ə. İsmayılov 1983-cü ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmiş, 1990-cı ildə isə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” kimi fəxri ada layiq görülmüşdür.
Ötən əsrin 80-ci illərinin ortalarında xalqımızın soy-kökü, etnogenez məsələləri ətrafında bütün Sovetlər İttifaqında geniş əks-səda, müzakirələr və mübahisələr doğurmuş proseslərin təşəbbüsçüsü və əsl lideri də - bunu qorxudan deyirəm, - Mahmud müəllim idi. O isti yaz günlərində bu kiçik boylu möhtəşəm insanın Akademiyanın əsas binasındakı ağzınadək adamla dolu olan II mərtəbəsindəki zalında öz həmfikirləri – rəhmətliklər Süleyman Əliyarov, Aydın Məmmədov, Dilarə Əliyeva və b. ilə birlikdə Leninqraddan (indiki Sank-Peterburqdan gəlmiş məşhur sovet alimləri Lifşits, Mühəmməd Abdukadıroviç Damdabayev, rəhmətlik İqrar Əliyevlə iki gün ərzində necə dör-dör döyüşdüyünü, qəzəbindən nadir hallarda tüstüləndirdiyi siqaret əlində İnstitutumuzun koridorunda qonaq M.A. Damdamayevdən inciməməsini xahiş etməsi və tərəfi müqabilindən eyni xahişi eşitməsi bu gün də gözlərimin önündən getmir.
Yuxarıda deyilənlərin hamısı Mahmud müəllimin fəaliyyətinin – əsası da olsa – ancaq bir tərəfini, alimlik və təşkilatçılıq cəhətini əhatə edir. Lakin o, eyni zamanda fəal ədəbi və ictimai xadimdir. Bu cəhətləri qeyd etmədən onun şəxsiyyətinin bütöv və dolğun portretini yaratmaq olmaz.
Hətta Mahmud müəllimi tanıyanların çoxu belə, yəqin bilmir ki, bu ağsaqqal və nüfuzlu alimi lap gənc yaşlarından ədəbi yaradıcılığa, özü də şeirlə, başlamışdır. Bir vaxt öz qələmini şeirdə sınayan gənc şəxs, çağdaşAzərbaycan tarixi romanının seçilib-sayılan müəlliflərindən biridir. Onun qələmindən “Ağ yapıncı”, “Xaqani”, “İl üçün yan”, “Sənin ulu baban”, “İki od arasında”, “Qara Yusif” və “Uzun Həsən” kimi ciddi, bir-birindən maraqlı tarixi romanlar çıxmışdır. Onun “Ağ yapıncı” romanı əsasında yazdığı pyes Şəki Dram Teatrında səhnələşdirilmişdir.
Onun hekayə və romanları təkcə ədəbiyyat həvəskarlarının diqqətini cəlb edən bədii əsərlər deyil, həm də geniş oxucu kütləsi üçün bu və ya digər dövrün tarixi və etnoqrafiyası, xalqımızın tarixi inkişafının öyrənilməsi üçün əvəzolunmaz mənbədir. Onun romanlarını səhifələdikcə oxucu bədii həzz almaqla yanaşı, Tomiris ana ilə görüşür, qədim Azərbaycan tayfaları arasında dolaşır, Xaqani dövrünün ədəbi-siyasi mühitinə baş vurur, Azərbaycanda milli-suverən dövlət quruculuğunun tarixini mərhələlərlə izləyir, xalqımızın milli-azadlıq mübarizəsi ilə tanış olur.
Mahmud müəllim eyni zamanda fəal ictimai xadimi idi . Xalqımızın həyatı ilə bu və ya digər dərəcədə bağlı olan istənilən hadisə, respublikanın sosial və siyasi həyatına toxunan istənilən məsələ onun diqqətindən kənarda qalmır. Dağlıq Qarabağ ətrafında hadisələrin başlandığı gündən etibarən respublikada əmin-amanlığın bərpa edilməsi, xalqımızın ünvanına böhtan yağdıranlara layiqli cavab vermək, hadisələrin əsl səbəb və mahiyyəti barəsində obyektiv həqiqəti hamıya çatdırılması üçün qüvvəsini əsirgəməmişdir. O, respublikanın vəziyyəti kəskin olan rayonlarını gəzərək, müxtəlif şəhərlərdə keçirilən görüş, dəyirmi masa və konfranslarda həqiqəti car çəkir, müxtəlif rəsmi və qeyri-formal mətbuat orqanlarının səhifələrində günün bu əzablı probleminə həsr olunmuş rəngarəng məqalələrlə çıxış etmişdir. Xalqımıza qarşı yönəldilmiş böhtanların puçluğunu, soydaşlarımıza qarşı törədilmiş qeyri-insani cinayətlərin səbəb və mahiyyətini faş edən sənədlərin toplanmasında, təhlil və çap olunmasında yorulmadan çalışmışdır. Elə təkcə onun 1989-cu ildə nəşr olunmuş “DQMV ətrafındakı hadisələr - saxtalaşdırıcıların əyri güzgüsündə” adlı sənədlər toplusunu və onlarla bağlı məqaləsini göstərmək kifayətdir.
Ümumiyyətlə, 200 -dən artıq elmi işin, o cümlədən 150 monoqrafiya, kitabça və elmi məqalənin, 40-dan artıq elmi-kütləvi məqalənin müəllifi, 30-a yaxın kitabın redaktoru olan istedadlı, görkəmli alimimiz və ağsaqqalımız, Azərbaycan MEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor, neçə-neçə orden və medallarla təltif olunmuş müharibə və əmək veteranımız ömrünün sonuna yaxın ağır xəstələnənədək daim iş başında idi. Qələmini əsl süngüyə çevirib elmi həqiqətlər və Vətən-Xalq-Dövlət mənafeləri uğrunda yarulmadan çalışırdı. O, sönməz enerji ilə el-obamızın tarixini öyrənir və öyrədir, xalqımızın dərd-sərini düşünüb-daşınır, böyük gücü və geniş imkanları daxilində sabahımıza uzana biləcək yollardan ən əlverişlisini seçmək naminə yorulmadan çalışır, əlləşir, vuruşur.
Heç zaman bitirmək istəmədiyim bu hekayətin bir sonucunu yazmağa özümü vadar edərək onun vəfatı və dəfnini xatırlamaq istəyirəm:
Dərin, “Zübdət üt-təvarix”li Gəncə köklərinin Şəkidə məskən salmış ailələrdə Əlabbas kişinin ailəsində 1920-ci il sentyabrın 1-də işıqlı ünyaya göz açmış Mahmud bəy 1934-cü ildən yaşadığı Bakımızda 2001-ci il sentyabrın 1-də Tanrının dərgahına ucaldı.
Akademiyada çalışdığım 45 il ərzində çox yas mərasimlərinin şahidi olmuşam. Elə adam olub ki, dəfnində İnstitutdan və şöbəsindən bir nəfər də getməyib, eləsi olub ki, lap yuxarı dairələrdən yas mərasiminə gedişi təmin etmək üçün göndərilmiş lüks avtobuslar bomboş qalıb.
Amma iki Mahmudun dəfnini də görmüşəm: AMEA-nın prezidenti akademik Mahmud Kərimov dünyasını dəyişəndə bütün İnstitutların əməkdaşlarına tapşırılmışdı ki, akademiyaya gəlməsinlər, amma əsas binanın önündən meydan və bağ sıx polis kordonunu hansı yolla adlaya bilmiş akademiya əməkdaşları ilə dopdolu idi.
AMEA-nın müxbir üzvü, mənim ustadım Mahmud İsmayılov avqustun 16-da, yəni akademiya əməkdaşlarının 90-95%-nin məzuniyyətdə, əksəriyyətinin qapqaynar Bakıdan kənarda olduğu vaxtı bu dünyanı tərk etmişdir. Amma az qala 50 il başçılıq etdiyi şöbənin bütün əməkdaşları, Tarix İnstitutu kollektivinin əksər hissəsi, eşidib bilənlərin demək olar ki, çox böyük əksəriyyəti bu böyük insanı o dünyaya uğurlamaq üçün onun qapısına yığışmışdı. Məkanın behişt olsun, ustad!
Hacı Nuru oğlu Həsənov,
AMEA-nın Tarix və Etnologiya İnstitutunun
şöbə müdiri, professor