Heç nə insan həyatından qiymətli deyil
Yay səyahət mövsümüdür. İnsanlar şəhərin səs-küyündən uzaqlaşıb, az da olsa, istirahət etmək istəyirlər. Bu məqsədlə də ölkənin müxtəlif regionlarında yerləşən istirahət mərkəzlərinə üz tuturlar. Belə səfərlər, turizm axını yollarda nəqliyyat hərəkətində sıxlıq yaradır, həm də yol hərəkəti qaydalarının pozulmasını və qəza hallarını çoxaldır.
Araşdırmalar göstərir ki, qəzalar ən çox iyul, avqust aylaında baş verir, ölümlə də nəticələnir. Məsələn, bu günlərdə İmişli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi 3 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnib. Şəmkirdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində isə 7 nəfər həlak olub, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qax rayonunda yol qəzası 1 nəfərin, Sumqayıtdakı qəza isə 1 ailənin ölümü ilə nəticələnib.
Təəssüf ki, siyahını bir qədər də uzatmaq olar. Bu artım, sadəcə, statistik göstərici deyil, eyni zamanda ailələrin faciəsi, insanların həyatı və cəmiyyətin təhlükəsizliyinə yönəlmiş faciəli prosesdir. Mövcud vəziyyətin təhlili göstərir ki, qəzalara səbəb olan amillər çoxşaxəlidir və kompleks yanaşma tələb edir.
Bununla bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı XQ-yə bildirdi ki, yol–nəqliyyat hadisələrinin artmasının bir sıra obyektiv və subyektiv səbəbləri var:
– Bu hadisələrin baş verməsində 3 mühüm amil ön plana çıxır: sürücü, yol infrastrukturu və avtomobilin texniki vəziyyəti. Bu amillər bir-biri ilə sıx bağlı olmaqla yanaşı, hər biri ayrıca qəzanın baş verməsində həlledici rol oynayır. Yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədris olunan elmi və texniki yanaşmalar da məhz bu istiqamətlərə diqqət yetirir.
Texniki universitetdə tədris olunan SAYM sistemi çərçivəsində isə 4 əsas komponent götürülür. Bu yanaşmada sürücü, avtomobil, yol şəraiti və mühit rol oynayır. Lakin bu komponentlər arasında birmənalı şəkildə ən həlledici və risk yaradan amil sürücüdür. Çünki sürücü təkcə avtomobili idarə etmir, eyni zamanda onun verdiyi qərarlar qəzanın qarşısını ala və ya ona səbəb olar bilər.
E.Muradlı vurğuladı ki, sürücü, ilk növbədə, yol hərəkəti qaydalarını bilməlidir:
– Eyni zamanda bu qaydalara ciddi əməl etməlidir. Təəssüf ki, bəzi hallarda sürücülər arasında öz gücünə həddindən artıq güvənmək, özündən razılıq və yersiz cəsarət müşahidə olunur. Bəziləri “illərin sürücüsüyəm”, “peşəkaram”, “bu yollarda böyümüşəm” kimi ifadələr səsləndirir, təhlükəli manevrlərə yol verirlər. Bununla yalnız özlərinin deyil, digər yol hərəkəti iştirakçılarının da həyatını təhlükəyə atırlar.
Digər tərəfdən, bəzi sürücülər yol hərəkəti qaydalarını bilsələr belə, onları pozmağa meyillidirlər. Bunu əsaslandırmaq üçün isə “radarın, kameranın yerini bilirəm”, “ yol mənimdir”, “məni heç kim saxlamaz” - deyirlər. Bu cür davranışlar təkcə qanun pozuntusu deyil, həm də məsuliyyətsizlikdir.
Yol hərəkəti qaydalarının pozulması heç kimə güzəşt etmir. Qəza nə pula, nə vəzifəyə, nə də sosial statusa baxır. Bu səbəbdən də yol hərəkətində məsuliyyətli olmaq hər bir vətəndaşın borcudur və bu borcun yerinə yetirilməməsi bəzən geri dönüşü olmayan nəticələrə səbəb olur”.
Nəqliyyat eksperti qeyd etdi ki, yol qəzalarının əsas səbəblərindən biri, bəlkə də birincisi sürücülərin sürət həddini aşmasıdır:
– Xüsusilə yüksək sürətlə hərəkət edən sürücülərin nəqliyyat vasitəsinə nəzarəti itirmələri tez-tez baş verir. Bu, qəza riskini əhəmiyyətli dərəcədə artırır, eyni zamanda onun nəticələrini də ağırlaşdırır.
Çünki sürət artdıqca sürücünün reaksiya vermə vaxtı azalır. Yəni yolda qəfil bir maneə, piyadanın yola çıxması və ya digər nəqliyyat vasitəsinin qəfil manevri kimi hallarda sürücünün vaxtında qərar verməsi çətinləşir. Bundan əlavə, yüksək sürət zamanı əyləc məsafəsi də artır. Sürücünün əyləcə basmasından avtomobilin tam dayanmasına qədər keçdiyi məsafə uzanır. Nəticədə qəzanın qarşısını almaq çətinləşir, nəqliyyat vasitəsində olan insanların xəsarət alması və ya həyatını itirməsi ehtimalı artır. Bundan başqa, avtomobilin strukturu ağır deformasiyalara uğrayır, təhlükəsizlik sistemləri (airbag, təhlükəsizlik kəməri və s.) təsirsiz qalır.
Müsahibimizin dediyinə onu da əlavə edək ki, Qazaxda baş vermiş ağır yol–nəqliyyat hadisəsi də bu səbəbdən baş vermişdir. İlkin araşdırmalara əsasən müəyyən edilib ki, Bakı şəhər sakini Ramal Vəliyev BMW markalı avtomobillə Əskipara kəndindən Fərəhli kəndi istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra yol kənarında dayanan digər bir avtomobilə və sonda daş hasara çırpılıb. Qəza nəticəsində sürücü Ramal Vəliyev və avtomobildə olan üç sərnişin hadisə yerində həyatlarını itiriblər. Qəzanın baş verməsinə səbəb isə nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi olub. Araşdırma zamanı həmçinin məlum olub ki, sürücü Ramal Vəliyev il ərzində mütəmadi olaraq yol hərəkəti qayda pozuntularına yol verib. Qayda pozuntularının əksəriyyəti sürət həddinin aşılması ilə bağlı olub. Bu faktlar yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmanın sonda nə qədər ağır faciələrə səbəb olduğunu göstərir.
E.Muradlı sürücülərin sükan arxasında məsuliyyətsiz davranışlarının da qəzalara səbəb olduğunu vurğuladı:
– Bu məsuliyyətsizlik müxtəlif formalarda özünü göstərir: alkoqol və narkotik maddələrin təsiri altında avtomobil idarə etmək, diqqətsizlik, yuxusuzluq və fiziki yorğunluq. Belə sürücülər qəza törətməyə daha çox meyilli olurlar. Xüsusilə alkoqol qəbul etmiş sürücülər sükan arxasında özlərini həddən artıq inamlı hiss edir, öz imkanlarını olduğundan üstün qiymətləndirir və nəticədə riskli manevrlərə yol verirlər. Halbuki, alkoqol insanın reaksiya vermə sürətini azaldır, diqqətini yayındırır, qərarvermə qabiliyyətini zəiflədir və vəziyyəti düzgün qiymətləndirmək bacarığını pozur. Bu isə sükan arxasında olduqca təhlükəli nəticələrə səbəb olur. Xüsusilə gecə saatlarında baş verən ölümcül qəzaların əksəriyyətində alkoqol əsas səbəb kimi göstərilir.
Ümumilikdə, yol nəqliyyat hadisələrinin 15–30 faizinə səbəb alkoqollu vəziyyətdə avtomobil idarə olunmasıdır. Məlumdur ki, qanında 1.0 promil alkoqol olan bir şəxsin qəza törətmə riski ayıq sürücülərlə müqayisədə 7–10 dəfə çoxdur. Bu faktlar göstərir ki, alkoqollu halda sükan arxasına keçmək yalnız şəxsi məsuliyyətsizlik deyil, eyni zamanda ciddi ictimai təhlükədir. Halbuki belə halların qarşısını almaq mümkündür. Sərxoş vəziyyətdə taksi sifariş etmək, ictimai nəqliyyatdan istifadə etmək və ya avtomobili etibarlı, ayıq sürücüyə təhvil verməklə faciənin qarşısını almaq olar.
Narkotik maddə qəbul etmiş sürücülər də eyni şəkildə məsuliyyətsiz və təhlükəli davranışlar sərgiləyirlər. Bu halda vəziyyəti dəyərləndirmə qabiliyyəti daha da zəifləyir, reaksiya gecikir və nəticədə baş verən qəzalar çox vaxt ağır faciələrlə nəticələnir”.
Ekspert yeni texnologiyaların gündəlik həyatımıza daxil olmasının yol hərəkətinə təsirinə də toxunaraq bildirdi ki, bu, bir tərəfdən rahatlıq yaratsa da, digər tərəfdən sükan arxasında diqqətin yayınmasına səbəb olur:
– Bu gün yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri diqqətsizlikdir. Sürücü avtomobili idarə edərkən diqqətini yola yönəltməlidir. Təəssüf ki, bu qaydaya hər zaman əməl olunmur.
Ən çox rast gəlinən yayındırıcı amillərdən biri isə mobil telefondur. Zənglərə cavab vermək, mesaj yazmaq, sosial şəbəkələrdə vaxt keçirmək və ya GPS-dən istifadə sürücünün diqqətini yayındırır. Real hadisələrdən biri kimi Ağ Şəhərdə baş vermiş yol qəzasından danışmaq istərdim. Mobil telefonla məşğul olan sürücü "Toyota Prius" markalı avtomobillə dayanma nişanına məhəl qoymadan yolayrıcına daxil olub və digər avtomobillə toqquşaraq qəza törədib.
Siqaret çəkmək, sükan arxasında yemək, sərnişinlə uzun-uzadı söhbətlər də sürücünün diqqətini yoldan yayındırır. Bu da zolaqdan çıxma, məsafəni düzgün qiymətləndirməmə və təhlükəli manevrlərə səbəb olur. Belə hallar, xüsusilə şəhərdaxili, sıx hərəkətli və piyadaların çox olduğu ərazilərdə qəzalarla nəticələnir. Ani diqqətsizlik nəticəsində piyadanın vurulması və ya avtomobillə toqquşma kimi faciələr yaşana bilər. Biləcəridəki qəzada olduğu kimi. Bu qəza 3 nəfərin həyatına son qoydu. Sürücülər anlamalıdırlar ki, bir zəng və ya mesaj heç vaxt insan həyatından daha önəmli deyil.
Yuxusuzluq və fiziki yorğunluğun da qəzalara səbəb olduğunu deyən E.Muradlı vurğuladı ki, uzun müddət fasiləsiz avtomobil idarə edən, kifayət qədər istirahət etməyən sürücülərdə reflekslər zəifləyir.
Yorğun halda sükan arxasında olmaq alkoqollu vəziyyətdə avtomobil idarə etməyə bərabərdir. 24 saat yatmayan bir sürücünün davranışı, qanında 1.0 promil spirt olan bir sürücünün davranışına bənzəyir. İstirahət etmədən, fasiləsiz uzun müddət avtomobil idarə etmək həm sürücü, həm də digər hərəkət iştirakçıları üçün olduqca təhlükəlidir. Əsasən də sərnişindaşıma fəaliyyəti ilə məşğul olan bəzi sürücülər daha çox qazanc əldə etmək məqsədilə uzaq məsafəli yolu gün ərzində istirahət etmədən, əzgin halda bir neçə dəfə gedib-gəlməyə çalışırlar. Normal yuxu rejiminə əməl etməyən insanı təbii olaraq yolda yuxu tuta bilir və bu, ağır hadisənin baş verməsinə şərait yaradır.
Bundan başqa, istehsal ili köhnə olan bəzi nəqliyyat vasitələrinin mühərrikindən ixrac olunan qazların qoxusu texniki nasazlıq nəticəsində avtomobilin salonuna daxil olur ki, bu özü də insana yuxu gətirir. Bəzən səhhəti ilə bağlı müəyyən problemlər yaşayan sürücülər olur, müxtəlif dərman preparatları içərək sükan arxasına əyləşirlər ki, həmin dərmanlar da müəyyən əzginlik, yuxululuq yarada bilir və bu da öz növbəsində yol qəzalarının baş vermə riskini artırır.
Sürücülərin qəza törətdikdən sonra “yuxulu olmuşam”, “yorğun olmuşam” ifadəsini işlədərək özlərinə bəraət qazandırmağa çalışması isə qəbuledilməzdir. Çünki bu səbəbdən baş vermiş hadisələr bəzən bir neçə şəxsin həyatını, sağlamlığını itirməsinə gətirib çıxarır, neçə-neçə ailələrdə faciə yaşanır.
Bu kimi bədbəxt hadisələrdən qorunmaq üçün iş və istirahət rejiminə düzgün riayət edilməlidir. Sürücü heç olmasa 2–3 saatdan bir fasilə edib, sonra yola davam etməlidir. Enerji içkiləri və qəhvə yalnız müvəqqəti təsir göstərir və əsas problemi aradan qaldırmır. Sürücülərin qısa müddət dayanıb dincəlməsi mənzilbaşına sağ-salamat çatmaları, həm özləri, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.
Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yol-nəqliyyat hadisələrinin 10–20 faizi yuxusuzluqla bağlıdır. Azərbaycanda da bu səbəbdən baş verən qəzalarda artım müşahidə edilir. Təkcə iyul ayında sürücülərin sükan arxasında yuxulaması ilə bağlı 21 qəza qeydə alınıb.
Müsahibimizə görə, yol-nəqliyyat hadisələrinə səbəb olan əsas faktorlardan ikincisi avtomobillərin texniki vəziyyəti ilə bağlıdır:
– Bəli, avtomobil yüksək təhlükə mənbəyidir. Bəzi sürücülərin, ümumiyyətlə, avtomobilin texniki parametrlərindən xəbəri yoxdur. Bunları isə bilmək, vaxtı-vaxtında ona texniki qulluq göstərmək lazımdır. Buna baxmayaraq, bəzi sürücülər nəqliyyat vasitələrinə mütəmadi texniki qulluq göstərməyə biganə yanaşır və texniki baxış prosesini sadəcə formal qaydada yerinə yetirirlər.
Ən təhlükəli texniki nasazlıqlar sırasında isə əyləc sistemindəki problemlər xüsusi yer tutur. Əyləc sisteminin düzgün işləməməsi qəfil vəziyyətlərdə nəqliyyat vasitəsinin vaxtında dayandırılmasına imkan vermir və bu da ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir. Təkərlərin köhnəlməsi və balanssızlığı, xüsusilə yüksək sürətlə hərəkət zamanı avtomobilin idarə olunmasını çətinləşdirir və yolda sürüşmə riskini artırır.
Sürət qutusu və sükan sistemindəki nasazlıqlar da sürücünün manevr qabiliyyətini məhdudlaşdıraraq qəfil yol dəyişmələrində və döngələrdə təhlükə yaradır. Həmçinin lampaların düzgün işləməməsi, gecə və ya dumanlı hava şəraitində yolun kifayət qədər işıqlandırılmamasına səbəb olur, bu da həm sürücünün görmə sahəsini azaldır, həm də qarşıdan gələn sürücülərin görmə qabiliyyətinə mənfi təsir edir.
Təəssüf ki, bəzi hallarda sürücülər bu problemləri aradan qaldırmaq əvəzinə, texniki baxışı, sadəcə, sənəd əldə etmək üçün keçirirlər və nəqliyyat vasitəsinin real vəziyyəti yoxlanılmadan yollarda hərəkət etməyə davam edirlər. Bu cür yanaşma təkcə sürücünün öz həyatını deyil, digər yol istifadəçilərinin təhlükəsizliyini də ciddi şəkildə risk altına qoyur.
Bundan başqa, avtomobillərin köhnə olmasını da nəzərdən qaçırmaq olmaz. Dünyanın avtomobil sənayesi baxımından inkişaf etmiş ölkələrində istehsal tarixi yeni olan avtomobil qəza törədəndə baxırsan heç kim xəsarət almır. Həmin modelin köhnə versiyası Azərbaycanda qəza törədəndə avtomobildə olan sərnişinlər həyatını itirirlər. Deməli, avtomobilin texniki parametrləri qaydasında deyil. İstismar müddəti çoxdan başa çatıb. Texniki vəziyyəti ürəkaçan deyil. Ona görə də bu qəzalar ağır nəticələr verir. “Avtomobil ucuz olsun, ayağımı yerdən götürsün” deyib alırıq, amma texniki vəziyyətinə nəzər salmırıq. Bu da ciddi problemdir. Nəticəsi də göz qabağındadır.
Araşdırmamızın nəticəsi olaraq, yollarla bağlı da danışmaq istərdim. O, qəzalara səbəb olan ən önəmli amillərdən biridir. Yol təbii ki, sürücülər üçün təhlükəsiz və rahat olmalıdır. Bu, “Yol hərəkəti haqqında” qanunun 7-ci maddəsində də göstərilib. “Ay bu yolun tikintisinə və ya təmirinə çox pul gedəcək, xərc çıxacaq” deyimi artıq keçmir. Qanunun 7-ci maddəsinə nəzər salanda görünür ki, yollar dövlətin məsuliyyətindədir, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyəti yol hərəkətində iştirak edən insanların məsuliyyətindən üstündür. Dövlət, aidiyyəti qurumlar məsuliyyəti daha da artırmalıdırlar. Onlar bu qəzaların baş verməsinə cavabdehdirlər. Heç bir iqtisadi amil insan həyatından üstün tutula bilməz, tutulmamalıdır da.
Qəzaları artıran 3 amildən biri də yol strukturudur. Onu da deyək ki, yollar tam qaydasında deyil, problem var, bəzi yerlərdə tikinti-quraşdırma işləri aparılır. Pis infrastruktur isə qəza riskini birbaşa artırmaqla yanaşı, sürücülərin və piyadaların davranışlarına da mənfi təsir göstərir. Çox hallarda yol qəzalarının başlıca səbəblərindən biri də məhz texniki baxımdan yararsız və ya qeyri-standart yollar olur. Ən çox rast gəlinən problemlər sırasına çuxurlu və bərbad yol örtüyü, düzgün yerləşdirilməmiş və ya ümumiyyətlə, olmayan yol nişanları, zəif və ya natamam işıqlandırma, həmçinin nişanlanmamış və ya çətin görünən piyada keçidləri daxildir. Bəli, bir çox yollar normal işıqlandırılmır, qaranlıqdır. Artıq dünyada bu, əsas məsələ kimi nəzərə alınır. Məsələn, dünyanın hər yerində Bakı–Şamaxı, Bakı–Quba, İsmayıllı–Qəbələ, cənubdan Astaraya qədər olan yollara bənzər avtomobil yolu tam şəkildə işıqlandırılır. Bizdə isə gecə vaxtı süni işıq olmayan zaman belə yollarda hərəkət etmək çox çətindir.
Bəzi yerlərdə yol nişanları da çatışmır. Bu səbəbdən də sürücülər qarşılıqlı münasibətlərdə səhvə yol verirlər. Qəza şəraitini qiymətləndirmədə də bu səbəbdən səhv edirlər. Həmçinin ağaclar, kollar yol nişanlarının qarşısını kəsir. Bu gün nişanlanma xətlərini çəkirlər, 3 aydan sonra boyası gedir. Üstəlik, səkilər də zəbt olunub. Piyada keçidlərində də vəziyyət ürəkaçan deyil. Təbii ki, məsuliyyətsiz piyadalar da var. Keçidin yaxınlığında vurulan piyadalar da az deyil. Bu da onu deməyə əsas verir ki, keçidlərdən düzgün və qaydalar çərçivəsində istifadə olunmur.
Bundan əlavə, bəzi döngələrin əyriliyi və bu döngələrdə təhlükəsizlik tədbirlərinin olmaması da sürücülərin qəfil qərar verməsinə səbəb olur və bu, ciddi qəzalarla nəticələnir. Kənd və ucqar ərazilərdə vəziyyət daha da kritikdir. Bu problemlər həm də nəqliyyatın normal axınını pozur, sığorta xərclərini artırır və ölkə üzrə yol hərəkəti sisteminə olan ictimai inamı azaldır. Unutmayaq ki, yol infrastrukturu təkcə rahatlıq deyil, həm də həyat amilidir. Onun müasir tələblərə cavab verməsi qəzaların azalması üçün əsas şərtlərdən biridir.
Bir məsələyə də toxunmaq istərdik. Bu, mühitlə bağlıdır. Yəni havanın və ətraf şəraitin vəziyyəti yol hərəkətində təhlükəsizliyə birbaşa təsir göstərən əsas amillərdəndir. Havanın yağışlı, qarlı və ya həddindən artıq isti olması insanların həm fiziki, həm də psixoloji durumuna təsir edir, bu da yol hərəkəti qaydalarına münasibətdə səhlənkarlıq yaradır.
İsti havalarda bəzən sağlamlıq problemi olan insanlar uzaq səfərlərə çıxırlar. Nəticədə yolda onların halı pisləşir, ürək tutması və ya digər ciddi narahatlıqlar baş verir. Belə hallarda nəqliyyat vasitəsinin idarə edilməsi mümkün olmur və qəza baş verir. Bəzən bu, yalnız həmin şəxsin deyil, digər insanların həyatına da təhlükə yaradır.
Yağışlı hava zamanı sürücülər çox vaxt yolun sürüşkən olduğunu nəzərə almadan, sürət həddinə əməl etmədən hərəkət edirlər. Bu isə idarəetməni çətinləşdirir və qəza ehtimalını artırır. Qarlı havada isə sürücülər avtomobillərinin təkərlərinin vəziyyətini və qış şəraitinə uyğun olub-olmadığını yoxlamadan yola çıxırlar. Yol buz bağlayanda nəqliyyat vasitəsi sürüşür, nəticədə ya avtomobil birbaşa divara çırpılır, ya da başqa avtomobillərə və insanlara ziyan yetirir. Unutmayaq ki, hava şəraiti dəyişə bilər, amma məsuliyyət hissi və diqqət daim sabit qalmalıdır. Bu, həm öz həyatımız, həm də başqalarının həyatı üçün vacibdir.
Qeyd edək ki, qəzaların fəsadları uzun müddət davam edir. Yaxınlarını itirən insanlar ağır psixoloji travmalar yaşayır, bəzi şəxslər ömürlük əlil qalır. Buna görə də bu problemin həlli təkcə cərimələrlə, hüquqi tədbirlərlə mümkün deyil. Ən azı maarifləndirmə işi aparılmalıdır. İnsanlara, xüsusən də gənclərə və sürücülərə yol hərəkətinin nə qədər məsuliyyətli bir davranış forması olduğu aşılanmalıdır. Hər bir şəxs bilməlidir ki, bir anlıq etinasızlıq, diqqətsizlik və ya özünə həddən artıq arxayın olmaq bəzən geri dönüşü olmayan faciələrlə nəticələnə bilər. Həyatı qorumaq isə hər birimizin mənəvi borcu olmalıdır.
Ə.PÜNHAN
XQ