Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başa çatıb YENİLƏNİB

post-img

İyunun 26-da paytaxt Bakının müxtəlif mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilib.

AZƏRTAC xəbər verir ki, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə keçirilən yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra isə hərbçilərin beş marşrut üzrə yürüşlərinə start verilib.

Şəxsi heyətin Bakıdakı yürüşləri beş istiqamətdə - Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi, Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metro stansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli, Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti, Nəriman Nərimanov heykəli - Mərkəzi park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi marşrutları üzrə təşkil edilib.

Bununla yanaşı, vətəndaşlar Gəncə şəhərində Nizami Gəncəvi küçəsi (Bayraq meydanının qarşısı) - Heydər Əliyev küçəsi - Sabir küçəsi - Atatürk küçəsi marşrutu üzrə, Xankəndi və Laçın şəhərlərinin isə mərkəzi küçə və prospektlərində yürüşləri izləmək şansı əldə ediblər.

Hərbi qulluqçularımızın yürüşləri vətəndaşlara qürurlu və maraqlı anlar bəxş edib.

Yürüşləri nəvəsi ilə birgə izləyən paytaxt sakini Oqtay Nəbiyev AZƏRTAC-a müsahibəsində gələcək nəslə kiçik yaşlarından vətənpərvərlik ruhunun aşılanmasının vacib olduğunu bildirərək deyib: "Mən hər il Silahlı Qüvvələrimizin qürurla addımladığı yürüşləri izləyənlər arasında oluram. Bu il ilk dəfə idi ki, nəvəmi də özümlə gətirdim. Düşünürəm ki, uşaqların, gənclərin Vətənə olan sevgisini, bağlılığını artırmağa yönəlmiş fəaliyyətlər önəmlidir. Ölkəmizdə bu istiqamətdə aparılan islahatlar, həyata keçirilən tədbirlər nəticəsində biz ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda mübarizədə döyüşlərdə gənclərimizin göstərdikləri şücaətlərə şahidlik etdik. Mən də nəvəmi Vətən, torpaq təəssübkeşi kimi böyütmək üçün ömrüm yetdiyi qədər onu bu cür tədbirlərin ən fəal iştirakçısına çevirəcəyəm.

Qalib Orduya malik dövlətin, xalqın bir nümayəndəsi hərbi qulluqçularımızla qürur duyur, Silahlı Qüvvələrimizin hər bir mənsubunu təbrik edirəm".

Yürüşə qoşulan gənc Rəsul İmanov hərbi qulluqçularımızla birgə sonadək addımlayıb. Əlində tutduğu üçrəngli Bayrağımızla marşrutu başa vuran paytaxt sakini təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb: "Artıq bir neçə ildir ki, biz bu cür yürüşlərdə hərbi qulluqçularımızın daha inamlı addımlarına şahid oluruq. Biz torpaqlarımızı şəhidlərimizin, qazilərimizin fədakarlığı sayəsində azad etdik. Hər addım atdıqca şəhidlərimizin də bizimlə birgə yürüşdə iştirak etdiklərini hiss edirdim. Əminəm ki, onlar Vətən səmasından dinclik tapan ruhları ilə bizi fərəhlə izləyirlər. Torpaqlarımızın bütövlüyü naminə mübarizədə canlarından keçən qəhrəmanların ruhu qarşısında baş əyir, onların əziz xatirəsini dərin hörmət və ehtiramla anıram. Bu gün yürüşü izləməyin qürurunu yaşadığım üçün çox xoşbəxtəm. Ən böyük arzularımdan biri gələcəkdə qalib Ordunun bir mənsubu kimi şəhidlərimizin bizə əmanət qoyub getdiyi Vətənimizin, torpaqlarımızın keşiyini çəkməkdir. Silahlı Qüvvələrimizin hər bir mənsubu ilə fəxr edir, onlara bundan sonra da layiqli xidmət arzulayıram".

Ordu