Dünyanın ən tənha ağacının kədərli hekayəsi

post-img

Səhranın ortasında – üfüqlə torpağın bir-birinə qarışdığı, insanın səsi belə qum dənələrinin arasında itib-batdığı məkanda illərlə tək dayanmış bir ağac var idi. Bu, dünyanın ən təcrid olunmuş ağacı sayılan Tenere akasiyası idi. O, Nigerin şimal-şərqində, Tenere səhrasında bitmişdi və ən yaxın digər ağac düz 400 kilometr uzaqlıqda yerləşirdi. Minlərlə kvadrat kilometr boyunca yalnız qum, yandırıcı günəş və külək var idi. Bu mənzərədə akasiya, sadəcə, ağac deyil, həyatın inadkar mövcudluğunun simvolu sayılırdı.

Alimlərin araşdırmalarına görə, akasiyanın kökləri 30 metrdən artıq dərinliyə enərək yeraltı su qatına çatmışdı. Bu fakt onun təsadüfi şəkildə deyil, min illər əvvəl daha rütubətli olmuş iqlimin yadigarı kimi sağ qaldığını göstərirdi. Bir vaxtlar Sahara bugünkü qədər amansız deyildi. Burada göllər, otlaqlar, insan məskənləri mövcud olmuşdu. İqlim dəyişdikcə həyat geri çəkildi, amma bu akasiya səhranın ortasında möcüzə kimi qalmağa davam etdi.

XX əsrdə fransız hərbi xəritəçiləri bu ağacı rəsmi xəritələrdə ayrıca nişan kimi qeyd etmişdilər. O, səhradan keçən karvanlar üçün canlı kompas rolunu oynayırdı. Duz və digər məhsullar daşıyan köçərilər üçün bu tənha akasiya istiqamət nöqtəsi idi. Səhrada bir ağac – bəzən bir insanın həyatını xilas edən yeganə orientir demək idi.

Bu hekayənin sonu isə təbiətin sərtliyi ilə deyil, insan ehtiyatsızlığı ilə yazıldı. 1973-cü ildə liviyalı bir yük maşını sürücüsü səhranın tam ortasında məhz bu ağaca çırpıldı. Şayiələrə görə, sürücü sərxoş olmuşdu. Sonsuz boşluqda tək dayanan ağacı tapıb ona çırpılmaq belə absurd səslənir. Lakin yüz illərlə küləyə, qum fırtınalarına və 50 dərəcəni keçən istiyə tab gətirən akasiya ağacı insanın bir anlıq məsuliyyətsizliyi qarşısında məhv oldu.

Ağacın qalıqları paytaxt Niameydə yerləşən Niger Milli Muzeyinə aparıldı və bu gün də orada qorunur. Onun yerində isə metal konstruksiyadan hazırlanmış, ağacı xatırladan abidə ucaldılıb. Bu metal siluet səhrada artıq kölgə salmasa da, bir simvol kimi yaşayır – həm təbiətin dözümünün, həm də insanın məsuliyyətinin xatırladılması kimi.

Tenere akasiyası artıq yoxdur, amma onun hekayəsi qalır. Bu, səhranın ortasında tək dayanmış bir ağacın deyil, bəşəriyyətin təbiətlə münasibətinin hekayəsidir. Təbiət min illərlə yaşaya bilər, lakin insanın bir səhvi bəzən yüzilliklərin möcüzəsini bir anın içində yox edə bilir.

Hazırladı:

S.ELAY

XQ



Maraqlı