Sentyabrın 28-də yeni istifadəyə verilmiş Gəncə Stadionunda III MDB Oyunlarının rəsmi açılış mərasiminin keçirilməsi və bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı, sözün həqiqi mənasında, böyük bayrama çevrildi.
İdman oyunları ölkəmizin 7 şəhər və rayonunda keçirilir. Oktyabrın 8-də keçiriləcək yarışlara 23 idman növü üzrə keçiriləcək yarışlara Azərbaycanla yanaşı, Pakistan, Rusiya, Özbəkistan, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Küveyt, Oman ölkələrindən gələn idmançılar da qatılıblar. Mingəçevirdə isə 4 idman növü üzrə yarışlar keçirilir.
Artıq yarışların ilk günündə Azərbaycan III MDB Oyunlarında ilk qızıl medalını qazanıb. Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən taekvondo yarışlarında idmançımız Ziya Həsənli (63 kq) qızıl medal əldə edib. Həmçinin idmançılarımızdan Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) qızıl, Ümid Rəhimzadə (54 kq) gümüş medal qazanıblar. Rəqiblərinə qalib gəlmək əzmi ilə yarışan Elcan Əliyev (74 kq) gümüş, Səlimə Quliyeva (46 kq), Nilufər Borji (53 kq), Tamerlan Yaqubov (54 kq), Nərgiz Kazımova (62 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi 87 kq) bürünc medal qazanıblar.
Taekvondo yarışlarından sonra iştirakçılardan bir qrupu ilə görüşdük, onlardan müsahibə aldıq. Hamısı həvəslə danışdı. Qırğızıstan Respublikasının İdman Nazirliyində işləyən Azamat Kenzheshen bildirdi ki, yarışlara 126 nəfər idmançı cəlb olunub. Onlar Gəncə şəhərində qalır, Mingəçevirdəki idman bazasında yarışlarını davam etdirirlər. Azərbaycanda ilk dəfə olmasından söhbət açan Azamat respublikamızın inkişafından, Mingəçevirin, Gəncənin səliqə-sahmanlı şəhər olduğundan danışdı, buranın insanlarından razılıqlarını bildirdi. Yarışların təşkilatçılarına minnətdarlığını ifadə etdi. Eyni fikirləri Rusiyadan olan taekvondoçu Maksim Mironov da diqqətə çatdırdı: Mingəçevir gözəl şəhərdir,– dedi, təşkilatçılar burada hər cür şərait yaradıblar. Şəhərdə ilk dəfə olmağıma baxmayaraq insanların münasibəti diqqətimi cəlb etdi. Taekvondoçular Viktoriya Tatarenko və Aziza Qüseynova da söhbətə müdaxilə edərək yarşların təşkilindən razılıqlarını bildirdilər. III MDB Oyunlarının yüksək səviyyədə keçirildiyini diqqətə çatdırdılar. Bu cür yarışlar insanlar arasında mehribançılığı, səmimiyyəti artırır, dedilər, yenidən Mingəçevirə qayıtmaq arzusunda olduqlarını bildirdilər.
Qeyd etmək yerinə düşər ki, yarışın təşkilatçıları arasında könüllülər də çoxluq təşkil edir. Onlardan Orxan Əhmədov bildirdi ki, 60 nəfərdən çox könüllü ilə birlikdə yarışların təşkilinə nəzarət edirlər. Orxan həvəslə danışır. Bildirir ki, yarışlar yüksək əhval-ruhiyyə ilə keçir.
Mingəçevirlilər, tələbə-gənclər ilk gündən yarışları maraqla izləyir, idmançılarımıza dəstək verir, onlarda rüh yüksəkliyi yaradırlar.
Bildirmək yerinə düşər ki, Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində oktyabr ayının 5-6-da davam edəcək yarışlarda kayak üzrə 12, kanoe üzrə 2, akademik avarçəkmə üzrə isə 6 nəfər idmançımız qələbə uğrunda mübarizə aparacaqlar. Yəni, III MDB Oyunlarında iştirak edəcək avarçəkənlərimizin sayı 20 nəfərdir. Həmin mübarizəyə Rusiya, Belarusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan gələn idmançılar da qoşulacaqlar.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Mingəçevir