Azərbaycanda bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən özəl sektorun formalaşması və inkişafında ulu öndər Heydər Əliyevin rolu, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılıb, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik bazası və dəstək alətləri müasir çağırışlar əsasında təkmilləşdirilib, sahibkar-dövlət münasibətləri sürətlə inkişaf edib. Qarşıdakı dövrdə də sahibkarlığın inkişafı, biznesin stimullaşdırılması məqsədilə tədbirlərin davam etdirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.
Ötən müddətdə respublikamızda kiçik və orta biznesin inkişafı, bu sahənin iqtisadiyyatda rolunun artırılması da prioritet istiqamətlər kimi diqqətdə saxlanılıb. Prezident İlham Əliyevin çıxışlarında hər zaman bir sıra iqtisadi məsələlərin həllinin, o cümlədən biznes mühitinin yaxşılaşdırılmasının gündəlikdə durduğu qeyd edilib.
Hazırda ölkədə inkişafın əsas qüvvəsi sahibkar olduğundan, dövlət bütün qüvvəsini və resurslarını rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin dəstəklənməsinə, eyni zamanda, biznes şəraitinin daha da yaxşılaşmasına yönəldir. Bu model biznesin inkişafını, bu sahədə yalnız bacarıqların bütün sahələrdə uğurun fundamental şərti olacağını diqtə edir.
Ökədə biznesin inkişafını dəstəkləyən infrastrukturun yaradılması, kiçik və orta biznesin müxtəlif sənaye parkları və məhəllələrinin, turizm və rekreasiya zonalarının fəaliyyətinə cəlbinin sürətləndirilməsi, eyni zamanda, istehsal olunan məhsul və xidmətlərin xarici bazarlara ixracının stimullaşdırılacağı istiqamətlərində layihələr də uğurla gerçəkləşdirilir.
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda mikro, kiçik və orta biznesin inkişafı istiqamətində müxtəlif dəstək mexanizmləri ilə məqsədyönlü fəaliyyət göstərir. İqtisadiyyat naziri Mikayıl Cabbarov bununla bağlı “Tvitter” səhifəsində verdiyi məlumatda biznesin qurulması və inkişafına, innovativ ideyaların reallaşdırılmasına dəstək istiqamətində agentliyin fəaliyyətini yüksək dəyərləndirir.
Qeyd edək ki, respublikamızda mikro, kiçik və orta sahibkarlıq sahəsində idarəçiliyin müasir tələblərə uyğunlaşdırılması, kiçik və orta biznes sektorunun inkişafının dəstəklənməsi və ölkə iqtisadiyyatında rolunun artırılması KOBİA-nın başlıca fəaliyyət istiqamətləridir. Agentliyin yaydığı məlumata əsasən, 2018-2021-ci illər üzrə kiçik və orta biznes subyektlərinin sayı 45 faiz artaraq 360 minə yaxın olub. Azərbaycanda bu cür qurumların 97,3 faizi mikro, 1,9 faizi kiçik və 0,8 faizi orta sahibkarlıq subyekti kimi qeydə alınıb.
Yeri gəlmişkən, hazırda dünyada mikro, kiçik və orta sahibkarlıq subyektlərinin yaradılması və inkişafına xüsusi diqqət yetirilir. Bu məsələ iqtisadiyyatın tərəqqisində, şaxələnməsində prioritet istiqamət hesab edilir. Dünya üzrə şirkətlərin təqribən 90 faizinin mikro, kiçik və orta biznes subyektləri olması da bunun bariz ifadəsidir. Ümumiyyətlə, həmin sahibkarlıq subyektlərinin təqribən 60-70 faizi dünyada məşğulluğun təmin edilməsində önəmli rol oynayır və ümumi daxili məhsulun (ÜDM) 50 faizi həmin qurumlar tərəfindən təmin olunur.
Kiçik və orta biznes subyektləri iqtisadi artımın və sosial inkişafın mühərrikləri hesab olunur. Onların dayanıqlı və davamlı inkişafa, məşğulluğun təmin edilməsinə, yoxsulluğun azaldılmasına, sahibkarlığın və innovasiyaların stimullaşdırılmasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına verdiyi töhfə yüksək dəyərləndirilir. Bax, elə buna görə də, BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən, 2017-ci ildən etibarən hər il iyunun 27-si dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günü kimi qeyd edilir. Məqsəd kiçik və orta biznes subyektlərinin davamlı inkişafa və iqtisadiyyata verdiyi töhfələr barədə ictimaiyyəti daha geniş məlumatlandırmaqdır.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da kiçik və orta biznes subyektləri iqtisadiyyatın hərəkətverici qüvvəsi, dayanıqlı və davamlı inkişafın açarıdır.
KOBİA-nın məlumatında bildirilir ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiq olunub. Bu meyarlara əsasən, mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatadək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkarın isə işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında dəyişir.
Azərbaycanda sahibkarların 99 faizdən çoxunu kiçik və orta sahibkarlıq subyektləri təşkil edir. Fəaliyyətdə olan həmin subyektlərinin 97,3 faizi mikro, 1,9 faizi kiçik və 0,8 faizi orta sahibkarlıq subyektləridir. Ölkəmizdə kiçik və orta sahibkarlıq subyektləri əsasən ticarət, kənd təsərrürfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərirlər.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-2021-ci illər üzrə kiçik və orta sahibkarlıq subyektlərinin sayı 45 faiz artaraq 360 minə yaxın olub. Bu dövr ərzində onların qeyri-neft ÜDM-də payı 23,5 faizdən 26,6 faizə yüksəlib. 2021-ci illə müqayisədə 2022-ci ildə həmin subyektlər üzrə dövriyyə 19 faiz, daxilolmalar 61 faiz artıb, 4600-dən çox kişik və orta sahibkarlıq subyektinin meyarı böyüyüb.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanan ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasında kiçik və orta sahibkarlığın ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsi strateji hədəflərdən biri olaraq müəyyənləşdirilib. Ölkəmizdə sahibkarlar, o cümlədən kiçik və orta biznes subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunublar. KOBİA KOB sektorunun tənzimlənməsi, biznesə dövlət xidmətlərinin göstərilməsinin yaxşılaşdırılması, KOB maraqlarının müdafiəsi, onların bilik və innovasiyalara, bazarlara və maliyyəyə çıxışının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir, KOB-lara bir sıra dəstək və xidmətlər təqdim edir.
İndiyədək KOBİA-nın KOB inkişaf mərkəzləri tərəfindən KOB-ların biznes biliklərinin artırılması üçün ödənişsiz olaraq təqribən 40 minə qədər KOB subyektinin faydalandığı 3 mindən çox təlim keçirilib, 5500-dək sahibkarın yararlandığı məsləhət xidməti göstərilib, 800-ə yaxın KOB subyekti üçün ödənişsiz biznes plan hazırlanıb. Biznesə başlamaq və mövcud fəaliyyətin genişləndirilməsində önəmi nəzərə alınaraq sahibkarların müraciəti əsasında 21, agentlyin təşəbbüsü ilə isə 26 daxili bazar araşdırması aparılıb.
KOB-ların rəqəmsallaşması və innovativ ideyalarının dəstəklənməsi üçün KOBİA tərəfindən 100-ə yaxın “Startap” şəhadətnaməsi verilib ki, bu sənəd onları 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edib.
Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert
Bu gün Azərbaycan hökuməti qeyri-neft sektorunu dinamik inkişaf etdirməyi, bu sahəyə investisiya qoyuluşunu artırmağı qarşıya prioritet vəzifə kimi qoyub. Məhz bunun nəticəsidir ki, 2016-2022-ci illər ərzində 470-dən çox sahibkarlıq subyektinə 570-dən artıq investisiya təşviqi sənədi verilib, sahibkarların həyata keçirdikləri layihələr nəticəsində 5,5 milyard manatdan çox investisiya yatırılıb, 38 minədək yeni iş yeri yaradılıb.
Kiçik və orta biznes strukturlarının maliyyə imkanlarının yaxşılaşdırılmasına dəstək məqsədilə onların təhsil, elm-tədqiqat və dəstək istiqamətlərində layihələrinin maliyyələşdirilməsi mexanizmi çərçivəsində indiyədək 39 bu cür subyektlərə 750 min manatdan çox qrant vəsaiti verilib. Bütün bunlarla bərabər, kiçik və orta biznes strukturlarının ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində 25 sahibkarın məhsullarının müxtəlif ticarət şəbəkələrində satışı təmin olunub.
Sahibkarlara vahid məkanda dövlət-biznes və biznes-biznes xidmətlərinin göstərildiyi “kiçik və orta biznes evləri”nin sayı üçə çatıb, bu mərkəzlərdə biznes subyektlərinə göstərilən xidmətlərin sayı isə 300 mini keçib. Bugünədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlardan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 1500-ə yaxın müraciət daxil olub ki, onlardan 70 faizə yaxını yerli biznes subyektlərinin müraciətləridir.
Azərbaycan Prezidenti tərəfindən 2 dekabr 2022-ci il tarixində təsdiq edilən “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanunda kiçik və orta biznes subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqi forma və metodları müəyyənləşdirilib.
V.BAYRAMOV, “Xalq qəzeti”