Dünya kitabı Azərbaycan paytaxtında

post-img

Dünən kitabsevərlərlə növbəti görüşə gələn 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi miqyası və xarici iştirakçıların çoxluğu ilə seçilir. “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr edilən builki sərgidə 23 dövlətdən 68 xarici təşkilat və xarici nümayəndə heyəti təmsil olunur. İspaniya, Küveyt və İndoneziya kimi ölkələrin rəsmiləri ilk dəfə olaraq sərgidə iştirak etməklə tədbirin coğrafiyasını daha da genişləndirib.

Açılış mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu bildirdi ki, beynəlxalq miqyasda keçirilən sərgi mədəni potensialımızı, nəşriyyat işinin inkişafını və dünya ədəbiyyatı ilə əlaqələrin möhkəmlənməsini göstərir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli qeyd etdi ki, belə sərgilər mədəni həyatımızda mühüm hadisədir. Kitab sərgisi oxu mədəniyyətinin inkişafına, mütaliə vərdişlərinin güclənməsinə, elmi və ədəbi fikir mübadiləsinə geniş imkanlar yaradır. Sərgi yalnız kitab təqdimatları ilə məhdudlaşmır. Burada uşaqlar və böyüklər üçün maraqlı ustad dərsləri, yazıçı və şairlərlə imza günləri, eləcə də konfrans, simpozium və müsabiqələr keçirilir. Ənənəvi kitab müzakirələri ilə yanaşı, inklüziya, təhsil, müasir ədəbiyyat tendensiyaları kimi aktual mövzular da diqqət mərkəzinə çıxarılır.

30 ildən çoxdur xəttatlıqla məşğul olan Tahir Ələkbərovun təmsil etdiyi “Azgallery” sərgidə maraqlı stendlərdəndir. Sənətkar qeyd etdi ki, xəttatlıq, yaxud xoşnəvislik, sadəcə, yazı texnikası deyil, bir sənət fəlsəfəsidir: – “Onu həm “nəfis məktub incəsənəti”, həm də təsviri sənətin bir qolu adlandırmaq olar. Əsas mahiyyəti isə işarələrin ekspressiv, harmonik və zövqlə tərtibatıdır. Bu sənətə gənclik illərimdən vurğun olmuşam. Hər bir xəttin öz ruhu, öz melodiyası var. Bu, məni hər zaman cəlb edib. Xəttatlıq kitab mədəniyyəti ilə sıx bağlı olduğuna görə bu sərgiyə qoşuldum.

Xəttatlığın ən mükəmməl növlərindən olan Nəsx xətti XII əsrdə ibn Muğla Şirazi tərəfindən kufi xəttinin təkmilləşdirilməsi nəticəsində meydana gəlib. Maraqlısı budur ki, “nəsx” sözü də kufi xəttini sıradan çıxardığı üçün verilib. Onun əsas üstünlüyü sadəliyi, rahat oxunuşu və asan yazılışıdır. Bu səbəbdən də əsrlər boyu bədii və elmi əsərlərin, əlyazmaların köçürülməsində geniş istifadə olunub. Hətta Naxçıvan ərazisindəki daş kitabələrdə və qədim əlyazmalarda bu xəttə tez-tez rast gəlinir.

“Süls” xəttindəki süls sözünün isə lüğəvi mənası “üçdə bir” deməkdir. Bu klassik xətt növü X əsrdə məşhur ərəb xəttatı Əbu Əli Məhəmməd ibn Muğla tərəfindən yaradılıb. Süls xətti vizual baxımdan daha monumental və estetikdir.

Həmin dövrdə kitab sənəti təkcə dini deyil, həm də elmi-mədəni həyatın mühüm hissəsi idi. Marağa, Təbriz, Sultaniyə və Şamaxı şəhərlərində kitab tərtibatı ilə məşğul olan sənətkarlar fəaliyyət göstərirdilər. Bu mərkəzlərdə kitabxanaçılıq, əlyazma köçürmə və xəttatlıq bir növ intibah dövrünü yaşayırdı. Azərbaycan bu baxımdan zəngin mədəni ənənəyə malikdir.

Xəttat sonda dedi:

– Bu gün də texnologiyanın inkişafı əl yazısını kölgədə qoyub. Amma xəttatlıq heç vaxt dəyərini itirmir. Əksinə, sənət kimi qiyməti daha da artır. Çünki burada həm estetik gözəllik, həm də mənəvi dərinlik var. Gənclər arasında maraq az olsa da, inanıram ki, bu sənəti sevənlər onu davam etdirəcəklər.’

Son illərdə Bakı Beynəlxalq Kitab Sərgisi təkcə yerli oxucular deyil, həm də dünya kitab sənayesinin oyunçuları üçün önəmli görüş nöqtəsinə çevrilib. Bu il iştirakçı ölkələrin və tədbirlərin sayının artması isə Azərbaycanın mədəniyyətlərarası dialoq və ədəbiyyat mübadiləsində rolunu daha da gücləndirir.

“East China Normal University Press” stendində isə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Dinq Tao ilə söhbət etdik:

– Sərgidə ailə və milli-mənəvi dəyərləri əks etdirən kitabların gənclərin diqqətini çəkməsi vacibdir. Ailə və ənənələr haqqında kitablar gənclərə köklərini xatırladır, milli-mədəni dəyərləri anlamağa yardım edir. Ölkəmin Azərbaycanla sosial sahədə fikirlərinin üst-üstə düşdüyü məsələlərdən biri də ailə və milli dəyərlər mövzusudur.

Azərbyacan Prezidenti İlham Əliyev tez-tez Çin mediasına müsahibə verəndə, eləcə də çinli rəsmilərlə görüşəndə bildirir ki, Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır və bu, bizim ən böyük sərvətlərimizdən biridir. Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub. Bizim ölkədə, Çində də belədir. Bizdə “Ailə təhsili” haqqında qanun var ki, bu qanun ailə dəyərlərinin qorunmasını, uşaqların tərbiyəsini və nəsillərarası əlaqələrin gücləndirilməsini nəzərdə tutur.

Düşünürəm ki, gənclərin kitaba marağını artırmaqla, eyni zamanda mədəniyyətimizi və ənənələrimizi gələcək nəsillərə ötürə bilərik. Bu sərgi maarifləndirici və milli ruhu gücləndirici platformadır. Gənclərin oxumağa həvəsi bizim mədəni irsimizin davamı üçün ümidvericidir.

Sərgi həm də kitab sənayesinin müxtəlif sahələrini təmsil edən nəşriyyatçılar, agentliklər, yazıçılar və tərcüməçilər üçün beynəlxalq əməkdaşlıq platforması rolunu oynayır. Bu isə yerli kitab bazarının inkişafına, yeni layihələrin yaranmasına və Azərbaycan ədəbiyyatının dünyada daha geniş tanıdılmasına şərait yaradır.

VI sinif şagirdi Süleyman Hidayətov dedi ki, sərgidə dünyanın başqa ölkələrindən gətirilmiş kitabları görmək çox maraqlı idi. Hər kitabın üz qabığı məni başqa dünyaya aparırdı. Ən çox xoşuma gələn macəra kitabları oldu. Kitabların çoxluğu məni həm sevindirdi, həm də seçim etməkdə çətinlik yaratdı. Başa düşdüm ki, kitab oxumaq insanı daha ağıllı edir. Sərgidən çıxanda özümə söz verdim ki, hər gün kitab oxuyacağam. Mənim üçün bu gün ən gözəl günlərdən biri oldu.

Burada könüllü satıcılarla da həmsöhbət olduq. “Qanun” Nəşriyyatının stendində Tahirə Məmmədova fikirlərini bizimlə bölüşdü:

– Sərgiyə əsasən gənc nəsil gəlir, qocalar isə çox azdır. Uşaqlar və yeniyetmələr kitabları seçir, üz qabıqlarına heyran qalırlar. Ən çox macəra və fantaziya kitablarına maraq göstərirlər. Sərgidə 200-ə yaxın yerli və xarici nəşriyyat iştirak edir. Mən iştirakçılara “Qanun” nəşrinin kitablarını təqdim edirəm. Onlar hansı kitabın daha maraqlı olduğunu soruşur, bəziləri müəlliflərin imzasını almağa çalışırlar. Sərgi onların kitaba marağını artırır, bu,çox sevindirici haldır.

Son illər gənclərin fəlsəfi və psixoloji kitablara marağı da artıb. İnsanlar özlərini daha yaxşı tanımaq, həyatlarını dəyişmək üçün ədəbiyyata müraciət edirlər. Digər tərəfdən, uşaqlar üçün nağıllara və maarifləndirici kitablara da böyük tələbat var. Mənə görə ən xoşbəxt an, valideynin övladına kitab almasıdır. Çünki uşaqlar kitabla böyüsə, gələcək daha işıqlı olar.

Sərginin xüsusi məqamlarından biri də fəxri qonaq ölkənin Qətər dövləti olmasıdır. Qətər sərgiyə dövlət rəsmiləri, elm və ədəbiyyat xadimləri, həmçinin incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti ilə qatılıb. Bu, yalnız iki ölkə arasında mədəni əməkdaşlığın təzahürü deyil, eyni zamanda Azərbaycan oxucuları üçün Qətər mədəniyyətini daha yaxından tanımaq imkanıdır.

Sərginin Beynəlxalq salonunda təşkil olunan Qətər ekspozisiyası həm ənənəvi mədəni irsi, həm də müasir ədəbiyyat nümunələrini əks etdirir. Burada ziyarətçilər Qətərin zəngin tarixi köklərini, ədəbiyyat və incəsənət sahəsində əldə etdiyi nailiyyətləri, eləcə də çağdaş yazıçıların bədii əsərlərini kəşf edirlər.

Qətərin fəxri qonaq kimi iştirakı Bakı Beynəlxalq Kitab Sərgisinin miqyasını daha da genişləndirir, sərgini yalnız kitab mübadiləsi meydanına deyil, həm də mədəniyyətlərarası dialoq və dostluq platformasına çevirir.

Bir həftə davam edəcək sərgi həm oxucular, həm müəlliflər, həm də kitab sənayesinin nümayəndələri üçün yaddaqalan anlar və yeni imkanlar vəd edir.

Ləman TƏHMƏZ
XQ

Mədəniyyət