Piyada intizamsızlığı ağır nəticələrə səbəb olur

post-img

Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, təhlillər piyada intizamsızlığının ağır nəticələrə səbəb olduğunu göstərir. 

Bununla bağlı məlumatda qeyd edilir ki, yola saldığımız həftə piyadaların vurulması hadisələri ilə yadda qalıb. Bütün hallarda sutkanın qaranlıq vaxtı yaşayış məntəqələrində qeydə alınan bu hadisələrin təhlili  bir daha deməyə əsas verir ki, hələ də piyadalarımızın yol hərəkəti qaydalarına əhəmiyyət verməməsi, yolu istənilən yerdən keçmək vərdişi, bir sözlə, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşması yollarımızda yaşanan faciələrin başlıca səbəblərindən biridir.

Hər bir hərəkət iştirakçısı bilməlidir: Yol birgə istifadə məkanıdır və burada qaydalar hər kəsə şamil edilir! Özünü ümumi davranış normalarından kənarda zənn edən istənilən hərəkət iştirakçısı yanılır və o, potensial faciə qurbanıdır.  

Piyadaların üzərinə düşən ən sadə, lakin həyati əhəmiyyətli vəzifə isə yolu müəyyən olunmuş keçidlərdən, işıqforun tələblərinə riayət edərək və diqqətli keçməkdir.

Bu sadə prinsiplərə əməl etməyən hər piyada – istər bilərəkdən, istərsə də ehtiyatsızlıq səbəbilə öz həyatını riskə atmaqla yanaşı, digər hərəkət iştirakçılarının da taleyini dəyişə bilər.

Dəyərli piyadalarımız, unutmayın! Qaydaları pozaraq atdığınız addım, uçuruma atılan addım ola bilər.

P.ƏMİRCANOV
XQ

Hadisə