Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 27-də ümumi çəkisi 19,7 kiloqramdan artıq narkotik vasitə, kultivasiya yolu ilə yetişdirilmiş 244 ədəd çətənə kolu və 201 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən isə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması məqsədi ilə sərhədyanı bölgələrdə əməliyyatlar davam etdirilir. Lənkəran rayonunda keçirilən növbəti əməliyyat zamanı 1978-ci il təvəllüdlü Lerik rayon sakini Nazim Fərəcov tutulub. Ondan 62 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və tiryək aşkarlanıb.
Qeyd edək ki, N.Fərəcov şübhə oyatmamaq üçün narkotik vasitələri çatdırdığı ünvanlara ailə üzvləri ilə birlikdə gedib. Aparılan araşdırmalar zamanı onun ayrı-ayrı vaxtlarda şəxsiyyətləri araşdırılan İran vətəndaşları ilə əlbir olub ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi sübuta yetirilib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.
P.ƏMİRCANOV
XQ