İngiltərənin "Nyukasl" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ"la matçdan öncə azarkeşlərdən Azərbaycan mədəniyyətinə diqqətli yanaşmağı tövsiyə edib.
XQ xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda azarkeşlər üçün vacib olan səfər, təhlükəsizlik və davranış qaydaları əksini tapıb:
"Azərbaycana səfər edənlərin etibarlı pasportu olmalı və əvvəlcədən viza almalıdırlar. Viza prosesi üçün bir həftə vaxt ayrılması və səyahət sığortasının əldə edilməsi lazımdır. Ölkənin rəsmi valyutası manatdır. Bakıda kart və təmassız ödənişlərdən geniş istifadə olunur, həmçinin bankomatlar mövcuddur. Hava limanından şəhər mərkəzinə taksi və ya birbaşa avtobus xidməti ilə getmək mümkündür. Metro səhər saat 06:00-dan gecə 00:00-dək fəaliyyət göstərir və istifadə üçün kart lazımdır".
"Nyukasl"ın azarkeşlərinin "Gənclik" metro stansiyasından istifadə etmələri və stadionun "B" qapısına (Gate B) yönəlmələri xahiş olunur:
"Girişdə stüardlar və polis tərəfindən yoxlanışlar aparılacaq, stadion ərazisində hərbi qulluqçular olacaq. Stadiona A4 ölçüsündən böyük çantalar, çətirlər, həmçinin pirotexnik vasitələr, vuvuzelalar buraxılmayacaq. Bayraqlar 1,5m x 2m ölçüsündən böyük olmamalı və siyasi şüarlar ehtiva etməməlidir. Stadion daxilində qəlyanaltılar və içkilər (o cümlədən pivə) satılacaq. Kənardan spirtli içki gətirmək qadağandır".
Ramazan ayının başlayacağı və fevralın 18-dən orucluğun start götürəcəyi və ingiltərəli azarkeşlərdən buna, həmçinin yerli mədəniyyətə hörmətlə yanaşmaları tövsiyə olunub. Şəhidlər Xiyabanı kimi tarixi və mühüm məkanlarda davranışlara xüsusi diqqət yetirilməsi, hörmətsizlik edilməməsi barədə də xəbərdarlıq olunub.
Matç bitdikdən sonra isə "Nyukasl" azarkeşlərinin təhlükəsizlik məqsədilə 30 dəqiqə tribunada saxlanılacağı bildirilib.
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" oyunu fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

